Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim

Samirə ƏŞRƏF

Müasir dövrün tələbləri, onun gətirdiyi şərtlər bəzən o qədər ağır olur ki, necə reaksiya verəcəyini, hansı yanaşmanı sərgiləməli olacağını müəyyənləşdirə bilmirsən. Hər şeyin əlçatan olduğu zamanda duyğuların korşalması, ətrafda baş verən ən amansız hadisələrə belə etinasız münasibət çox vaxt adamın özünü çimdikləməyə, hisslərə reaksiyasını yoxlamağa məcbur edir.

Hər gün rastlaşdığın on altı illik qapı qonşun dünyasını dəyişir və sən bu xəbəri eşidəndə ən uzağı bir dəqiqəlik təəccüblənəndən sonra ardınca heç bir göz yaşı, təəssüf yaşamırsansa, deməli ətrafımızda nə isə çox vahiməli işlər baş verir.

Lakin təkcə ölümdürmü bizi bu kimi imtahana çəkən? Xeyr.

Xəbər saytlarında elə gün olmur ki, qətl, zorlanma, oğurluq və digər amansız xəbərlərə şahid olmayaq.

Bütün bu kimi xəbərlərin yanından yavaşca heç özümüzün də xəbərimiz olmadan sürüşüb keçirik.

Cəmiyyət olaraq bu xəbərlər bizi silkələmir. Öyrəşmişik.
Oğulun ananı, ananın oğulu öldürməsi, ərin arvadını güllələməsi, əminin qardaşı qızını zorlaması kimi xəbərlərə artıq qulağımız da, gözümüz də öyrəşib.

Ötən gün Lerikdə 15 yaşlı şagirdini hamilə qoyan müəllimə – 60 yaşlı Şəfahət Məmmədova 1 il həbs cəzası verilməsi xəbəri də əslində bu qəbildəndir.

Ayda iki-üç dəfə bu tip xəbərlər oxuyuruq. Ani təəssüf hissi keçirib yolumuza davam edirik.

Lakin, burada çox incə bir məqam var ki, o da cümlənin sonundakı 1 il sözüdür.

Xəbərin içərisinə göz gəzdirəndə görürsən ki, baş vermiş hadisə həm hadisə, həm də nəticə etibarı ilə çox amansızdır.

Bir azyaşlı qızın həyatı ömürlük məhv olub. Hələ onun ailəsinin, qohum əqrəbasının yaşadığı, bundan sonra qazanacağı təhər-töhməti demirəm.

Bütün bunlardan sonra isə bu məsələnin baiskarı altmış yaşlı “ağsaqqal”, üstəlik müəllim heç nə olmamış kimi 1 il iş alıb. Yəni azadlıqdan məhrum edilib. Təsəvvür edirsinizmi, azyaşlı bir qızı həm mənəvi, həm də fiziki təcavüzə məruz qoyan, onu dünyada hələ nə var nə yox bilmədiyi bir məqamda hamilə qoyan bir adama sıradan bir vaxt, azadlıq məhdudiyyəti təyin olunur.

Bu qərar qəbul olunan zaman hansı məqamların nəzərə alındığını deyə bilmərəm. Amma misal üçün cinayətin tərkibində iki cavanın bir-birinin sevmə faktı olsaydı, düşünmək olardı ki, gənclər sevgi üzərindən yola çıxaraq bu cür qələt qarışdırıblar.

Amma yazdığımız kimi zərərçəkmişlə “müəllim”in arasında nə az, nə çox 45 yaş fərq var. İnsanların valideynindən sonra müqəddəs varlıq kimi baxdığı peşənin nümayəndəsidir.

Onu da nəzərə alaq ki, bizim mental dəyərlərimizin vazkeçilməz qaydalarından biri də şagirdin müəllimə qarşı təslimiyyət mövqeyində tərbiyə olunmasıdır. Biz, valideynlərimiz, eləcə də onların valideynləri hər zaman uşaqlarını dərsə yola salarkən bu sözləri israf edirlər: Müəllimin sözündən çıxma, müəlliminə qulaq as, müəllimini incitmə və.s.

Və bu kimi sözlərdən, öyüd nəsihətdən yaranan təslimçilik bəzən belə hadisələrin baş verməsinə səbəb olur. Uşaq müəlliminə inanır, onu sevir, hətta hərdən ona pərəstiş də edir. Nəticə isə bu inamın qəddarcasına qırılmasına, vəhşicəsinə məhv olmasına gətirib çıxarır.

Cəmiyyətin əsas aparıcı hissəsi olan təhsildə bu cür yaraların açılması bir çox xoşagəlməz halların xəbərçisdir.

Nəticə etibarı ilə ümid edirik ki, bu kimi hadisələrə adiyyatı orqanlar düzgün qiymət verəcək, bir il kimi gülməli və absurd rəqəmi bir də nəzərdən keçirəcəklər. Əks halda həmin altmış yaşlı müəllimin sabah azadlığa çıxıb daha neçə fidanı korlamayacağına heç kim zəmanət vemir.

Share: