“Özünü əsl kapitan kimi apardı” — Rəşad Sadıqov

“Özünü əsl kapitan kimi apardı” — Rəşad Sadıqov

“Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox vacib qələbə qazandıq. Birinci dövrədəki çıxışlarına görə oyunçularımı təbrik edirəm. Bizim üçün uğurlu başlanğıcdır. 9 oyuna 19 xal yaxşıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Turan Tovuz” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.

O, “Turan-Tovuz”la oyuna hazırlaşmağın çətin olduğunu bildirib: “Onlara qarşı uğurlu oyun planı cızmaq çətindir. Ayxan Abbasov savadlıdır. Çempionatımız gərgin və maraqlı keçir. Heç kim oyunun sonuna qədər təslim olmur. Bu gün də elə oyunlardan biri oldu. Rəqibin ikinci hissənin ortalarından sonra oyununda inkişaf göz qabağında idi. Əks-hücumlarımız var idi. Amma təəssüflər ki, alınmadı. Nəticə bizim üçün sərfəlidir. Çox vacib qələbədir. Bundan sonrakı dövrələrdə də uğurlu çıxışa davam etmək istəyirik”.

Sadıqov komandasının ilk dövrədəki üstünlükləri və çatışmazlıqları barədə bunları söyləyib: “Komanda yaxşı xarakter nümayiş etdirir. Bəzi oyunları çıxmaq şərtilə, futbolçularımın peşəkarlığından və xarakterindən razıyam. Etibarlı oynayırıq. Rəqiblər də bizi təhlil edir. Hücum potensialımızı artırmalıyıq. Fürsətlərdən yaxşı istifadə etməliyik. Bunların hamısını anlayışla qarşılayıram. Bir çox futbolçular keçmişdə böyük klublarda, stabil çıxış etməyən futbolçulardır. Onlardakı gərginlik normaldır. Özümüz də bilirik ki, hansı futbolçulara güvənirik. Sadəcə zaman lazımdır ki, özlərinə güvənsinlər, uyğunlaşsınlar. Birinci yerdə olmağımız da komandaya əlavə təzyiq yaradır. Yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq”.

“Zirə”nin çalışdırıcısı Rüstəm Əhmədzadənin çıxışını belə dəyərləndirib: “Bugünkü oyuna görə qiymət veririksə, Rüstəm ən yaxşı oyunçumuzdur. Toplu və topsuz çox yaxşı idi. Ondan çox razı qaldım. Belə davam edərsə, potensialını tam açacaq”.

“Sanki keçənilk ssenari təkrarlanır, ötən mövsüm Sərtan Taşqın, bu mövsüm Qismət Alıyev bombardirdir…” sualını R.Sadıqov belə cavablandırıb: “Hücumçulara diqqət daha böyük olur, müdafiəçilər onlara daha yaxın dayanır. Müdafiəçilər isə daha avantajlıdır. Buraxdığımız qoldan sonra Qismət yəqin özünü günahlandırırdı. Bundan sonra qol vurmaq xarakter tələb edir. O, özünü əsl kapitan kimi apardı. Buraxılan qoldan məyus olmadı, qələbə qolunu vurdu”.

Sadıqov lider olmalarına baxmayaraq, çempionluq barədə düşünmədiklərini qeyd edib: “İndi qarşımıza hansısa fərdi nəticə qoymaq ancaq zərərimizə işləyər. Çempionatda çempionluğa oynayan komandalar var. Amma bizim əsas hədəfimiz mümkün qədər yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Rəhbərlik qarşımıza hədəf qoyub ki, Konfrans Liqasına gedək. Bu, kubokdan da ola bilər, birinci yerlə də, üçüncü yerlə də. Belə şey yoxdur ki, mütləq çempion olmalıyıq ya, ikinci. Hər oyuna yaxşı hazırlaşıb, yüksək yerlər uğrunda mübarizə aparırıq”.


Share: