Özünü ifadə etmək – Mina RƏŞİD yazdı

Özünü ifadə etmək – Mina RƏŞİD yazdı

İkinci Vətən Müharibəsi 2020-ci ili tariximizə öz möhtəşəmliyi – QƏLƏBƏ ili kimi qızıl hərflərlə yazdı. Sevincimiz elə bir həddə çatdı ki, hərə onu bir cürə, istədiyi və bacardığı kimi ifadə etməyə çalışdı.

Şeirə, ədəbiyyata soyuq yanaşan, ona ağzını büzən birinin şəhidlərə şeir yazdığını eşitdim və dinlədim. Doğrudan da təəccübləndim, çox təsirli yazmışdı… Yenə də, ədəbiyyatdan uzaq olan neçə adamın bu dönəmdə şeir yazdığını eşitdim. Rəsm çəkənlər də oldu. Yataqxanada yaşayanların bəziləri evinin, sonra dəhlizin divarlarını Azərbaycan bayrağı, igid əsgərlərimizin rəsmləri ilə bəzədilər. Sonra həmin adamların yeni il yolkasını da, bayrağımız kimi üçrəngli bəzəyib başındakı ulduz yerinə  bayrağımızı sancdığını gördüm. Bu möhtəşəm QƏLƏBƏ eşqinə sevincindən biri çalıb-oynadı, biri nəğmə oxudu. İnsanların xasiyyət və xarakterləri özünü göstərdi. Kimsə başqasının sanki, sevincini qısqandı. Amma onlar çox olmadı, seldə bircə damcı kimi axıb getdilər. Bəs çalıb-oynayıb sonra hönkür-hönkür ağlamaq necə? Bu yerdə şair Salam Sarvanın Ali Baş Komandana yazdığı şeirindən olan bir hissəni xatırladıram:

İndi hamıdan dərin sən duyursan bu dərdi,

Hamıdan aydın sən eşidirsən tarixin bu pıçıltısını:

Vətən sevinc deyil, Vətən kədərdi…

Bəli, bu kədəri şeirində S.Sarvan görün necə ifadə edib:

Duruşundakı qətiyyətə həm də şəhid qardaşlarına görə

qarışan qəm yandırır adamı.

Amma axı gözəldi:

Torpağın ən şirin vaxtında elə ölümlər var ki,

yaşadığına görə utandırır adamı.

Torpaqlarımız bir-bir düşməndən azad edildikcə həmin yerin sakinləri sevincdən özlərinə yer tapa bilmədilər. O anda radionu dinləyirdim. Aparıcı yurdu işğaldan azad edilmiş insanlara yaxınlaşır. Və onların sevincini paylaşmağa çalışır. Bir xanım deyir ki, mən sevincimi şeirlə ifadə etmək istəyirəm. Aparıcı o qədər “arif”di ki, deyir yox e, şeir olmaz, gərək sözlə deyəsən. Sanki belə bir vaxtda xanım “Xoruz” şeiri söyləyəcəkdi, aparıcı niyə şeirdən qaçırdı elə, orasını bilmədim. Halbuki kimsə öz yurduna qovuşduğunu, bu böyük sevincini şeirlə, qanadlı misralarla daha ürəklə paylaşmaq istəyirdi. Amma öz işindən xəbərsizin biri ona imkan vermədi… Bir də, şeir, bayatı, nəğmə axı bizim qanımızda, ruhumuzdadı. Bizə tariximizdən ərmağan deyilmi qılıncla qələm və ya qılıncla qopuzun birliyi:

Düşmənin sonu görünər,

Haqqın divanı qurular.

Qələmlə fərman yazılar

Qılıncla başlar vurular.

Sonra Şuşanın işğaldan azad olması xəbəri qəlbimizin səmasına fişəng kimi atılır. Bir kanalda türk qardaşımızın, aparıcının bizim sevincimizə şərik olmasını və paylaşmasını görürük. Yaxınlaşdığı adamlara bizim doğma şeirimizdən bir misra ilə xitab edir:

-Ayrılarmı könül candan?

Sevincdən havalara uçan bizlər -“Azərbaycan, Azərbaycan!” – deyə az qala aparıcını bağrımıza basırıq…

Hər kəs özünü bir cürə ifadə edir. Elə gözəl səsi olan müğənni var ki, sanki danışmağa ərinir. Sözlər dilindən düşüb itir elə bil. Eləsi də var ki, heç səsi yoxdu. Amma nəinki musiqi, bütün sahələrdən professor kimi danışır. Belə yazarlar da var. Ömründə nəsə bir-iki yazı yazıb, ya yox, amma bülbül kimi danışır, efirdən düşmür, hamıya istedad dərsi keçir.

Hərə özünü bir cürə ifadə edir…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: