Pəhləvanlar pəhləvanı və ya CGM-nin banisi Ərəbxan Hətəmov…

Pəhləvanlar pəhləvanı və ya CGM-nin banisi Ərəbxan Hətəmov…

Azərbaycan Respublikasının ayrılmaz parçası sayılan qədim Muğan ellərində yerləşmiş doğma Cəlilabad rayonu öz qədim və sirli tarixi, gözəl təbiəti və dəyərli insanları ilə yanaşı həm də, XX əsrin dördüncü rübündən etibarən Cənub bölgəsi və respublika səviyyəsində idmanın güləş növü sahəsində mövcud olan pəhləvanları və bu sahədə əldə edilən yüksək nəticələr və uğurlarla tanınır.

 

İdmanın güləş növü özünün milli və sadə tərzi ilə qədim zamanlardan etibarən xalqımız və ümumiyyətlə, türk milləti arasında mövcud olmuş, cəmiyyət arasında güləşçi kimi tanınan pəhləvanlar Novruz bayramı və digər el şənliklərində öz məharətlərini göstərmişlər. Əldə olan məlumatlara əsasən, hələ Sovetlər dönəmində (1973) rayonda “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinə aid Mərkəzi Stadion “Məhsul” Stadionu tikilib istifadəyə veriməzdən öncə rayonda idmanın güləş növü ilə həvəskarcasına məşğul olan bir neçə şəxs adla tanınırdı. Bu barədə Bəcrəvan kəndindən güləşçi Mamed, Privolnoye kəndindən kimya-biologiya üzrə müəllim işləyən güləşçi Absəməd müəllim, Göytəpədən Xanverdi müəllim, həmçinin, Cəlilabad şəhərindən İbadullah Təhməzov, Bəylər Təhməzov və s. kimi güləşçiləri göstərmək olar.
Həmin illərdə cəlilabadlı uşaqlar və yeniyetmələr də, indiki mərkəzi Bağ, Ət Hazırlıq Kombinatı (Ətlik), Qəbristanlıq, “MTS”in ətrafı və digər bu kimi yerlərlə öz həmyaşıdları ilə həvəskarcasına güləşir və öz güclərini sınayırdılar. Lakin Cəlilabad rayonunda güləş idman növünün texniki və elmi səviyyədə təsis, tədris və tərvic edilməsi məhz Cəlilabad Güləş Məktəbinin (CGM) ilk memarı və banisi, doğma diyarımız Cəlilabadda aslanlar, çempionlar və pəhlivanlar yetişdirmiş sərbəst güləş üzrə SSRİ İdman ustası, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi və Azərbaycan Respublikasının Əməkdar məşqçisi Ərəbxan müəllim Hətəmovun adı ilə bağlıdır.

Qısa təqdimat:
Hətəmov Ərəbxan Qiyasxan oğlu: 1951-ci ilin dekabr ayının 6-da Əlibayramlı (indiki Şirvan) rayonunun Qaracala kəndində anadan olub. Valideyni əslən Cənub bölgəsi və Yardımlı rayonundan olsalar da, bir müddət Əlibayramlı rayonunda yaşamış və Ərəbxan Hətəmov da, məhz həmin illərdə orada dünyaya göz açmışdır.
1967-ci ildən etibarən sərbəst güləşlə peşəkar səviyyədə məşğul olub. Onun ilk məşqçisi Azərbaycanın sərbəst güləş ustası və dəfələrlə SSRİ çempionu olmuş mərhum İbrahimpaşa Hüseyn oğlu Dadaşov (1926-1990) olmuşdur. 1975-ci ildə Cəlilabad rayonuna gələrək burada məskunlaşmışdır.
Ərəbxan müəllim müxtəlif illərdə ölkə çempionatının və silahlı qüvvələrin çempionu olmuş, “Dinamo Cəmiyyəti”nin SSRİ çempionatının gümüş mükafatçısı olmuşdur. SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi və Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi işçisidir. Qeyd etmək lazımdır ki, o, bir idman mütəxəssisi olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarı əsasında”Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adına layiq görülmüşdür. Evlidir, üç övladı və altı nəvəsi var.
O, 1976-cı ildə rəsmi fəaliyyətə başlamış Cəlilabad Güləş Məktəbində çalışaraq çoxsaylı pəhlivanlar və çempionlar yetişdirmiş və təqaüdə çıxana qədər həmin məktəbdə məşqçi-müəllim vəzəfəsində çalışmışdır. Onun yetirmələri müxtəlif illərdə ölkə çempionatında dəfələrlə qalıb olmuş, Sovetlər dönəmində Sovet İttifaqının çempionatları və beynəlxalq turnirlərdə yer tutmuş və mükafata layiq görülmüşlər.
Ərəbxan müəllimin yetirmələrindən olan Nurəddin İsmayılov 15 yaşında ikən sərbəst güləş üzrə Azərbaycan çempionu olmuşdur. Azərbaycan Respublikasının müstəqilliyindən sonra ölkəmizə ilk rəsmi medalı isə onun digər yetirməsi olan İlham Abbasov 1993-cü ildə Avropa çempionatında qazanmışdır. O, İstanbul şəhərində keçirilən Avropa çempionatında gümüş medala layiq görülmüşdür. Ümumiyyətlə, Cəlilabad, zona, respublika, sabiq SSRİ və dünya çempionatlarında sərbəst güləş üzrə ilklərə imza atmış və böyük nəticələr əldə etmiş SSRİ İdman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi Telman Quliyev, Şahin Həsənov, Seyidağa Eynullayev, Fəxrəddin Quliyev, Mir Adəm Qasımov, Afər Quliyev, Şahin Hüseynov, İlham Məmmədov, Xudu Həsənov, İlham Abbasov, Nurəddin İsmayılov, Ceyhun Ağamalıyev, Emin Əbülfətov, Zaur Abbasov və başqaları əsasən Ərəbxan müəllimin yetirmələri sayılırlar.
Səmimiyyət və ədalət prinsipini əsas tutaraq deyə bilərik ki, ötən əsrin 1975-ci illərindən bu günə kimi Cəlilabad rayonunda və ya Cəlilabaddan olarkən rayondan kənarda güləşin Sərbəst, Yunan-Roma, Milli, Sumo və s. növləri üzrə əldə edilən bütün uğurlu nəticələrdə Ərəbxan müəllimin ya bir-başa, ya da bir vasitə ilə rolu və zəhməti vardır. Son illər ərzində Yunan-Roma güləş növünün rayon, zona, respublika, dünya və Avropa səviyyəsində sərbəst güləşlə müqayisədə daha çox uğurlu nəticə əldə etməsində də, Ərəbxan müəllimin payı vardır. Heç şübhəsiz, Cəlilabad rayonunda Yunan-Roma güləş növünün ilk təməli SSRİ İdman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi mərhum Əlibala Səlimov tərəfindən qoyulmuş və beləliklə də, indiyədək bu sahədə SSRİ İdman ustası mərhum Əsgərağa Sadatov, mərhum Bayram Mösümov, Əlisəfa Səlimov, Mehrab Qurbanov, İlqar Verdiyev, Natiq Rzayev, Hətəm Məmmədov, Cavid Qurbanov və s. kimi digər çempionlar və bacarıqlı güləş müəllimləri yetişmişdir. Lakin unutmamalıyıq ki, mərhum Əlibala Səlimov həmin güləş növünü Ərəbxan müəllimin ilk öncə təsis etdiyi Cəlilabad Güləş Məktəbinin bazası və nəzdində yaratmış, həm də, Ərəbxan müəllimin köməkçsi kimi bu sahədə işləyərək pəhləvanlar yetişdirə bilmişdir. Odur ki, ötən əsrin 1975-ci illərindən bu günə və bu gündən sonadək idmanın güləş növünün istənilən sahəsi və fənni üzrə əldə edilən hər bir nəticə və uğurda Ərəbxan müəllim də, şərik sayılır. Çünki Cəlilabad rayonunda güləşin bütün növləri məhz Ərəbxan müəllimin yetirmələri və ya yetirmələrinin yetirmələri tərəfindən, həm də, onun təsis etdiyi Cəlilabad Güləş Məktəbinin bazasında inkişaf edərək öz müsbət nəticələrini göstərmiş və göstərməkdədir. Buna görə də, Cəlilabadda bütün güləşçilər məşğul olduqları güləş növündən asılı olmayaraq məhz Ərəbxan müəllimin ötən əsrin dördüncü rübündə açdığı bərəkətli süfrədə yer almışdır. Deməli, Ərəbxan müəllim Hətəmov Cəlilabad Güləş Məktəbinin (CGM) banisi olmaqla yanaşı, həm də Cəlilabadda güləş idman növü üzrə pəhləvanlar pəhləvanı və Cəlilabad Güləş Məktəbinin imperatoru sayılır…
Sonda Ulu Tanrıdan Ərəbxan müəllimə uzun, sağlam və mənalı ömür, ailə xoşbəxtliyi və davamlı uğurlar diləyirəm!

İlqar İsmayılzadə

ə (Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru,

“Qızıl Qələm” Media Mükafatı laureatı və Azərbaycan Jurnalistlər Birliyinin üzvü)
12.10.2024

Share: