Kulis.az DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Pərvinə İsmayılova ilə müsahibəni təqdim edir.
– Pərvinə xanım, bu il DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaranmasının bir ili tamam olur. İstərdim Mərkəzin yaranması barədə bir az danışaq…
– Oktyabr ayının 22-də bizim bir ilimiz tamam oldu. Cənab Prezident və Mehriban xanım Əliyevanın iştirakı ilə ötən il Mərkəzimizin açılışı olmuşdu. Mərkəzin yaranması isə birbaşa Mehriban xanımın özünün təşəbbüsüdür. Ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım buranı özü yaradıb və bizə hədiyyə etmişdir.
Bilirsiniz, qeyd etməliyəm ki, Azərbaycanda həssas əhali kateqoriyasından olan şəxslər arasında istedadlı uşaqlar hər zaman var idi. Sadəcə onlarla xüsusi məşğul olmayıblar. Əslində əlilliyi olan şəxslər üçün bu tip yaradıcılıq müəssisələri şəhərimizin bir çox yerlərində var. Orada əlilliyi olan şəxslərə təlimlər keçirilir və onların asudə vaxtları təşkil edilir. Bizim onlardan fərqimiz odur ki, bizdə keçirilən təlimlərə və həmin şəxslərin reabilitasiyasına yanaşma başqadır. Biz hələ Mərkəz yaranmamışdan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu həssas kateqoriyadan olan şəxslərlə məşğul olurduq, onların sosial adaptasiyası və cəmiyyətə uğurlu inteqrasiyası üçün müxtəlif tədbirlər, sərgilər keçirir, səhnəyə tamaşalar qoyurduq. Bəzi konsert, tamaşa və sərgilərimizə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva gəlirdi. Bəzilərində isə dövlət rəsmiləri, xaricdən gələn qonaqlar, müxtəlif təşkilat və səfirlik nümayəndələri iştirak edirdi. Gələn qonaqlar həmin tədbirlərin peşəkar səviyyədə təşkil olunduğunu və əlilliyi olan şəxslərin özlərinin də peşəkar kimi yetişdirildiyini xüsusilə vurğulayırdılar.
Ölkədə bilirsiniz ki, 600 minə yaxın əlilliyi olan şəxs var və onların bir qismi mütləq şəkildə istedadlıdırlar. Artıq Mərkəz yarandıqdan sonra biz yeni dönəmə ayaq qoyduq və çalışdıq ki, həmin şəxsləri bir incəsənət məkanında toplayaq, onların iştirakı ilə Mərkəzdə konsertlər, sərgilər, tamaşalar təşkil edək. Əlavə olaraq qeyd etməliyəm ki, 2018-ci ildən bu günə kimi, Nazirlik tərəfindən ingilis və Azərbaycan dillərində “Əlillik qüsur deyil” adlı irihəcmli 2 kitab-kataloq hazırlanıb nəşr edilmişdir. Həmin kitabda sosial sahədə və həssas əhali kateqoriyasından olan şəxslərlə dövlət tərəfindən aparılan iş və ən əsası əlilliyi olan şəxslərin əl işlərindən ibarət kataloq yer almışdır. Hər iki kitabın təqdimatı cənab Prezidentin iştirakı ilə həyata keçirilmişdir. Bilirsiniz, əslində kitab-kataloqun buraxılmasında məqsəd, həmin uşaqların cəmiyyətə tanıdılması və nəticə etibarilə özünüməşğulluqla təmin olunması idi. Elə ona görə də kataloqda əlilliyi olan şəxslər haqqında ətraflı məlumat və əl işlərinin gözəl şəkilləri yer almışdır. Əlbəttə ki, kitab-kataloq ərsəyə gəldikdən sonra, bizə verilən tapşırığa əsasən onun geniş kütlələrə, beynəlxalq və yerli təşkilatlara tanıdılması və paylanılması tərəfimizdən həyata keçirildi. Bununla da, bizim vasitəmizlə həmin istedadlı şəxslər haqqında məlumat və onların əl işləri daha geniş şəkildə yayılaraq onların qazanc, maddi gəlir əldə etməsinə və gələcəkdə sifarişlər qəbul etməsinə şərait yaratdı. Çünki həssas əhali kateqoriyasından olan bu şəxslər, adətən, cəmiyyətdə özünə yer tapmaqda çətinlik çəkir və xüsusilə də Azərbaycan cəmiyyətində öz valideyn və qəyyumlarından asılı olurlar. Mən fəxrlə deyə bilərəm ki, bu günə kimi də həmin şəxslərdən bir qismi bu işin onların qazanc əldə etməsində və məişət, ailədə olan maddi problemlərin həll edilməsində nə qədər kömək etdiyini bizə bildirərək təşəkkür edir.
– Yəni məqsəd həm də onların pul qazanması idi?
– Bəli. Kataloqumuzun əsas məqsədi bu idi ki, evdə oturan əlilliyi olan şəxslər qazanc əldə etsinlər.
– Bəs alıcılar kimlər olur?
– Bir çox yerli və xarici təşkilatlar, Nazirlik rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və s. Amma onlarla yanaşı hər təbəqədən olan insanlar da vardı. Elə mənim özümün dost, tanışlarım onların əl işlərini alırlar.
– Pərvinə xanım, uşaqların İnklüziv Mərkəzə qəbulu hansı şərtlər əsasında həyata keçirilir?
– Mərkəzə qəbul 2 etapda həyata keçirilir. Mərkəzə müraciət edə biləcək şəxslər tək əlilliyi olan şəxslər deyil, bizim kontingentimiz daha genişdir. Əlilliyi olan şəxslər, psixi -nevroloji məhdudiyyəti (həmçinin autizm və daun spektrli) olan şəxslər, şəhid övladları və ya onların ailə üzvləri, qazilər və onların ailə üzvləri, aztəminatlı ailələr. Biz onları bir sözlə – həssas əhali kateqoriyasına aid şəxslər adlandırırıq. Birinci mərhələdə – onlar şəxsiyyətini təsdiq edən sənəd və istedadlarını sübut edən foto və videolarla Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə və ya DOST mərkəzlərinə müraciət edirlər, daha sonra həmin müraciət İnklüziv Mərkəzimizə elektron sistem üzərindən daxil olur. Artıq 2-ci mərhələdə həmin şəxslərin sənədlərinə baxılaraq, uyğun görüldüyü təqdirdə əyani şəkildə Qəbul Komissiyasına dəvət olunurlar. Qəbul Komissiyasına psixiatr, psixoloq, sosial işçi, surdoloq, loqoped-defektoloq və müraciət etdiyi yaradıcılıq sahəsinin eksperti daxildir. Komissiya video-protokol əsasında keçirilir.
Ümumiyyətlə, qeyd etməliyəm ki, İnklüziv Mərkəzin digər mərkəzlərdən fərqi və unikallığı ondan ibarətdir ki, bizim Mərkəzdə böyüklər və azyaşlılar üçün 2 ayrı multidissiplinar qrup fəaliyyət göstərir. Hər iki qrupda psixiatr, psixoloq, sosial işçi, surdoloq, loqoped-defektoloq, erqoterapevt və psixo-pedaqoq (balacalar üçün) fəaliyyət göstərir. Uşaqlar Qəbul Komissiyasından keçdikdən sonra həmin qrupda dəyərləndirmə aparılır. Çünki biz dəfələrlə şahidi oluruq ki, sənəddə yazılanla əyani şəkildə gördüyümüz üst-üstə düşməyə və ya natamam ola bilir. Məsələn, komissiyaya gələn şəxsin tibbi diaqnozunda PİL (psixi inkişaf ləngiməsi olan uşaqlar) qeyd olunmuşdur, lakin Komissiya zamanı həmin şəxsin görmə qabiliyyətində də məhdudiyyətin olduğunu aşkarlayırıq. Ona görə də müraciət etmiş şəxslə iş planı artıq başqa formatda qurulur. Hər bir benefisiarımızın reabilitasiya prosesi Mərkəzdə tərtib olunan Fərdi İnkişaf Planına əsasən aparılır və məhz bu plan əsasında multidissiplinar qrup tərəfindən şəxsin nə qədər inkişaf etdiyi və ya etmədiyi, peşəkar sahəyə yiyələnməsi və ya art-reabilitasiyaya cəlb olunması müəyyənləşdirilir.
Mərkəzdə bu gün 14 fəaliyyət istiqaməti üzrə xidmət göstərilir. Bu fəaliyyət istiqamətinin hər birinin kollegiyada təsdiq olunmuş Xidməti pasportu vardır. Həmin Xidməti pasportda təlimə cəlb edilən benefisiarın yaş məhdudiyyəti, həm də xidmət sahəsinin müddəti qeyd olunmuşdur.
– Yaradıcılıq sahəsi üzrə ekspertləri seçən zaman daha çox nəyə üstünlük verirsiniz?
– Yüksək səviyyədə peşəkarlıq və həssas əhali kateqoriyasından olan şəxslərlə işləmə və davranma qabiliyyəti mütləq olmalıdır. Sonuncusunu inkişaf etdirmək üçün biz Mərkəzimizdə mütəmadi olaraq təlimlər də keçirik. Məqsədimiz istedadı olan benefisiarlarımızı peşəkar səviyyədə inkişaf etdirməkdir. Sizə bir misal çəkim. Bizim musiqi üzrə mütəxəssislərimizdən biri tanınmış bəstəkar, Əməkdar artist Vüqar Camalzadədir, və ya rəqs təlimi üzrə mütəxəssisimiz Xalq artisti Rüfət Xəlilzadədir. Şübhəsiz ki, istedadı olan benefisiarımızın məhz adıçəkilən ustadların təlimlərini bitirməsi, onların gələcəkdə peşəkar kimi yetişməsinə gətirib çıxaracaqdır.
– Mən bayaq Musiqi studiyasında bəzi benefisiarları dinlədim. Xaliq adlı benefisiar çox peşəkar və gözəl musiqilər ifa etdi…
– Xaliqlə olan tanışlığımız hələ Mərkəz yaradılmamışdan əvvəl başlamışdır. Onu bizimlə ilk dəfə Azərbaycanın Xalq artisti Teyyub Aslanov tanış etdi. Biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi MTV kanalı ilə birgə 2020-ci ilin avqustundan başlayaraq “Bərabərik” adlı layihə həyata keçirdik. Bu layihənin ideyası da 2019-cu ildə buraxdığımız ”Qəlbin Nəğməsi” adlı musiqi albomundan sonra yarandı. Albomda bu gün də Mərkəzimizdə təlimlərə qatılan benefisiarlarımızın ifasında mahnılar yer almışdı. Musiqi albomunu hazırlayan zaman biz gördük ki, onlar ifa baxımından peşəkar musiqiçilərdən heç də geri qalmır və buraxılışdan sonra geniş əhali kütləsi qarşısında konsertlərlə çıxış etməyi nəzərdə tutmuşduq. Lakin həmin ərəfədə də pandemiya başladı və bütün konsertlər ləğv olundu. Onda qərara gəldik ki, televiziyada musiqi layihəsi edək. Beləliklə də, “Bərabərlik” adlı musiqi proqramı ərsəyə gəldi. İstedadlı gənclərimizi bir incəsənət ortamında yığdıq və onlar peşəkar musiqiçilərlə birgə bir səhnədə duetlər ifa etdilər. Səhnədə çəkiliş zamanı hər şey canlı idi. Hətta bəzi peşəkar müğənnilər bizim uşaqlarla səhnədə canlı musiqi ifa etməkdən imtina da edirdilər. Lakin bir məsələni xüsusi vurğulayım ki, bu proqramla bağlı hansı sənət adamına müraciət etdiksə, heç biri yox demədi. Məşhur sənətçilərimiz bir həftə ərzində təmənnasız olaraq məşqlərə gəldilər, daha sonra iştirakçıların həyat tarixçəsi adlı qısa filmlərin çəkilişləri prosesi oldu, nəyahətində isə canlı musiqi və ifa ilə çəkilişlər baş tutdu. Hazırda “Bərabərik” verilişinin 3 mövsümünün çəkilişləri efirə getmişdir və bütün verilişlər YouTube kanalımızda vardır, oxucularımız girib izləyə bilərlər.
Xaliq də Teyyub müəllimlə birlikdə həmin verilişlərdən birinin qəhrəmanı idi, Xatırladım ki, Xaliq tam görmə məhdudiyyətli benefisiarımızdı, lakin onun gözəl bariton səsi vardır. O, həddindən artıq məsuliyyətli, çalışqandı. Üstəlik, bir dəfə də olsun bizdən hansısa şəxsi istəyi, xahişi olmayıb. Əksinə, hər zaman Mərkəzimizin onun üçün etdiklərini yüksək qiymətləndirir və özünün yetişməsində təlimçilərimiz böyük rolunun olduğunu dəfələrlə qeyd edir.
– Hazırda Mərkəzdə nə qədər benefisiar fəaliyyət göstərir?
– 250-300 nəfər arası benefisiar Mərkəzdəki təlimlərimizə qatılırlar. Niyə 250-300 nəfər deyirəm? Çünki onlar həssas əhali kateqoriyası olduğu üçün mövsümü xəstəliklərdən və tibbi reabilitasiya proseslərindən asılıdırlar. Bəzən onlar on dörd günlük, bir aylıq fasilələr verməli olurlar. Amma daimi olaraq 250-260 nəfər benefisiarımız var. Bir məqamı da mütləq deməliyəm ki, Mərkəzə ağır formada əlillik dərəcəsi olan şəxslər qəbul edilmir. Çünki artıq qeyd etdiyim kimi, İnklüziv Mərkəzdə tək əlilliyi olan şəxslər deyil, digər kateqoriyadan olan sağlam şəxslər də təlimlərə qatılırlar və biz də, öz növbəmizdə, reabilitasiya proqramını fərdi deyil, qrup şəklində həyata keçiririk.
Yenə bir misal çəkmək istəyirəm, Mərkəzdə təlimlərə qatılan bir benefisiarımızın yuxarı ətrafının pataloji olaraq inkişafdan geri qalması vardı. Uşağın özü də, ətrafındakılar, yoldaşları da onun bu patalogiyasını normal qəbul edə bilmirdi və buna görə uşaq protez taxmırdı.
Biz Mərkəzdə ilk olaraq benefisiarla psixoloji reablitasiyaya başladıq. Təlimlərdə onu ayırmadan qrupda birgə məşğul olduq və digər benefisiarlarımızın ona qarşı düzgün münasibət bəsləməyi və davranması üzərində sosial işçilərimiz və psixoloqlarımız mütəmadi olaraq iş apardılar. İndi artıq 6 aydan çoxdur ki, o bizim benefisiarımızdır və artıq o öz məhdudiyyətinə normal yanaşır, protezlə təmin olunub və bu hal onun nə rəqslə məşğul olmağına, nə də ki, normal şəkildə yoldaşları ilə münasibət qurmasına maneə yaratmır.
– Pərvinə xanım, mərkəzin daha nə qədər uşaq götürmək qabiliyyəti var?
– Çox yaxşı sualdır. Mərkəzin gün ərzində benefisiar götürmə qabiliyyəti 140 nəfərdi. Ancaq gün ərzində bu say 3 növbə olmaqla bəzən 190-a çatır. Üstəlik Mərkəzin inzibati işçiləri və mütəmadi olaraq gələn qonaqlar.
– Mərkəzdə daha hansı təlim sahələrini yaratmaq fikriniz var?
– Mərkəz yaradılanda on iki təlim sahəmiz vardı, bir neçə aydan sonra idman və publisistika təlimləri də açıldı. Musiqinin bütün sahələrində bizim təlim vermək imkanlarımız var. Sadəcə uşaqlar hansı sahələrə daha çox maraq göstərirlərsə, həmin sahəni aktivləşdiririk. Bizim benefisiarlarlardan və onların valideynlərindən tələbimiz odur ki, xidməti pasportlarla müəyyən edilmiş müddət ərzində aidiyyəti üzrə təlimlərə qatılsın və təlimləri buraxmasınlar. Ancaq təəssüf ki, bəzi hallarda özləri tənbəllik edir, valideynlər bununla məşğul olmaq istəmir və digər bir çox səbəblərdən təlimləri buraxırlar. Əlbəttə ki, belə olduqda da, benefisiarın nəzərdə tutulan reabilitasiya proqramı pozulur və nəticə istədiyimiz kimi olmur. Fakt üzrə danışaq, bir benefisiarımız musiqi aləti üzrə təlimlərə qatılırdı, özünün ilkin qabiliyyəti və istedadı var. Bizdə 6 ay ərzində təlimləri keçdi, Mərkəzdə yaradılan estrada ansamblına üzv idi və konsertlərdə ifa edirdi, hazırda isə o musiqi məktəbində artıq işə düzəlib. Bunun özü çox yaxşı haldır, o insanın artıq maddi cəhətdən heç kəsə ehtiyacı yoxdur.
– Burada təlim müddəti nə qədərdi?
– Bizim kollegiya tərəfindən təsdiq olunmuş xidməti pasportlarda bir neçə ekspertin rəyi əsasında mütləq şəkildə hər bir fəaliyyət istiqaməti üzrə xidmət müddəti var. Minimum altı aydan başlayır, səkkiz, on iki, iyirmi dörd aya kimi davam edir. Artıq əvvəldə də dediyim kimi, bəzən benefisiarlarımız və ya onların valideyn və qəyyumları narazıçılıq edirlər, düşünürlər ki, övladları Mərkəzdə iki-üç ay təlimlərə qatılıbsa, bu onlar üçün kifayətdir və biz onlara mütləq şəkildə sertfikat verməliyik. Lakin onlar anlamalıdır ki, ekspert və psixoloqların həyata keçirdiyi reabilitasiya prosesi bizim uydurduğumuz bir metodika deyil, bu elmi cəhətdən təsdiq edilmiş və dünyada tətbiq edilən bir metodikadır və onun da öz müddəti və qaydaları vardır. Ümumiyyətlə, hazırda cəmiyyətimizdə bu sahədə çox böyük boşluqlar vardır və biz Mərkəz olaraq, nəinki benefisiarlarımızın reabilitasiyası, həmçinin onların valideynlərinin və ətrafında olan şəxslərin maarifləndirilməsi sahəsində də müvafiq iş aparırıq.
– Pərvinə xanım, bu bir il ərzində Mərkəz konkret hansı işlər görüb?
– Yarandığımız gündən, dediyim kimi, on iki təlim istiqaməti ilə fəaliyyətə başladıq. Artıq bunu on dörd istiqamətə gətirib çıxarmışıq. Habelə bəzi istiqamətlərimiz çərçivəsində alt istiqamətlər də mövcuddur. Məsələn, idman istiqamətində həm kapoeyra, həm də badminton istiqamətləri fəaliyyət göstərir. Təzə başlayanda, əlli nəfər benefisiarla başlamışıqsa, artıq bu say 300-ə qədər çatıb. Əməkdaşlıq sahəsində çox yaxşı uğurlarımız var. Bir çox dövlət federasiyaları, təşkilatlar, televiziya kanalları bizimlə əməkdaşlıq edir və bəziləri ilə bu il əməkdaşlıq Memorandumları imzaladıq. Çünki onlar bizim Mərkəzdə əldə edilən nəticələri görürlər.
Bundan başqa, multidissiplinar qrup çərçivəsində bir il ərzində əldə edilən nəticələrimiz var ki, onlar mənim özümü belə yaxşı mənada təəccübləndirir. 10 ay ərzində cəmiyyətə qazandırdığımız, sosial adaptasiya olunan insanlar məni çox sevindirir. Daun sindromlu, autizm spektrli benefisiarlarımız var ki, onlar bura ilk dəfə gələndə, təmasa və kontakta heç girmirdilər. Lakin art-reabilitasiya proqramına və təlimlərə qatılandan sonra onların həm davranışında, həmçinin ünsiyyətə girməsində böyük irəliləyişlər əldə edilib, onların bəziləri artıq sərgilərdə Mərkəzdə yaratdığı əsərləri ilə çıxış edirlər.
Daha bir nailiyyətimiz bizim vokal üzrə təlimə qatılan benefisiarımız artıq Azərbaycanda keçirilən “Səs Azərbaycan” yarışmasının iştirakçısıdır.
– Pərvinə xanım, qadınların xoşbəxt olduğu cəmiyyətlər daha çox inkişaf edir, daha çox irəliləyir. Siz də qadınsınız, ətrafınızda da qadın işçilər çoxdur. Bir qadın olaraq bu Mərkəzin rəhbəri olmaq, buranı idarə etmək çətin deyil?
– Mənim ətrafımda qadınlar işləyirsə, əməkdaşlıq etdiyim insanlar qadınlardısa, mən hər zaman onlara təkidlə deyirəm ki, onlar mütləq şəkildə öz sərhədlərini müəyyənləşdirərək, özlərinə əmin şəkildə doğru və ədalətli olanı qarşı tərəfdən tələb etsinlər. Çox məşhur bir şüar var – “Dünya kişilərin dünyasıdır”, amma dünyanı hərəkət etdirən də qadınlardı, kişiləri dünyaya gətirən, onu tərbiyə edən də qadınlardı, analar və bacılardı. Elə isə niyə qadınlarımız bu cəmiyyətdə, bu dövlətdə lazımi mövqe tutmasınlar? Ümumiyyətlə, cəmiyyətdə formalaşan bəzi stereotiplər artıq silinmək üzrədir, müasir dünyada qadınlar ancaq dünyaya uşaq gətirib, onları böyütməklə məşğul olmalıdır kimi fikirlər artıq keçmişdə qalıb. Mən özüm ixtisasca hüquqşünasam və həm də universitetdə dərs deyirəm, əvvəlki iş yerim isə Heydər Əliyev Fondu idi. Çox böyük təcrübə və çox böyük bir məktəb idi mənim üçün. Fondda işlədiyim zaman bir qadının lazımi mövqe tutmasının, idarəçilikdə hansı məqamda taleyüklü qərarlar verməli olduğunun və uğurlu nəticələr əldə etməsinin şahidi olmuşam. Ona görə də oradakı iş ənənələri və prinsipləri mükəmməl idi.
- Hiss olunur ki, o ənənələri buraya da daşımısınız…
– Doğru vurğuladınız. Üstəlik də mən çox milliyətçi insanam. Yadıma gəlir, Avropanın bizə qarşı dostyönümlü olmayan bir ölkəsində “Çovqan” adlı sərgi təşkil etmək bizə həvalə olunmuşdu. Onda bizim torpaqlarımız hələ işğaldan azad olunmamışdı. Çox məyus idik. Çovqan sözünü eşidəndə, dərhal ağlımıza Qarabağ məsələsi, Qarabağ atları gəldi. Əslində bu siyasi motivdir və mədəniyyətə də heç bir aidiyyəti yoxdu. Amma beynəlxalq hüquqşünas kimi tarixi diplomatiyadan bilirəm ki, diplomatiyanın və siyasətin edə bilməyəcəyini “yumşaq güc” vasitəsilə etmək olur. Mütəmadi olaraq keçirilən mədəniyyət tədbirləri, milli mətbəx, konsertlər, sərgilər vasitəsilə istənilən ölkəyə daxil olmaq mümkündür. Bu lobbiçiliyin, təbliğatın bir növüdür. Həmin sərgidə dərhal Qarabağ və Qarabağ atları haqqında məlumatlar, şəkillər, videolar hazırladıq. Sərgi geniş kütləyə açıq idi və hazır olandan sonra həmin ölkədə yaşayan iranlı mühacirlər bizim sərgiyə gəldilər. Onların Qarabağ məsələsində bizə qarşı olan aqressiyasını görsəydiniz? Onlar iddia edirdilər ki, “Nə Qarabağ, nə Nizami, nə miniatür? Siz farsların əsarəti altında olmuş adamlarsınız. Azərbaycan adlı bir dövlət olmayıb, Nizami belə farsca yazıb”. Biz də əlbəttə ki, öz növbəmizdə, onların dediklərinin əksini onlara sənədlərlə, elmi və tarixi faktlarla sübut etməyə başladıq və sübut etdik. Yəni demək istəyirəm ki, qeyd etdiyiniz kimi, Heydər Əliyev Fondunda bizə aşılanan həmin iş prinsipləri və ənənələr xarici ölkələrdə Azərbaycanın nüfuzunu salmaq istəyənlərin qarşısında geri çəkilməməyimizə, sipər və birlik olmağımıza kömək etdi.
– Bu təcrübənizi yəqin ki, mərkəzdə də tətbiq edirsiniz?
– Əlbəttə. Qazandığımız Zəfərdən sonra, Vətən torpaqlarının min bir əziyyətlə geri qaytarıldığını anlayaraq, bunun heç vaxt unudulmamasını, bir millət olaraq birlik olmağımızı və “Dəmir Yumruq” ətrafında birləşməyimizi daim benefisiarlarımıza və işçilərimizə aşılayırıq.
– Bu il Nazirliyin və Mərkəzin dəstəyi ilə rejissor Saida Haqverdiyevanın ekranlaşdırdığı “Köhnə çamadanlar” filmi ekranlara çıxdı. Qarabağdan danışdınız bayaq. Bir az da bu filmlə bağlı fikirlərinizi bilmək istərdim.
– Biz Saida xanımla 2019-cu ildən əməkdaşlıq edirik. Bilirsiniz ki, biz Mərkəzimizdə inklüziv tamaşalar hazırlayıb geniş tamaşaçı kütləsinə təqdim edirik. Mərkəzdə ƏSA Teatrının və Oyuq Teatr-studiyasının tamaşaları göstərilir.
2020-ci ildə Saida xanım Nazirliyə müraciət edərək televiziya tamaşası hazırlamağımızı təklif etdi. O zaman da pandemiya dövrü idi. Biz qərara gəldik ki, tamaşa Qarabağ mövzusunda olsun. Pandemiya daha da kəskinləşəndə, bu ideyamız yarımçıq qaldı. Amma həmin dövrdə Saida xanım ssenarist Sevda xanımla birlikdə ssenarini bir az da genişləndirdi və 2021-ci ilin aprel ayında Saida xanım artıq tammetrajlı bədii filmin çəkilməsi ilə bizə müraciət etdi. 2021-ci ilin sentyabrında filmin çəkilişlərinə başladıq. Oktyabrda isə Cənab Prezidentin iştirakı ilə İnklüziv Mərkəzimiz açıldı. Həmçinin, çəkilişlərin bir hissəsi Mərkəzdə aparılırdı, üstəlik filmdə bizim benefisiarlarımız aktyor qismində iştirak etdilər.
– Pərvinə xanım, gələcəklə bağlı nələr etməyi düşünür, arzu edirsiniz?
– Biz yaradıcılıq, incəsənət və mədəniyyət sahəsində olduğumuzdan əlilliyi olan bir çox şəxslərin bu sahəyə cəlb olunmasını, regionlarda inklüziv mərkəzlərin yaradılmasını planlaşdırırıq. Bununla yanaşı, Mərkəzin gənc benefisiarlarının müasir tendensiyalara uyğun seçim istəklərini nəzərə alaraq, onlara diqqət, yaddaş, analitik təfəkkür, komanda şəklində çalışmaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə, neobot robotexnika modulu, dron mühəndisliyi modulu, dizaynerlik, informasiya texnologiyaları, həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə imzalanmış Memorandum əsasında ali təhsil müəssisəsinin professor və müəllim heyəti tərəfindən maliyyə-mühasibatlıq, biznesin idarəedilməsi, iqtisadiyyat kimi istiqamətlərdə təlimlərin keçirilməsini planlaşdırırıq. Həmçinin regionlardan Mərkəzdəki təlimlərə cəlb olunmaq üçün müraciət edən vətəndaşların çoxluğunu nəzərə alaraq, onların hazırki xidmət sahələri üzrə təlimlərə qatıla bilmələri, habelə onlarla sosial-pedaqoji və psixoloji işin aparılmasına şəraitin yaradılması məqsədilə İsmayıllı, Bərdə, Quba və Qarabağda açılacağını gözlədiyimiz DOST Mərkəzlərində də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin filiallarının yaradılmasını nəzərdə tuturuq.