Cəmil HƏSƏNLİ
Pərviz Cəbrayılın “Məryəm Surəsi” romanını çoxdan oxumuşdum. Ancaq özünün də bildiyi müəyyən səbəblərə görə əsər haqqında yazım yubandı. “Məryəm Surəsi” Pərvizin yaradıcılığında yeni mərhələdir, müəllifin əvvəlki əsərlərinə bənzəmir. Bu “yeni mərhələ” ifadəsini mən bir az geniş mənada götürərdim. Əslində bu roman yalnız Pərvizin yaradıcılığında deyil, yol axtarışında olan Azərbaycan ədəbiyyatında da yeni hadisədir.
Pərviz Cəbrayılın bir vaxtlar mübahisələrə səbəb olmuş “Öləngi” romanını maraqla oxumuşdum. Orada mənə tanış gələn səhifələr çox idi. Doğrusu həyat həqiqətlərinin bədii təqdimatı və gerçək təsviri baxımından “Öləngi” mənə elə Pərvizin özü kimi doğma idi. Hətta “Öləngi” haqqında həmin dövrdəki mübahisələr yadıma maraqlı bir əhvalatı salmışdı. Ötən əsrin 60-cı illərində İsa Hüseynovun “Doğma və yad adamlar” povesti ədəbi tənqid tərəfindən süngü ilə qarşılananda Mirzə İbrahimov axına qarşı gedərək əsərin müzakirəsində demişdi ki, “Mən İsanın romanını oxuyanda qızıl gül ətri duydum.” Müqayisə bir qədər qüsurlu olsa da, mən elə həmin vaxt Pərvizin “Öləngi”sini oxuyanda yenilik təravəti duymuşdum. Bütün mübahisələrə baxmayaraq əsər 2010-cu ildə “İlin romanı” nominasiyasının qalibi oldu.
Və sonra da “Yad dildə” romanı ilə yeni qalmaqallar başladı. Əslində şərti olaraq yeni ədəbiyyatla köhnə ədəbiyyat məhz “Yad dildə” üz-üzə gəldi. 2011-ci ilin iyununda keçirilən Milli Kitab Mükafatı müsabiqəsində Pərviz Cəbrayılın “Yad dildə” romanı ən yaxşı əsər kimi birinci mükafatı alanda Azərbaycan Yazıçılar Birliyindən münsiflər heyətində olanlar buna qəti şəkildə etiraz etdilər. Bu mümkün olmadıqda, onlar münsiflər heyətindən çıxdılar. O, zaman mən də münsiflər heyətinin üzvü idim və birinci mükafatın “Yad dildə” romanına verilməsinə tərəfdar olmuşdum. Üzərindən 13 il keçməsinə baxmayaraq müsabiqədə iştirak edən bəzi AYB üzvləri həmin hadisəyə görə bu gün də mənimlə küslüdürlər və heç “Yad dildə” də salamlaşmırlar.
Dediyim kimi, “Məryəm Surəsi” əvvəlki romanların hər ikisndən fərqlidir. İlk növbədə bədii intellektulal baxımdan frlqidir, yazıçı təxəyyülünün hüdudları (hüdudsuzluğu) baxımdan fərqlidir. Əslində “İsa-Məryəm” mövzusu, “Müqəddəs ruh” ideyası Azərbaycan nəsri üçün hədis məzmununda olsa da, dünya ədəbiyyatının əsas mövzularından biridir. Burada romanın əsas obrazlarından biri olan Umay daimi axtarışdadır, amma nə axtardığını və axtardığı adamın adını bilmir, nə də üzünü xatırlamır. Amma ortada bir çoxtərəfli “Umud” obrazı var. Umay mücərrəd və dramatik bir axtarış yolunda ömrünü qurban verir. Əsərdə magik-mistik məqamlar olsa da, realist dəst-xətt, ideya axtarışı, nağıllarda olduğu kimi “tilsimdən” çıxmaq cəhdləri güclüdür.
“Məryəm surəsi”də bir tərəfdən tez-tez tanış obrazlarla qarşılaşırsa, digər tərəfdən bu tanış obrazların “atgetməz yollarına dirənirsən. Əsərdəki bütün müəmmalı sirlərə vaqif olmaq üçün, Umayım Məryəmə çevrilməsinin səbəblərini öyrənmək üçün gərək nəticə çıxarmağa tələsməyəsən, səbili olasan, gərək anlayışdan daha çox qavrayışa köklənəsən. Romanda sirri açılmayan bir sıra kodlar, şifrələr, peyğamlar var. Roman oxucuya (hazırlıqlı oxucuya) düşünmək, daşınmaq və hətta uydurmaq imkanı verir. Bir sözlə oxucunu yaradıcılıq prosesinə qoşur. Dramatik bir məqamda oxucu özü əsərin çıxılmaz vəziyyətə düşmüş personajı üçün nicat yolu arayır.
Romanın coğrafiyası xəyali olaraq məğriblə məşriqin arası qədər genişdir, Sibir də daxil olmaqla oradakı hadisələr bəzən yerlə göyün arasında qərar tutur. Romandakı Dilsuz müəllim, İsmi, Nəsimi, Əsli və İsa Məsihi müsəlman etmək üçün onun zühurunu gözləyən Molla Mirheydər, Leyli, keçmişdən boylanan Urşan bəy, Həjar və digər obrazlar kimi Vano obrazı da maraqlı və koloritlidir. Yeri gəlmişkən 44 günlük müharibədən bir il əvvəl nəşr edilmiş “Məryəm Surəsi”ndəki Vano obrazı bu gün daha müasir, daha aktual görsənir.
Şübhəsiz ki, mən tənqidçi və ədəbiyyatçı deyiləm. “Məryəm Surəsi” haqqında yazdıqlarım oxucu mülahizəsidir. Yalnız onu deyə bilərəm ki, “Məryəm Surəsi” maraqlı, dramatik, sirli-soraqlı, təxəyyül baxımından qanadlı, intellektual baxımdan ədəbiyyatla elmin (və ya ədəbi elmin) qovşağında yazılmış bir romandır.