Pandemiya Azərbaycanda doğumu azaldıb – STATİSTİKA

Pandemiya Azərbaycanda doğumu azaldıb – STATİSTİKA

Azərbaycanda rəsmi qeydiyyata alınan yenidoğulanların sayı azalıb. Modern.az bununla bağlı rəsmi göstəricilərin müqayisəsini aparıb. Rəsmi məlumata görə,  2021-ci ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10812 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.

 

Kiçik araşdırma zamanı məlum olub ki, ötən ilin anoloji dövrü ilə müqayisədə yeni yenidoğulanların sayı 467 nəfər azalıb. Belə ki, 2020-ci ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11 279 doğulan körpə qeydə alınıb. Bu göstərici əhalinin hər 1000 nəfərinə 13,4 təşkil edib. Bir il əvvəl doğulan körpələrin 336-sı əkiz, 6-sı isə üçəm olub.

 

Ümumilikdə isə 2020-ci ildə doğulanların sayı 2019-cu ildə doğulanlara nisbətdə 14 068 nəfər azdır.

Ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 126571 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Körpələrdən 3300-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.

 

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2019-cu ildə isə ümumilikdə 141179 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 olub. Körpələrdən 3356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır.

 

Ekspertlərin sözlərinə görə, Azərbaycanda doğumun azalması 2020-ci ildə dünyada, eləcə də ölkəmizdə qeydə alınan COVID-19 pandemiyası ilə əlaqədardır. Məlum olduğu kimi, ölkəmizdə koronavirusla mübarizə tədbirləri çərçivəsində rəsmi olaraq, toyların keçirilməsi qadağandır. Nikahların azalması təbii olaraq doğuma da mənfi təsirini göstərib.

 

 

Müstəqil.Az

Share: