Cəbhədən
…daha bir şəhid xəbəri aldıq,
Bakıda
…bir kişinin DYP-yə “şortiklə girmək haqqı” uğrunda bərk müzakirə gedir.
Şəmkirdə
…yayda belə əsgər mundirinə bürünüb, dəbilqəsini başından çıxarmayan qardaşlarımız bir erməni dronunu məhv etdiyi an gurultu səsi ərşə yayıldı,
Bakıda
…şortiki geyməyin insan azadlığının ta kəndisi olduğu haqda ultramüasirlərin “haqq səsindən” qulaq tutulur.
Qarabağda
…Paşinyanın arvadı əlində silahla poz verir,
Bakıda
…sosial şəbəkələrdə “kişiyə şiddətə son” trendi yaradılır.
Nəymiş məsələ?
Bir kişi şortik geyinərək sürücülük vəsiqəsi almaq üçün DYP-yə imtahan verməyə getmiş, onu “abırlı gey” deyə, qapıdan içəri buraxmamışlar.
“Abırlı geyin” deyənlərin haqqı yoxmu? O qədər də isti keçməyən yayın son günlərində o şortikli kişi getdiyi idarədə polis uniformasında, başından papağını çıxaqmağa da haqqı olmayan polislərdən heçmi utanmadı?
Mentalitet, dəyər, milli adət… Lütfən, saxlayın bunları, bunlar dərin mövzu, “mentalitet” sözünü ucuzlaşdırıb, “şortik” səviyyəsinə endirməyin!
“Mentalitet” sözü gələndə ağzını büzənlərin də ağzını yönəldin ağzıaçıq baxdıqları Avropaya. Getsinlər xoşbəxtlik diyarına, istəsələr, tuman geyinsinlər, istəsələr, ümumiyyətlə, lüt gəzsinlər…
Mənim ölkəmdə isə…
Mən qoynuna sığınıb rahat yatmaq, rahat oyanmaq, rahat yaşamaq üçün Vətən istəyirəm.
Bu Vətəni bizim üçün beşiyə çevirən dəmir biləklə KİŞİyə ehtiyacımız var!
Bu Vətənə, bu Vətənin qızlarına, analarına, övladlarına Bayram Nurlu yox, Mübariz İbrahimov lazımdır – oğul kimi, ata kimi, lap elə ƏR kimi!
Bizi Mübarizlər qoruyur, bizi onlar qadın edir! Biz onlar üçün ana oluruq, biz onlar üçün Vətənik, onlar üçün torpağıq…
Azərbaycan kişisinin dava mövzusu şortik deyil!
Azərbaycan kişisinin düşüncəsində şortik yoxdur!
Ermənilər “paytaxtı” Şuşaya köçürmək istəyərkən Azərbaycan Kişisinin müzakirə edəcəyi şey şortik deyil, papaqdır, PAРAQ!
Yadıma düşmüşkən:
Oğuz elində Dörd İgid niqabla gəzirdi, biri də Bamsı Beyrək idi. Bilirsiniz niyə?
Çünki çox yaraşıqlı idilər, “qız gözəlliiyi” vardı. Ona görə üzlərini örtərdilər.
Çünki qadın öz əzası ilə öyünər, qadın özünü Kişiyə sevdirmək üçün bəzənib-düzənər: indiki dillə desək, şortik geyinər, ya da şalvarını “rajokla” əyninə çəkər…
Kişinin gözəlliyi namusudur, qeyrətidir, ləyaqətidir, şərəfidir.
Sizin şərəfiniz, namusunuz, qeyrətiniz Şuşadadır – ermənilərin “paytaxt” etmək istədiyi Şuşada.
Şortikinizi tullayın – həm müzakirədə, həm geyimdə;
Papağınızı başınıza qoyun və inanın: Biz sizin yolunuzu bir ömür gözləyərik, Papaqlı Kişilər!