Parlaq istedad sahibi…- Leyla Məcidova yazır

Parlaq istedad sahibi…- Leyla Məcidova yazır

Parlaq istedad sahibi
Professor Elçin İsgəndərzadə

“İstedad və bilik parlaq işıqdır, onlarsız qaranlıqdan çıxış yolu yoxdur”.
(Rudaki)
Ömrün müəyyən çağında insanın dönüb özünün, keçdiyi həyat yoluna nəzər salmağı, yaşadığı ömrə hesabat verməyi var. Bu baxış, bu hesabat insanı özünə tanıdır. “Mən kiməm? Həyatda nə etdim, nə itirdim, nə qazandım?” – sualına cavab axtaranda geridə qoyduğu ömür yolu ilə qürur hissi keçirib fəxr edənlər də olur, etməyənlər də. Tanınmış şair, görkəmli alim, professor Elçin Barat oğlu İsgəndərovun keçdiyi ömür yolu ilə yalnız onun özü yox, həm də bu nəcib insanı yaxından tanıyanlar, onun həyat və fəaliyyətinə yaxından bələd olanlar da fəxr edə bilərlər. Çünki o, öz yaşadığı ömrünün heç bir anını da səmərəsiz keçirməmiş, qələmə aldığı yüzlərlə şeiri, yetişdirdiyi tələbələri ilə ürəklərdə özünə əbədi bir yuva qurmuşdur. Həyatda insan üçün bundan böyük xoşbəxtlik və səadət ola bilməz. Bu xoşbəxtliyə professor Elçin İsgəndərov mən deyərdim ki, insanlara və həyata bəslədiyi tükənməz sevgi sayəsində nail olmuşdur.
Bu gün Elçin müəllimi yaxından tanıyanlar yaxşı bilirlər ki, onun qəlbi daim gənclik eşqi ilə döyünür, yazıb – yaratmaq, universitet auditoriyalarında coşqunluqla dərs demək onun qanından – iliyindən süzülüb gəlir. Şairlik və müəllimlik, həm də alimlik Elçin müəllimin fitrətindədir, o, vurğunu olduğu bu dünyaya şair və alim, müəllim kimi göz açıb. Bu fitrət onu uşaqdan böyüyə kimi xalqın gözündə ucaldıb, onu tanıyanların sevimlisinə çevirib.
Professor Elçin İsgəndərzadə çoxşaxəli yaradıcılığı ilə sayılıb seçilən ziyalılarımızdandır. O, ədəbi-bədii, elmi-pedaqoji, publisistik və ictimai fəaliyyəti ilə istedadla zəhmətkeşliyin vəhdətini özündə təcəssüm etdirən bir şəxsiyyət, bir ziyalıdir. “Onun şairlik taleyinin təməlində müəllimlik, müəllimlik taleyinin təməlində şairlik dayanır” – desək yanılmarıq.

Preofessor Elçin İsgəndərzadənin həyat və fəaliyyətinə dərindən bələd olduqda Onun əsl istedad sahibi, Tanrı seçilmişi olduğuna bir daha əmin olursan.
Tanınmış şair, görkəmli alim, professor Elçin Barat oğlu İsgəndərov 16 sentyabr 1964-cü ildə Şuşa şəhərində anadan olub. 1981-ci ildə Ağdam şəhər 6 saylı orta məktəbi Qızıl medalla bitirib. 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) Mexanika fakültəsində təhsil alıb. İnstitutu fərqlənmə diplomu ilə bitirib. 1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində «Maşın və mexanizmlər nəzəriyyəsi» ixtisası üzrə aspiranturada təhsil alıb. Texnika elmləri doktoru, professordur.
AzTU-nun “Metrologiya və standartlaşdırma” kafedrasının müdiri vəzifəsində çalışır. 2011-ci ildə “Avropanın Fəxri İxtiraçısı” adına və Qızıl Medalına layiq görülüb. 2012-ci ildə “Avropanın Əməkdar Elm və Mədəniyyət Xadimi” fəxri adı ilə təltif olunub. 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin poeziya üzrə “Qızıl Kəlmə” Dövlət mükafatına layiq görülüb. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü seçilib, hal-hazırda həmin Şuranın üzvüdür. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2007-ci il tarixli 612 saylı Fərmanına əsasən Prezident təqaüdünə layiq görülüb. 2014-cü ildə “Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi” Fəxri adına və medalına layiq görülüb.
2014-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.
2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” fəxri adı və nişanına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” fəxri adı ilə təltif edilib.
1997-ci ildə Azərbaycan Yazıçılar Birliyinə və 1998-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib. Azərbaycan yazıçılarının X, XI, XII qurultaylarının nümayəndəsi olub. 2004-cü ildə AVRASİYA Beynəlxalq Qurumu tərəfindən Asiya ölkələri üzrə Mədəniyyət Səfiri təyin edilib. 2010-cu ildə Türk Dünyasında ilk dəfə Dünya Böyük Şeir Mükafatına (The World Grand Prize for Poetry) layiq görülüb.
Elmi və ədəbi uğurlarına görə Avropa Şərəf Ordeni (Cenevrə), V.V.Mayakovski ordeni (Rusiya), “Elm və Təhsilin inkişafındakı xidmətlərinə görə” Böyük Qızıl Ordeni (Ukrayna), A.S.Puşkin medalı (Rusiya Ədəbiyyat Akademiyası), Leonardo Da Vinçi medalı (Roma, İtaliya), İ.V.Göte medalı (Münhen, Almanya), “Roma şəhərinin fəxri alimi” medalı (İtalya) və digər orden və medallar ilə təltif olunub. 300-dan çox elmi əsərin, 62 ixtiranın, 20 monoqrafiya və dərs vəsaitinin, 95 bədii və elmi kitabın, 130 çevirmə kitabının müəllifidir.
Türkiyə, Rusiya, Latviya, Litva, Belarusiya, Gürcüstan, Qazaxıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İran, Rumıniya, Ukrayna, Suriya, Qırğızıstan, Kosova, Makedoniya, Bolqarıstan, İraq və digər ölkələrdə kitabları yerli dillərə çevrilərək çap olunub.
Bütün sadalanan sinxron rəqəmlər sadəcə ötüb keçən ömrün kəmiyyət dəyişmələrinə deyil, keyfiyyət dəyişmələrinə xidmət etmiş olur. Çünki sadalanan rəqəmlər ömrün məhsuldar illərinin statistik hesabatıdır. Eləcə də bu ömür yolu yalnız Onun ömür payıdır ki, Tanrı tərəfindən alnına yazılb, qədərinə diktə olunub.
İnsan həyatda öz yerini tapanda heyrətamiz hadisələr baş verir. Gözəl filmlər, gözəl şəkillər və inanılmaz əsərlər dünyaya gəlir. Hər birimizin gizli bir istedadı var.
Professor Elçin İsgəndərzadə həm də istedadlı şair kimi tanınır.Ömrün bu yönümü onda elə elmdəki kimi daha da qabarıq təzahür edir. Yazdıqları, yaratdıqları orijinal, özünəməxsusdur. Əsl vətənpərvər olaraq,vətənin özü boyda dərdlərinə haray çəkərək ağı deyir Elçin müəllim:

Ürəyimdə hələ dərddir gül açan,
Novruzgülün mənim kimi bağrı qan.
Xarıbülbül, qovuşarıq bəs haçan,
Qarabağa bizsiz gəlir bu yaz da…

Bu nə bəxtdi, düşüb bir nəhs ələ ki,
Taleyimiz ömrümüzə tələ ki,
Baş qarışıb, məzhəb itib hələ ki,
Qarabağa bizsiz gəlir bu yaz da…

Elçin müəllim Vətəni müqəddəs bilir və bu müqəddəsliyi nəzmı-nizama çəkir.

Nəğmə də bitir,
şeir də,
yol da…
Hələ arzular da –
bircə sən,
bircə sən
bitmirsən,
Vətən!

Sevgi müqəddəsdir Elçin müəllim üçün. Çünki sevginin özü də Tanrıdan gəlir. Odür ki, saf olmalı, müqəddəs olmalıdır sevgi. Çünki,

Göyüm göyündən keçmirsə,
Külüm külündən keçmirsə,
Bütün yollar sənin yolundan keçmirsə..
Keçmirsə, sevgi deyil.
Sevgi söz yarasıdı,göz yarasıdı.
Sevgi ürəkdə köz yarasıdı,
Buludu yandırır,göyü yandırır.

Elçin müəllimin şeir dünyası özünəməxsus çalarlarla palitralanıb. Bu şeirləri oxuduqca sanki onunla üzbəüz qalır, həmsöhbət olursan. Bu şeiriyyətlə bir daha Elçin müəllim şəxsiyyətinin böyüklüyünə, istedadının dərinliyinə bələd olmuş olursan.

Ruzigar fələyin çərxin döndərib,
Ruzigar da qərib, fələk də qərib.
Tanrı göy üzündən bir daş göndərib,
Bəlkə başımızı verək altına.

Dünyanın ləzzətin gözlə götürdük,
Təsbeh muncuğutək günlər ötürdük,
Ömürə bənzəyən bir şey itirdik,
Nə qaldı könüldə, bükək altuna.

Ruhum yaranışdan bəmbəyaz, çılpaq,
Bir gün budağından düşər son yarpaq,
Sümük çürüdəndi bu qara torpaq,
Üstü nə olub ki, ola altı nəə..

Mən elə-belə, sıradan Elçin müəllimin şeirlərindən sitatlar gətirmədim. Nümunələr Elçin müəllimin bir şair, söz, ruh adamı olmasının açarı rolunda çıxış edir desəm, heç şübhəsiz yanılmayacağımın isbatıdır.
Hər ömür bir kitabdır,insan vicdanla,şərəflə yaşadığı ömrünü misralarla,sətir-sətir özünü əks etdirir.
Elçin müəllim bir şeirində;

Mənim bu gecəyə çox umudum var,-
Əgər bu gecədən sağ çıxa bilsəm…

eyhamı vurur,Elçin müəllim İnşallah Sizin hələ yüzlərlə, minlərlə gecələrdən sapasağlam çıxaraq yeni-yeni əsərlər yazıb biz oxucularınızı sevdirəcəksiniz.
Dəyərli professor Sizə möhkəm can sağlığı və yaradıcılıq uğurları arzusuyla:

Lənkəran Dövlət Universiteti
Leyla Qadir qızı Məcidova
Tarix üzrə Fəlsəfə doktoru,baş müəllim

Share: