Fransanın son günlərdəki davranışları bütün azərbaycanlıların narazılığına səbəb olur. Bu da təbiidir. Çünki Fransa hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edib, lakin indi isə qondarma “dqr”in müstəqilliyinin tanınmasına dair qanun layihəsinin Fransa Senatına təqdim edilməsi bu ölkənin mövcud hakimiyyətinin adekvat olmadığını və Fransa prezidentinin siyasətdə naşı olduğunu göstərir.
Qosqoca Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini hələ ötən əsrin 90-cı illərinin əvvəllərində BMT səviyyəsində tanıyan Fransanın yuxarı palatasının indi də Dağlıq Qarabağdakı oyuncaq rejimi tanımağa hazırlaşması sözün açığı, bambılılıqdan başqa bir şey deyil. Bəli, Fransa hazırda özünü ciddi dövlət kimi yox, bambılı kimi aparır. Fransanın hazırki davranışlarında reketlik və quldurluq əlamətləri də özünü açıq-aydın göstərir. Bu barədə bir qədər sonra ətraflı danışacağam. Hələlik isə “dqr”i tanımaq ideyasının nədən gündəmə gəlməsindən danışaq.
Ordumuzun şanlı Qələbəsi nəticəsində artıq tarixə çevrilən qondarma “dqr”in mifik “müstəqilliy”inin tanınmasına dair qanun layihəsi artıq Fransa Senatına təqdim edilib. Bu barədə Senatın rəsmi saytında da məlumata rast gələ bilərsiniz.
Orada qeyd olunur ki, sözügedən qanun layihəsi müxtəlif fraksiyaları təmsil edən 5 deputat – Bruno Retayo, Patrik Kanner, Erve Marsel, Elian Asassi və Giyom Qotar tərəfindən təqdim olunub. Bu deputatlar ilk baxışdan və əqidə baxımından Fransa prezidenti Emmanuel Makrona rəqib siyasi qüvvələrin nümayəndələri sayılsalar da, lakin əsl həqiqətdə isə onlar Makronla eyni mövqedən çıxış edirlər.
Bu, öncədən razılaşdırılmış bir siyasi oyundur, siyasi kombinasiyadır. Belə deyək də, Makron Azərbaycana öz siyasi rəqiblərinin əliylə təzyiq göstərməyə çalışır. Bu isə ona əlavə manevr imkanları yaradır. Yəni ki, Makronun öz düşüncəsinə görə belə ola bilər. Ancaq əsl həqiqətdə isə Makron ciddi şəkildə yanılır.
Psixikasında ciddi problemləri olan və peşəkar mütəxəssislər tərəfindən psixopat kimi təqdim edilən Emmanuel Makron dünyada gedən prosesləri düzgün dəyərləndirə və Fransanın maraqlarını öz şəxsi ambisiyalarına, hikkəsinə qurban verdiyinə görə, gələcəkdə ölkəsinə baha başa gələ biləcək çox riskli addımlar atır. Makron hal-hazırda tam şəkildə erməni lobbisinin nəzarəti altına düşüb. Təsiri yox a, məhz nəzarəti altına düşüb. Çünki onun hazırki davranışları təsir altında olmaq mərhələsindən daha dərin bir mərhələdə olan adamın hərəkətlərinə bənzəyir.
Makron “pult”la idarə olunan kukla kimi hərəkət edir. Erməni lobbisi onu kukla kimi idarə edir. Məhz erməni lobbisinin diktəsi altında Makron Azərbaycana qarşı bu cür mənhus addıma razılıq verib. O, artıq Rotşildlərin nəzarətindən çıxıb. Əgər Rotşildlərin təsir dairəsində qalsaydı, ölkəmizə qarşı bu cür aqressiv mövqe tutmaz və ağılsız addımlar atmazdı. Erməni lobbisi Makronu tam şəkildə öz “çətir”i altına almağı bacarıb. Beləliklə, erməni lobbisinin əlində alətə çevrilən Makron və bir sıra digər fransalı siyasətçilər “dqr”i tanımaq kimi təxribatçı bir təşəbbüslə çıxış etməklə Azərbaycana pislik etməkdən daha çox, ilk növbədə Fransanın özünə pislik edirlər.
Bu cür düşünülməmiş siyasi addımlar Fransanın imicini zədələyir. Fransa ədalətli ölkə, demokratiyanın beşiyi kimi mənəvi-siyasi statuslarını itirir, gözdən düşür və pirat ölkəyə, siyasi quldurluqla məşğul olan ölkəyə çevrilir. Bəli, bəli, Fransa hazırda özünü siyasi quldur kimi aparır. Makronun narsissizm xəstəliyi Fransanı da “xəstələndirir”. Fransa elə bilir ki, BMT-nin qətnamələrini, beynəlxalq hüququn prinsip və normalarını ayaqlar altına atıb, bir ovuc erməni lobbisinin maraqları naminə müstəqil Azərbaycanın ərazi bütövlüyünə zidd addım ata və Azərbaycan Ordusu tərəfindən əzilmiş terrorçu “dqr”i tanıya bilər. Fransa bu cür quldur davranışı ilə həm də üzv olduğu BMT-nin Nizamnaməsini ayaqlar altına atmış olur.
Odur ki, indi məsələni Fransa tarixə gömülən qondarma “dqr”i tanıyacaqmı şəklində qoymaq lazım deyil. Fransa kimdir ki, bu cür özbaşınalıq etsin? Fransanın özbaşınalığına göz yummaq olmaz. Fransanın bu cür beynəlxalq hüquqa zidd davranışları BMT səviyyəsində müzakirəyə çıxarılmalı və bu ölkənin rəhbərliyinin qeyri-adekvat davranışlarına siyasi-hüquqi qiymət verilməlidir.
Öz ölkəsini düz-əməlli idarə edə bilməyən, fransızların kasıb təbəqəsini və fransız qadınlarını dəfələrlə təhqir edən, buqələmun kimi tez-tez mövqeyini dəyişən, bir-birinə zidd açıqlamalar verən, fransızların maraqlarını ermənilərin mənafelərinə satan, erməni lobbisinin maliyyə əsarətinə düşən Emmanuel Makron kimi bir siyasətçinin hakimiyyətdə qalması Fransanın öz təhlükəsizliyi üçün və fransız xalqının gələcəyi üçün ciddi təhdidə çevrilməkdədir. Makron özünün ölçülüb-biçilməmiş hərəkətləri ilə, dünya liderinə və peşəkar siyasətçiyə yaraşmayan addımları ilə fransız xalqını fəlakətə doğru aparır. Bunu təkcə biz demirik, bunu Fransanın öz realist siyasətçiləri, yazarları, alimləri də etiraf edirlər.
Makron bu gedişlə Fransanı bir dünya super gücü olmaq statusundan məhrum edib, “ikinci eşalon” ölkələrindən birinə çevirəcək. Özünü “yeni dövrün Napoleonu” ampluasında görən Makron Fransa kimi bir dünya nəhəngini uğursuz Ermənistanın müttəfiqi səviyyəsinə endirib. Fransızlar bunun fərqində olmalı və Makrondan hesab sormalıdırlar. Fransız xalqı Makrona etimadsızlıq göstərməlidir. Əks halda Fransanı yaxın gələcəkdə çox ağır siyasi-iqtisadi karaklizmlər gözləyir. Heç bir sosial-iqtisadi proqramı olmayan, siyasi mövqeyini tez-tez dəyişən, mənəvi dəyərləri olmayan Makron kimi bir şəxsin idarə etdiyi ölkə başqa ölkələrin iç işlərinə qarışmaqdansa, öz qeydinə qalmalı, onu gözləyən fəlakətlərə hazır olmalıdır.
Biz bilirik, Makron və bəzi Senat üzvləri Rusiya və Türkiyənin son dövrlərdə Qarabağ məsələsinin həlli ilə bağlı irəli sürdükləri təşəbbüslərin və mexanizmlərin müsbət nəticələr verməsini heç cürə həzm edə bilmirlər. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi “oyundankənar” vəziyyətdə qalmasını Makron və bəzi senatorlar özlərinə bağışlaya bilmirlər. Rusiya prezidenti Vladimir Putinin dediyi kimi onlar dodaqlarını sallayıb uşaq kimi küsürlər. Ancaq belə hərəkətlər dünyanın 7 ən böyük dövlətindən birinin liderinə əsla yaraşmaz. Yaxşı olar ki, Makron öz hərəkətlərinə biraz çəki-düzən versin, özünü adekvat aparmağa başlasın və öz sələflərinin (Sarkozinin, Ollandın) səhvlərinə yol verməsin. Makron Fransanı müstəmləkəçi ölkə, ekspansionist-təcavüzkar ölkə, neoimperialist ölkə qismində tanıtmağa cəhd göstərib “napoleonluq” etməkdənsə, Rusiya liderinə baxsın, Putindən nümunə götürsün, ağıllı, praqmatik siyasətçi kimi hərəkət etməyə başlasın. 44 günlük müharibədə qalib gəldiyimizi görən Putin siyasi uzaqgörənlik göstərdi, müdriklik və çeviklik nümayiş etdirdi, Qarabağ münaqişəsinin həllinə münasibətini dəyişdi və məsələnin təxirəsalınmaz şəkildə həlli üçün Azərbaycan və Türkiyənin liderləri ilə səylərini birləşdirib konstruktiv addımlar atdı. Müsbət nəticələr də artıq göz qabağındadır. Əgər Fransa bu gün bu prosesdən kənarda qalıbsa, Makron buna görə İlham Əliyevə, Rəcəb Tayyib Ərdoğana və Vladimir Putinə qəzəblənməsin, özünü günahlandırsın. Makron siyasətdə “solluq” uşaq xəstəliyi nümayiş etdirib və gözlərini yumub erməniləri kor-koranə şəkildə müdafiə etməsəydi, “offsayd”da qalmazdı və necə deyərlər, indi o da işin içində olardı.
Ancaq Makron nə etdi?
Makron Fransanın həmsədr ölkə olduğunu unutdu, bitərəfliyi, neytrallığı bir kənara qoydu və çox açıq şəkildə münaqişənin tərəflərindən birinin – işğalçı Ermənistanın tərəfini tutdu. Bu Makronun öz siyasi karyerasındakı ən böyük və bağışlanılmaz səhvi idi.
Makron bu səhvi ilə Fransanın ədalətli ölkə, obyektiv ölkə imicini ayaqlar altına atdı, sarsıtdı. Daha doğrusu, Fransanın xarici siyasətində heç vaxt ədalətin olmadığını üzə çıxardı. Demokratiya və humanizm şüarları altında gizlənən Fransanın neoimperialist siması ifşa olundu, maskası düşdü. İndi də bunun acı “meyvə”sini Fransa özü yeməlidir.
Fransa Senatı qondarma “dqr”i tanıyarsa, bundan itirən tərəf Azərbaycan yox, ilk növbədə Fransanın özü olacaq. Senat və Makron bu addımı ilə gələcəkdə Fransanın özünün də parçalanması üçün, Fransanın bəzi bölgələrində separatçı meyllərin baş qaldırması üçün əlverişli zəmin yaradacaq. Odur ki, Makron Fransanın “bumeranq effekti” ilə üzləşməsini istəmirsə, ağlını başına yığsın və pərdə arxasından idarə etdiyi Senat üzvlərinə “dur!” desin.
Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının (MHP) sədri