Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində ATƏT-in Minsk qrupunu tarixin arxivinə göndərsə də, lakin görünən budur ki, Fransa və ABŞ bununla heç cürə barışmaq istəmir. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri – Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Moskvaya gəlib, Rusiya XİN-in başçısı Sergey Lavrovla geniş müzakirələr aparıblar.
Maraqlıdır, İkinci Qarabağ müharibəsinin Azərbaycanın zəfəri ilə başa çatmasından sonra avtomatik olaraq “oyundankənar” vəziyətdə qalan ABŞ və Fransadan olan həmsədrlərin Moskvaya səfər etmələrinin məqsədi nədən ibarətdir?
Məlum məsələdir ki, Qarabağda hərbi əməliyyatlar bizim Qələbəmizlə bitsə də, ortada diplomatik baxımdan nizamlanmalı olan bir sıra vacib məsələlər var. Söhbət dekabrın 1-nə qədər Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla boşaldılması və Azərbaycana təhvil verilməsi, işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin yerləşdirilməsi, Qarabağda erməni əsilli Azərbaycan vətəndaşlarının yaşayış prinsiplərinin müəyyən edilməsi, Azərbaycan-Ermənistan sərhədinin Qarabağdan keçən hissəsinin bərpa edilməsi, təhlükəsizlik zolağının yaradılması, işğal nəticəsində Azərbaycana dəymiş zərərin ödənilməsi, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən “dəhliz”lə bağlı problemlərin həll edilməsi və sair bu kimi kifayət qədər ciddi məsələlərin nizamlanmasından gedir.
Bu məsələlərin hər biri ətrafında uzun diplomatik-siyasi danışıqların aparılacağı gözlənilir. Odur ki, ABŞ və Fransadan olan həmsədrlər də fürsətdən istifadə edib yenidən bu proseslərdə yer almaq istəyirlər. Çünki bu ölkələrin də Qarabağda (Güney Qafqazda) geosiyasi və digər maraqları var. Xüsusən də Fransa prezidenti Emmanuel Makronun ifrat dərəcədə canfəşanlığı onu göstərir ki, onlar Qarabağa dair proseslərdə “offsayd” vəziyyətində qalmaqlarıyla heç cürə barışmaq istəmirlər.
Lakin reallıq isə ondan ibarətdir ki, noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış birgə bəyanat Minsk Qrupunun kənarda qalması ilə nəticələndi və Azərbaycan daha ATƏT-in Minsk qrupunu qəbul etmir. Çünki rəsmi Bakı haqlı olaraq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh dinc danışıqlar yoluyla həllinin süni surətdə illər boyu uzadılmasının günahkarı ilk növbədə Minsk qrupudur. Eyni zamanda 44 günlük müharibənin gedişində Makronun açıq-aşkar işğalçı Ermənistanın tərəfini tutması, Azərbaycanı isə əsassız iddialarla itiham etməsi onu göstərdi ki, rəsmi Paris Qarabağ məsələsində heç vaxt ədalətli mövqe tutmayıb və bundan sonra da tutmayacaq. Bu gün Fransanın həmsədrlik səlahiyyətlərini davam etdirməyə cəhd göstərməyə heç bir mənəvi-siyasi hüququ yoxdur. Fransa bu hüququnu Makronun ermənipərəst davranışlarının sayəsində itirdi. ABŞ da öz seçki “bataqlığ”ında ilişib qalıb. Faktiki olaraq bu gün ABŞ-da “ikihakimiyyətlilik” mövcuddur.
Odur ki, bu ölkənin hazırda Qarabağda sülh prosesi ilə ciddi şəkildə məşğul olması mümkünsüzdür. Odur ki, indi Azərbaycan danışıqların yeni formatına – Türkiyə, Rusiya, Ermənistan, Azərbaycan “dördlüyü”nə üstünlük verir. Bu format daha real və daha effektivdir. Qarabağ məsələsinin həllini 30 ildir yubadan beynəlxalq təşkilatlar və Minsk Qrupunun üzvləri də artıq bu reallıqla barışmaq məcburiyyətindədirlər. Qarabağın taleyi hansısa güclərin geosiyasi “bazarlıq” predmeti ola bilməz.
Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri