Partiya sədri Rusiyada yaşayan soydaşlarımıza müraciət etdi

“Loc-Ancelesdə, Brüsseldə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikdən sonra Rusiyada da analoji hadisə təkrarlandı.
Ermənilər azərbaycanlını döyərək video çəkiliş edib sosial şəbəkələrdə yaydılar.

Bu gecə buna cavab olaraq Rusiyanın bir sıra şəhərlərində azərbaycanlılar baş verən hadisələrə cavab məqsədilə emosional addımlar atıblar.”

Müstəqil.Az bildirir ki, bu sözləri Ümid partiyasının sədri İqbal Ağazadə özünün feysbuk səhifəsindəki divarında paylaşıb və  Rusiyada yaşayan soydaşlarımıza müraciət edib:

“Əziz həmvətənlərim, dəyərli qardaşlarım!

Ermənistanın təcavüzkar siyasətinin durdurulmasına qarşı dünyanın hər yerində göstərdiyimiz milli birliyimiz düşmənlərimizi də ciddi narahat edir. Haqq işimizdə bizə dəstək vermək istəyən başqa millətlərin də sayı günbəgün artır.

Belə məqamda təxribat törədərək bizi qarşıdurmaya çəkmək istəyən xüsusi qüvvələr var və olacaq.
Sizi bu təxribatlar vasitəsilə qeyri-qanuni müstəviyə çəkməklə həyatınızı, əmlakınızı, iş yerlərinizi təhlükə altında qoyub zəiflətmək məqsədi güdürlər, birliyimizi pozmağa, bizi dinc müstəvidən savaş müstəvisinə çıxarmaqla haqlı işimizi haqsız göstərməyə çalışırlar.

Əziz qardaşlar!

Durun! Bu sizlərə, xalqımıza qarşı böyük təxribatdır.

Müharibə orda getmir, siz orda hansı qeyrət, güc göstərsəniz də Qarabağda heç nə dəyişməyəcək.

Savaş Qarabağda olacaq.

Siz yaşadığınız yerlərdə bizim haqq işimizi müdafiə edən digər millətlərin sayını artırın, xalqımıza qarşı sevgi formalaşdırın.

İmkanlarınız güclü, münasibətləriniz hüquqi olsun.

Hamınızı bu təxribatlara uymamağa, olduğunuz yerlərdə qeyri-qanuni addımlar atmamağa, gücünüzü Qarabağda başlayacaq son döyüşə saxlamağa səsləyirəm.”

Müstəqil.Az

Share: