Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə regional kommunikasiyaların blokdan çıxarılmasının vacibliyini vurğulayıb.
Müstəqil.Az bildirir ki, bu barədə o, Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib.
Paşinyanın sözlərinə görə, yolların açılması Ermənistan iqtisadiyyatı və sənayesinin inkişafında vacib rol oynayacaq. Nümunə olaraq mis-filiz mədənçiliyinə işarə edib.
Paşinyana görə, orta müddətdə Ermənistandan misin ixracını qadağan etmək və əvəzinə misəritmə zavodları tikmək lazımdır. Filiz Ermənistanda emal olunmalı, əlavə dəyər qazanmalı və iş yerləri yaradılmalıdır.
O, Ermənistanın mislə zəngin olduğunu, lakin sənayesinin modernləşdirilməsi və misəritmə üçün potensialın yaradılmasının kommunikasiyasız mümkün olmadığını xatırladıb. Bu kontekstdə Paşinyan regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasının vacibliyini qeyd edib:
“Bəzi qərarlar verməliyik. Anlamalıyıq ki, Azərbaycan ərazisindən keçə bilmərik, eyni zamanda onlara da bizim ərazimizdən yol vermirik. Biz mövcud marşrutlardan qarşılıqlı istifadə etməyi bacarmalıyıq. Ümumiyyətlə, Ermənistan bölgəyə başqa bir bucaqdan baxmağa başlamalıdır. Ermənistan ətrafında əlverişli bir mühit yaratmalıyıq. Ancaq qonşular da Ermənistanla münasibətdə mövqelərini dəyişdirməlidirlər”.
Müstəqil.Az