“Paşinyan buna görə münaqişənin həllini ləngidir”

“Paşinyan buna görə münaqişənin həllini ləngidir”

Niderland parlamentində DENK Partiyasını təmsil edən türk əsilli millət vəkili Tunahan Kuzu Ermənistanın Azərbaycan torpaqlarını dərhal tərk etməsini tələb edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının təşəbbüsü ilə parlamentdə Ermənistanın Azərbaycanın mülki əhalisini raket hücumuna məruz qoyması məsələsini qaldıran Tunahan Kuzu bölgədən əldə etdiyi görüntülərin həqiqətən dəhşətli olduğunu deyib. O bildirib: “Evlərə bombalar yağdırılır və təəssüf ki, mülki insanlar arasında itkilər var”.

İki ölkə arasında gərginliyi azaltmaq və danışıqlar masası arxasına keçmək üçün müxtəlif çağırışların səsləndirildiyini bildirən deputat deyib: “Hərçənd bu çağırışları 27 ildir eşidirik. 27 ildir ki, sözdə danışıqlar masası arxasında görüşlər gerçəkləşdirilir, amma nədənsə günahsız insanların qanı axmaqda davam edir”.

Niderlandlı siyasətçi diqqətə çatdırıb ki, iki ölkə arasında gərginliyin azalması barədə çağırışların əməldə gerçəkləşdirilməsi Ermənistanın işğalçılıq siyasəti üzündən baş tutmur. Çünki Ermənistan Azərbaycan torpaqlarının işğalından vaz keçmir. Azərbaycan torpaqlarının 20 faizindən çoxu Ermənistanın işğalı altındadır. Ermənistanın baş naziri Nikol Paşinyan hər açıqlamasında “böyük Ermənistan” xəyalından özünü qurtara bilmədiyi üçün münaqişənin həlli ləngiyir.

Ermənistanın Azərbaycan torpaqlarını tərk etməli olduğunu qeyd edən deputat bildirib: “Azərbaycanın işğal altında olan torpaqlarından Ermənistanın dərhal geri çəkilməsi tələbi beynəlxalq hüquq baxımından tamamilə haqlıdır. Buna görə də təkrar edirəm: Hörmətli sədr! Ermənistan Azərbaycan torpaqlarından dərhal geri çəkilməlidir. BMT-nin Azərbaycanın sərhədlərini tanıyan 4 qətnaməsi var. Hətta 2009-cu ildə Avropa Parlamentinin qəbul etdiyi qərarda Ermənistanın işğal olunmuş torpaqlardan dərhal geri çəkilməsi və məcburi köçkünlərin hüquqlarının bərpası tələb edilib”.

Qeyd edək ki, Tunahan Kuzu 1981-ci ildə İstanbulda doğulub. Kiçik yaşlarında ailəsi ilə Niderlanda köçüb və təhsilini orada alıb. 2008-ci ildə Niderlandın İşçi Partiyasından Rotterdam bələdiyyəsinin məclisinə seçilib. 2012-ci ildə həmin partiyanın millət vəkili olaraq Niderland parlamentinin üzvü seçilib. 2015-ci il fevralın 9-da deputat həmkarı Səlcuk Öztürklə birlikdə Niderlandda yaşayan milli azlıqların hüquqlarını qoruyan DENK Partiyasını yaradıb.

Share: