Onminlərlə etirazçı müxalif lider Nikol Paşinyanın ötəngünkü müraciətinə əsasən İrəvanın Respublika meydanına toplaşıb.
Müstəqil.Az xəbər verir ki, etirazçılar meydandakı iri monitorların qarşısına toplaşıb. Həmin monitorlarlarda parlamentdə saat 12:00-da başlanması nəzərdə tutulan baş nazir seçkisi canlı göstəriləcək.
Hazırda meydana insan axını davam edir.
Qeyd edək ki, bugünkü seçkidə baş nazirliyə yeganə namizəd Nikol Paşinyandır. Ötən gün onun seçiləcəyi ehtimalı yüksək olsa da, bu gün səhər saatlarında Serj Sərkisyanın başçılıq etdiyi Respublika Partiyasının parlamentdə təcili iclas keçirdiyi və baş nazir seçkisinə mane olmaq üçün plan qurduğu xəbəri yayılıb.
N.Paşinyan isə Feysbuk üzərindən RP-nin seçkiyə mane olmaq üçün gecə fövqəladə toplantı keçirdiyini bildirib və hamını meydana səsləyib.
***
Hörmətli xalqım, xahiş edirəm bizi Respublika meydanında gözləyəsiniz.
Bu sözləri Nikol Paşinyan Feysbuk hesabında yazıb.
Qeyd edək ki, hazırda Ermənistan parlamentində seçkiöncəsi toplantı keçirilir. Yeganə namizəd N.Paşinyandır.
***
N.Paşinyanın baş nazir seçilməsinə Respublika Partiyasının maneə yaratmasından sonra Respublika meydanında aksiya davam edir. Paşinyan özü də mitinqə qoşulub.
***
Nikol Paşinyan mitinqdə tərəfdarlarına çağırış edib:
“Mən çağırış edirəm! Sabah saat 8-dən etibarən (yerli vaxtla) geniş miqyasda vətəndaş itaətsizliyi göstərilsin. Bizim tərəfdarlar hava limanı yolunu və respublikanın digər əsas magistrallarını bağlamalıdır. Biz xalqın qələbəsinin oğurlanmasına icazə verməyəcəyik”, – Paşinyan bildirib.
İlkin Həsənli