Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya Hökumətlərarası Şurasında iştirak etmək üçün Minskə səfərini birmənalı hadisə adlandırmaq çətindir. Bu, siyasətçinin özünün məntiqindən belə çıxır. Üç həftə bundan əvvəl Ermənistan rəhbəri respublikada epidemioloji vəziyyətin mürəkkəb olmasına istinad edərək Moskvaya, Qələbə paradına getməkdən imtina etmişdi.
Müstəqil.Az xəbər verir ki, Rusiyanın “Lenta.ru” nəşrində “Ermənistan hökumətinin başçısı Belarusa nə üçün uçmuşdu” sərlövhəli məqalə dərc edilib.
Məqalədə qeyd edilir ki, Moskvada parad keçirildiyi gündən ötən 3 həftə ərzində Ermənistanda koronavirusla bağlı vəziyyət heç də yaxşılaşmayıb – respublikada karantin müddəti avqustun 12-dək uzadılıb, lakin bu, Ermənistanın baş nazirinin Belarus paytaxtına uçmasına mane olmayıb. Hərçənd, Paşinyan silahlı qüvvələrin ali baş komandanıdır və heç də sadə olmayan bir dövrdə ölkəni tərk etmək siyasətçi üçün məntiqi addım deyil.
Məqalə müəllifinin fikrincə, Ermənistan rəhbərinin koronavirus probleminə münasibətini dəyişməsini və ölkəni tərk etməsini izah edə biləcək yeganə məntiqi fərziyyə Hökumətlərarası Şura üzrə tərəfdaşlarından, ilk növbədə, Rusiyadan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi məsələsində lütfkar münasibətə nail olmaq cəhdidir. Məqalə müəllifi yazır:
“Qeyd etmək lazımdır ki, Nikol Paşinyan Minskə səfəri zamanı ikili mövqe tutub. O, öz rəsmi bəyanatında bir tərəfdən neytral tonda Azərbaycan rəhbərliyi ilə sülh danışıqlarının zəruriliyini vurğulayır, amma yeri gəlmişkən yalnız Avrasiya Hökumətlərarası Şurasının iclasının gündəliyinə daxil edilmiş məsələlərə toxunub. Digər tərəfdən, sammitin kuluarlarında Ermənistan rəhbəri cari vəziyyətin kəskinləşməsi haqqında “həqiqəti” söyləməyə çalışıb, hansısa üçüncü tərəfi münaqişəyə təhrikçilikdə təqsirləndirib”.
Bəzi ekspertlərin fikrincə, Paşinyanın KTMT-dən kömək istəməsini Rusiya Federasiyasını cari münaqişəyə cəlb etmək cəhdi kimi qiymətləndirmək olar. Xüsusi halda Ermənistanın baş naziri buna güman edir ki, KTMT Ermənistanın müdafiəsi üzrə öhdəlik götürüb, bu təşkilatın tərəfləri “ayırmaq”dan imtina etməsi isə onun fəaliyyət qabiliyyətli olmamasını göstərir.
Nəşrdə deyilir: “Bu halda Paşinyan özü İrəvanın beynəlxalq birlik üzrə tərəfdaşları ilə qarşılıqlı münasibətlərini qismən korlayıb. Əvvələn, Paşinyan hələ Ermənistanda müxalifətdə olarkən ardıcıl olaraq respublikanın KTMT-dən çıxmasının tərəfdarı idi. İkincisi, 2018-ci ildə onun hakimiyyətə gəlişindən demək olar ki, dərhal sonra həmin vaxt təşkilatın baş katibi vəzifəsini tutan Yuri Xaçaturov həbs edildi. Daha sonra məhz İrəvan təşkilata yeni baş katib təyin edilməsinə uzun müddət mane oldu. Ermənistanın baş nazirinin Amerikaya rəğbətini gizlətmədiyini nəzərə alsaq, Paşinyanın KTMT və Rusiya tərəfindən dəstəklənməyə ümid etməsi ən azı sadəlövhlükdür. Məsələn, Ermənistan hökumətinin başçısı hakimiyyətə gələndən dərhal sonra bir sıra gəlişigözəl kadr dəyişiklikləri etdi. O cümlədən amerikapərəst qurumlarla, xüsusən Soros Fondu ilə əlaqələri barədə əsaslı şübhələr olan bəzi şəxsləri özü ilə gətirdi.
Ermənistan parlamentində Rusiya ilə fəal yaxınlaşmanın tərəfdarı olan yeganə hərəkatın – Çiçəklənən Ermənistan Partiyasına qarşı təqiblər başladı. Hazırda həmin partiyanın lideri Qagik Sarukyan üç cinayət işinin fiqurantıdır”.
Müəllifin sözlərinə görə Moskvada bir dəfə özlərini elə göstərdilər ki, guya yuxarıda sadalanan bütün faktları unudublar, hətta 2019-cu ilin yanvarında Paşinyanın RF Prezidenti Vladimir Putin ilə razılaşdırılmış iş qrafikindən kənar görüşmək cəhdini qismən təmin etdilər (o vaxt onu baş nazir Dmitri Medvedyev qəbul etdi), indi isə əminliklə demək olar ki, cari vəziyyətdə Rusiyanın Paşinyanı yüz faiz dəstəkləyəcəyinə ümid etməyə dəyməz, çünki Ermənistan-Azərbaycan qarşıdurmasında Kreml prinsipial olaraq, münaqişə tərəflərinin hər ikisinə bərabər mövqedən çıxış edir.