16:28
Müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə bu gün 15:00-dan İrəvandan başlayan avto-yürüş Gümrüyə qədər davam edib.
Müstəqil.Az Axar.az-a istinad edərək xəbər verir ki, canlı olaraq yayımlanan avto-yürüşə çoxsaylı insanın öz maşınları ilə qatılması diqqət çəkib.
Gümrüyə çatan karvan saat 18:00-da Vardanants meydanında toplaşan aksiya iştirakçılarına qoşulub və izdihamlı mitinqə başlayıb.
N.Paşinyan mitinqdə bir neçə məqamı qabardıb. Xüsusilə 102-ci Rusiya hərbi bazanın yerləşdiyi Gümrü şəhərindəki mitinqdə Paşinyan daha çox Rusiya ilə bağlı siyasi mövqeyini dilə gətirib.
Paşinyan bildirib ki, Ermənistanın KTMT-də qalacağına zəmanət verir. Bu qurumun Ermənistanın milli maraqlarına cavab verdiyini bəyan edən Paşinyan deyib:
“Hazırda elə rəy yaratmağa çalışırlar ki, guya hakimiyyət dəyişikliyindən sonra Rusiyaya qarşı siyasi, geosiyasi və iqtisadi müharibə başlayacaq. Ancaq biz qətiyyən Rusiyanın düşməni deyilik. Çünki öz-özümüzün düşməni deyilik ki, ölkəni avantüraya sürükləyək. Hakimiyyət dəyişikliyindən sonra heç bir geopolitik reverans olmayacaq”.
O bildirib ki, əksinə, KTMT-nin fəaliyyəti gücləndiriləcək:
“Biz hazırda fəaliyyətsiz olan bu qurumun Ermənistanın, xüsusilə Qarabağın təhlükəsizliyinin zəmanəti üçün daha effektiv çalışmasına nail olacağıq. Ermənistan bütün beynəlxalq öhdəliklərinə sadiq qalacaq”.
Daha sonra daxili siyasətdən də danışan Paşinyan K.Karapetyanın sadəcə vaxt itirdiyini bildirib: “Bu gün çoxları soruşur ki, onlar ölkədəki siyasi krizisin həlli istiqamətində nə edə bilərlər. Mən deyim, çox sadə – Karapetyana deyin ki, o, baş nazir ola bilməz. Artıq başqa Ermənistan var, bu Ermənistanda vətəndaşlar qalib gəlib”.
O deyib ki, Karen Karapetyan baş nazir olmaq istəyərsə, onu da Serj Sərkisyanın aqibəti gözləyir.
Paşinyan parlamentdəki bütün fraksiyaların xalqın namizədini baş nazirliyə dəstəkləməli olduğunu vurğulayıb: “Əgər xalqdan qələbəni oğurlamaq istəsən, milyonlar küçələrə çıxar”.
Mitinqin sonunda o, sabah Vanadzorda, 29 apreldən isə İrəvanda akisyalara start veriləcəyini bildirib.
Mitinq Gümrü küçələrində yürüşlə başa çatıb.
Müstəqil.Az