Paşinyan, Sərkisyan və ya Köçəryan “Laçın dəhlizi” ilə Qarabağa gəlmək istəsə… – Bakıdan reaksiyalar

Paşinyan, Sərkisyan və ya Köçəryan “Laçın dəhlizi” ilə Qarabağa gəlmək istəsə… – Bakıdan reaksiyalar

Ceyhun Məmmədov: “Belə cəhdlər olarsa, Azərbaycan bunun qarşısını qətiyyətlə alacaq”

Kapitulyasiyaya qədər Ermənistanın rəsmiləri və yüksək çinli hərbçiləri tez-tez qanunsuz yolla işğal alındakı ərazilərimizə, Xankəndinə gəlir, oradan Azərbaycan əleyhinə təxribatçı bəyanatlar verirdilər. Amma 10 noyabr bəyannaməsinin imzalanmasından sonra artıq işğal yoxdur, yeganə yol olan “Laçın dəhlizi”nə də Azərbaycanın razılığı ilə Rusiya sülhməramlıları nəzarət edir.Sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün Azərbaycan hərbçiləri Ermənistandan Qarabağa gəlmək istəyən erməni hərbçiləri ölkəmizin ərazisinə buraxmaqdan imtina edib, bəyan olunub ki, dəhliz yalnız mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Azərbaycan ərazilərində – Rusiya sülhməramlılarının təsir dairəsində olan rayonlarda – hələ də qanunsuz silahlı birləşmələr mövcuddur. Vaxtaşırı Azərbaycan Ordusu və müvafiq qurumlarımızın həyata keçirdiyi əməliyyatlar nəticəsində terrorçu birləşmələr və qanunsuz fəaliyyət göstərən silahlılar tərk-silah edilir, ancaq Rusiya sülhməramlılarının onları xilas edəcəyinə arxayın olan ermənilər cinayətkar fəaliyyətlərinə könüllü şəkildə son vermək istəmirlər.
Hazırkı şəraitdə sual yaranır: tutaq ki, Nikol Paşinyan, yaxud Serj Sərkisyanla, Robert Köçəryan “Laçın dəhlizi” ilə yenə Qarabağa gəlmək istəsə, ruslar onları buraxacaqmı və ya buraxmalıdırlarmı? O halda Azərbaycanın mövqeyi necə olacaq?
Məsələ ilə bağlı XİN-dən mövqe öyrənmək istəsək də, mümkün olmadı.
Deputat Ceyhun Məmmədov: “Cəbrayıllılarla dil tapmaq o qədər də çətin  deyil” - MÜSAHİBƏ
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, əvvəlki dövrlərdə Ermənistanın siyasi rəhbərliyi, xüsusilə Paşinyan davamlı olaraq Qarabağa səfərlər edir, burada təxribat xarakterli bəyanatlar verir, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının heysiyyəti ilə oynayırdı: “Paşinyanın Azərbaycanın gücünü düzgün hesablaya bilmədi, nəticədə Azərbaycanın dəmir yumruğunu gördü və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan vətəndaşları işğal olunmuş ərazilərdə keçirilən seçki və andiçmə şoularını, qondarma rejimin parlamentinin Şuşaya köçürülməsi ilə bağlı bəyanatları, Cəbrayıla yol çəkilməsi ilə bağlı planları yaxşı xatırlayırlar. Artıq bu dövr arxada qalıb. Azərbaycan Ermənistan ordusunun 80 faizini darmadağın edib, xunta rejimi üzərində qələbəsini təmin edib. Ermənistanın özünə gəlməsinə uzun illər lazımdır. Əgər nəticə çıxarmasa, növbəti dəmir yumruğu görəcək.
Məlum olduğu kimi, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur. Azərbaycanın razılığı olmadan bu ərazilərə səfər qanunsuz sayılır. Ona görə də inanmıram ki, belə cəhdlər olsun”.
C.Məmmədov bildirdi ki, hazırkı mərhələdə Azərbaycan buna icazə verməz: “Belə cəhdlər olarsa, Azərbaycan bunun qarşısını qətiyyətlə alacaq. Eyni zamanda erməni xalqı özü siyasi liderlərindən Qarabağda baş verənlərə görə ciddi narazıdır. Hesab edirlər ki, bu gün Qarabağda baş verənlərə görə bu günə kimi Ermənistanda hakimiyyətdə olan bütün siyasi liderlər birbaşa məsuliyyət daşıyırlar. Onlar baş verənlərin hesabatını verməlidirlər. Digər tərəfdən, onlar hansı üzlə bölgəyə səfər edəcəklər?”
Elçin Mirzəbəyli: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı siyasi  arenada darmadağın etdi
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, üçtərəfli bəyənnaməyə əsasən, Azərbaycan ərazilərində erməni hərbi birləşmələri olmamalıdır: “Buraya Ermənistan silahlı qüvvələri də, etnik ermənilərə aid edilən, lakin de-fakto Ermənistan ordusunun tərkib hissəsi olan hərbi birləşmələr də aiddir. Bununla yanaşı, bəyanatda qeyd olunur ki, ”Azərbaycan Respublikası “Laçın dəhlizi” üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. Burada “vətəndaşlar” deyiləndə, çox güman ki, mülki şəxslər nəzərdə tutulub. Bu baxımdan, üçtərəfli bəyannamədə “Laçın dəhlizi”ndən Nikol Paşinyan da daxil olmaqla, digər Ermənistan vətəndaşlarının da Azərbaycan ərazilərinə, yəni hazırda Rusiya sülhməramlılarının atəşkəs rejiminə nəzarət etdiyi ərazilərə daxil olmasını məhdudlaşdıran müddəa yoxdur. Əgər Azərbaycanın mövcud qanunvericiliyini əsas götürsək, o zaman Ermənistan ərazisindən heç bir kəs Azərbaycanın razılığı olmadan, Azərbaycanın sərhəd və gömrük nəzarətindən keçmədən ölkəmizə daxil ola bilməz”.
E.Mirzəbəylinin sözlərinə görə, bununla yanaşı, nəzərə almaq lazımdır ki, mövcud vəziyyət xüsusi xarakter daşıyır və hazırda bizi narahat edən bütün məqamların hüquqi cəhətdən tənzimlənməsinə ehtiyac var: “Həm beynəlxalq hüquqa, həm də Azərbaycan Respublikasının hüquqi-normativ aktlarına görə, insanlara onların etnik mənsubiyyətinə görə hər hansı bir əlahiddə status verilə bilməz. Ermənilər də digər Azərbaycan vətəndaşları kimi, qanunlar çərçivəsində yaşamağa alışmalıdırlar. Düşünürəm ki, bütün bu məsələlər müəyyən bir zaman kəsiyindən sonra öz həllini tapacaq”.
Sonda qeyd edək ki, Bakıya “çağırılmamış qonaqlar” – ATƏT-in Minsk Qrupunun həmsədrləri bir müddət öncə bölgədə olarkən ənənələrinə uyğun şəkildə Xankəndinə getmədilər. İllər boyu Qarabağ separatçıları ilə görüşə can atmış vasitəçilər bu dəfə heç baş terrorçu Araik Arutyunyanla İrəvanda da görüşmədilər. Bu qərar heç şübhəsiz ki, rəsmi Bakının kəskin xəbərdarlığının məntiqi nəticəsi idi. Odur ki, Ermənistan rəhbərliyinin Xankəndinə yolunun kəsilməsi üçün Azərbaycanın birmənalı mövqe sərgiləyib, düşmənə və Rusiya sülhməramlılarına prinsipial mövqeyini çatdırması lazımdır. Əks təqdirdə, İrəvandan Xankəndinə və ya əksinə, səfərlər adiləşəcək, əvvəllər olduğu kimi davam edəcək…
E.PAŞASOY,
“Yeni Müsavat”

Share: