Ermənistan Baş naziri Nikol Paşinyanın Şuşanın işğalının 27-ci ildönümü münasibətiylə keçirilən tədbirdə oynadığı yallı Azərbaycanın “Çimənkənd” yallısıdır.
Bu sözləri Kult.az-a açıqlamasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli deyib.
O bildirib ki, çox az adamın “Çimənkənd” yallısı haqqında məlumatı var:
“Ermənilər Azərbaycan xalq musiqisini dünyanın hər yerində öz folkloru kimi təqdim edirlər. Əsrin əvvəllərindən, yəni 1920-1927-ci illərdən bizim rəqslərimiz və musiqilərimiz toplanıb. Həmin vaxt ermənilər bizimlə kompakt şəkildə yaşadıqları üçün bu rəqsləri bizdən öyrəniblər. Erməni bəstəkarları öz əsərlərində Azərbaycan musiqilərindən istifadə edib. Hətta internet resurslarında gördüyünüz erməni rəqslərinin hamısı Azərbaycan rəqsləridir. Onlar bu rəqslərimizin adını dəyişərək, hərəsinə bir ad qoyublar. Bəzi rəqslərimiz var ki, ümumiyyətlə, adını belə dəyişməyiblər. Eləcə də yallılarımızın: “Köçəri”yə onlar da “Köçəri”, “Təmzərə”yə “Tamzara”, “Ver-veri”yə “Ver-veri” deyirlər. Paşinyanın oynadığı yallı Azərbaycanın “Çimənkənd” yallısıdır. İrəvan qəzasında Qarabağlılar rayonu olub, Çimənkənd də o rayonun kəndi olub. 1949-cu ildə həmin Qarabağlılar rayonunun adını dəyişib, Vedibasar qoyublar. Çimənkənd də Vedibasar dediyimiz rayonun tərkibində olub. 1978-ci ildə Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti kəndin adını dəyişdirərək, Urcadzor qoyub. Yallının əsl adı “Çəmənkənd”dir, amma dialektə uyğun olaraq “Çimənkənd” deyirik. Hətta Paşinyanın həmin rəqs zamanı etdiyi hərəkətlər Göyçə mahalının “Ağbaba”, “Ağbulaq”, “Hacı Nəzər” yallısına aiddir.
“Çimənkənd” yallısının notlarını Ermənistanın (Qərbi Azərbaycan) Pəmbək mahallının Hallavar kəndindən olan tanınmış zurna ifaçısı Musa Məhəmmədoğlu Bayramovdan əldə etmişəm. Yallı iki hissəlidir. Bunun birinci, hissəsi musiqi dilində desək, 4-də 2 ölçüdə, ağır tempdə səslənir və marş xasiyyətlidir. İkinci hissə isə oynaq, 8-də 6 ölçüdədir və rəqs xasiyyətlidir. Ermənilərin oynadığı yallının səslənməsi ilə “Çimənkənd” yallısının səslənməsi arasında həm birinci, həm də ikinci hissəsində fərq var. Bizdə “do” notu Şur ladını göstərən aparıcı ton kimi istifadə olunur. Ermənilər bunu ifa edə bilmir. Yalnız bizdə zurna ifaçıları bu səslənməni əldə edə bilirlər”.
Qeyd edək ki, Ermənistan Baş naziri Paşinyan Şuşanın işğal günü ilə bağlı təşkil edilən mərasimə qatılıb və işğal etdikləri Azərbaycan şəhərində Azərbaycan xalqından oğurladıqları yallıya oynayıb.