“Paşinyanın 10 noyabr Bəyanatının bəndlərini yerinə yetirməkdən başqa yolu yoxdur…”

“Paşinyanın 10 noyabr Bəyanatının bəndlərini yerinə yetirməkdən başqa yolu yoxdur…”

Millət vəkili Cavanşir Feyziyev gündəmin bir sıra aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:

Müstəqil.Az müsahibəni təqdim edir:

– Rusiyanın Qarabağda öz mandatı ilə bir araya sığımayan hərəkətləri Azərbaycan-Rusiya münasibətlərini zədələyir və artıq rəsmi Bakının səbrini daşırmaqdadır. Kreml niyə Azərbaycanın ərazisində bu cür saymazyana davranışlarla iki ölkə arasındakı münasibətlərə zərbə vurmaqda maraqlı olsun? Moskvanın bundan hansı qazancı ola bilər ki?

 

– Rusiyanın Azərbaycan ərazisində sülhməramlı missiya həyata keçirməsini leqallaşdıran yeganə sənəd 9 noyabr 2020- ci il tarixli üçtərəfli bəyanatdır. O sənəd hərbi əməliyyatların ən qızğın dövründə, ekstremal şəraitdə qəbul olunmuş və daha çox tərəflər arasında atəşkəsə nail olmaq məqsədi daşıyan çox mühüm, amma çox yığcam bir sənəddir. Aydın məsələdir ki, həmin sənəddə Rusiya sülhməramlılarının hər bir addımını normalaşdırmaq və missiyanın bütün detallarının şərhini vermək mümkün deyildi. Amma bu da problem deyil. Çünki bu sənəddə ən azı 5 illik müddətdən sonra missiyanın davam etdirilməsi üçün tərəflərin razılığı tələb olunur. Bu isə o deməkdir ki, Rusiya sülhməramlı qüvvələrinin hüquq və vəzifələrini, öhdəliklərini müzakirə etmək, onlara əlavə və dəyişikliklər etmək imkanımız var. Əminəm ki, hökümət bütün mümkün vasitələrdən istifadə edərək missoyanın vəzifə və öhdəliklərinin daha aydın təsbit olunmasını və onların yerinə yetirilməsi mexanizminin dəqiqləşdirilməsini təmin edəcək.

 

– Həm Rusiyada, həm Ermənistanda, hətta elə Azərbaycanda da bəzi siyasətçilər iddia edirlər ki, Rusiya özünün sülhməramlı qüvvələrini heç zaman Azərbaycan ərazisindən çıxarmayacaq. Ona görə də öz istədikləri kimi hərəkət edirlər. Bu barədə siz nə düşünürsünüz?

 

– Əvvəlcə baxın görün, bu fikirləri söyləyənlər kimlərdir. Rusiyada neo- imperialist xülyası ilə özlərinə təskinlik verən və Ermənistanı dəstəkləyən bəzi siyasətbazlar, Ermənistanda məğlubiyyətdən məyus olmuş erməni cəmiyyətinə təskinlik verməyə çalışan həm iqtidar və həm də müxalifətçi siyasətçilər, bir də Azərbaycanda əsasən erməni və rus maraqlarına xidmət edən cəsuslar və daxili düşmənlər. Çox uzağa getmək lazım deyil. Təkcə onu xatırlatmaq kifayətdir ki, 90-cı illərin əvvəllərində sovet qoşunlarını öz ölkəsindən ilk çıxaran respublika Azərbaycan olmuşdu.  Onlar Qəbələ RLS- in də ölkə ərazisindən çıxarıla bilməyəcəyini iddia edirdilər. Amma Azərbaycan dövlətinin siyasi iradəsi ilə çıxarıldı. Deməli ki, mümkündür. Bu gün Rusiya sülhməramlı qüvvələrinin ərazimizdə yerləşməsi bizim maraqlarımıza uyğundur, ona görə də onlar burada yerləşib. Milli maraqlarımıza uyğun olmayan anda onlar da çıxarılacaq.

 

– Bir çox politoloqlar Moskvanın şıltaqlıqlarına son qoyulması üçün rəsmi Ankaranın dövriyyəyə girməsini təklif edirlər. Rusiyanın bu cür ermənipərəst davranışlardan çəkindirmək üçün siz hansı reseptleri təklif edərdiniz?

 

– Ankara onsuz da post-müharibə tənzimləmə proseslərinin aktiv iştirakçısıdır və sülhün qorunmasında bilavasitə iştirak edir. Digər tərəfdən, heç kimə sirr deyil ki, Türkiyə hır zaman hər hansı bir ekstremal şəraotdə Azərbaycanın yanındadır və bu həmişə belə olacaq. Bunun bayaqkı sualınıza da aidiyyatı var. Rusiya artıq özünün Cənubi Qafqaz siyasətində Türkiyə amilini nəzərə almaya bilməz. Buna görə də əminliklə deyə bilərik ki, siz dediyiniz kimi, bəzi politoloqların  guya Rusiyanın bölgədə şəksiz söz sahibi olması ilə bağlı irəli sürdüyü iddialar əsassızdır. Resept məsələsinə gəlincə, siyasətdə hazır reseptlər olmur. Belə bir şey olsaydı, bütün dövlətlər, xüsusilə münaqişə vəziyyətində olan dövlətlər bir birinin aparacağı siyasəti öncədən təxmin edərək lazımi əks tədbirlər görərdilər. Siyasi proseslərdə imzalanan hər bir sənədin, verilən hər bir bəyanatın məzmununda görünən və həm də görünməyən məntiq və məqsədlər yer alır. Görünənlərlə reallıq heç də həmişə eynilik təşkil etmir, amma heç də hamı bunu  görə bilmir. Bu barədə bizim heç bir problemimiz yoxdur. Dövlət başçımızın müasir dünya siyasətinin ən mahir bilicilərindən biri olması beynəlxalq siyasət meydanında Azərbaycanın uğurlarını həmişə təmin edib və gələcəkdə də təmin edəcək. Bu gün Azərbaycan dövləti beynəlxalq siyasət meydanında qarşılaşdığı və ya qarşılaşa biləcəyi hər hansı bir maneəni uğurla dəf etməyə qadirdir.

 

– Bu günədək İrəvan məhz Kremldən aldığı güc sayəsində 10 noyabr razılaşmasının bir çox bəndinə əməl etməyib. Paşinyanı öz imzasına hörmət etməyə necə sövq etməli?

 

– Paşinyanın 10 noyabr tarixli Bəyanatın bütün bəndlərini yerinə yetirəcəyinə şübhəm yoxdur, çünki onun sadəcə başqa yolu yoxdur. Ehtimal edirəm ki, bəzi ləngimələr Ermənistan daxilindəki siyasi mübarizə ilə bağlıdır. Bununla belə üç ölkənin baş nazir müavinləri səviyyəsində təşkil olunmuş birgə komissiyanın fəaliyyətinin bərpa olunması onu göstərir ki, yaxın zamanlarda region miqyasında nəqliyyat kommunikasiyalarının bərpa olunması üzrə  mühüm addımlar atılacaq.

Share: