Paşinyanın başına mərmi yağdırmağa cürətimiz çatmadı

Müstəqil.Az şair, jurnalist Heydər Oğuzun yazıçı Aləm Kəngərlidən aldığı müsahibəni sizlərə təqdim edir:

-Salam, Aləm bəy.

-Xoş gördük.

-Sizə bir neçə sualla müraciət edib, ölkəmizdəki hazırkı durum barədə fikirlərinizi bilmək istərdik.

-Buyurun.

-Aləm bəy, pandemiyanın dünyada tüğyan etdiyi bir vaxtda erməni hərbi birləşmələrinin Tovuz rayonu istiqamətində ölkəmizə hücum etməsinə necə baxırsınız?

-Heydər bəy, mən belə bir hadisənin baş verməsində qeyri adi heç nə görmürəm. Ermənilər zaman-zaman bizim torpaqlarda həm öz dövlətlərini qurmuş, həm də imkan düşən kimi qəsb etdiyi əraziləri genişləndirməklə məşğul olmuşlar. Artıq uzun illərdir ki, biz nə Qarabağımızı, nə də ona bitişik olan yeddi rayonumuzu işğalçılardan azad edə bilmirk. Paşinyan dogma Şuşamımızın Cıdır düzündə yallı gedib, atəşfəşanlıq edən zaman başına mərmi yağdırmağa cürət etmədiyimiz üçün Tovuz rayonu istiqamətində ölkəmizdən əlavə torpaqlar zəbt etmək eşqinə düşdü. Lakin Milli Ordumuzun sarsıdıcı zərbələri qarşısında geri dönüb qaçmağa məcbur oldu.

-Lakin biz çox dəyərli əsgər və zabitlərimizi itirdik.

-Orası elədir. Müharibə itkisiz olmur. Ancaq unutmayın ki, ermənilər həmişə arxadan zərbə vurubar. Kim inanardı ki, bütün dünya ölkələrinin birləşərək pandemiya ilə mübarizə apardığı bir dövrdə insanlıq hissindən uzaq olan bu mənfur ünsürlər vətənimizə qəflətən hücum edə bilər. Ermənilər öz məkrli siyasətini həyata keçirmək üçün heç vaxt kişiyana mübarizə aparmayıblar. Bildiyiniz kimi onlar həmişə başqa dövlətlərin əlaltısı, aftafagötürəni olublar.

-İnsanların küçələrə çıxıb, hərbçilərə dəstək nümayiş etdirməsinə sizin münasibəti bilmək istərdik.

-Bu, çox möhtəşəm idi. Bütün dünya içtimaiyyəti gördü ki, artıq Azərbaycan xalqının səbir kasası dolub və onlar hər an ordu ilə birləşib işğal olunmuş ərazilərini düşməndən azad etmək əzmindədirlər.

-Sizcə bundan sonra Qarabağ istiqamətində müəyyən irəliləyişlər olacaqmı?

-Məncə, yox. Azərbaycan torpağını Azərbaycan Ordusu azad etməlidir. Nə qədər ki, Qarabağı, Xocalını işğal edən Rusiya ordusu Ermənistandan çıxmayıb və onunla hərbi müttəfiqdir, nə vaxta qədər ki, Qarabağ münaqişəsinin həllində Rrusiya dövləti vasitəçi kimi iştirak edir, vəziyyət mürəkkəb olaraq qalacaq.

-Siz könüllülərin qeydiyyatdan keçərək döyüşə can atmasına necə baxırsınız?

-Mən çox sevinirəm ki, cinsindən, dininindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq, pandemiya təhlükəsindən qorxmadan minlərlə vətəndaşımız qeydiyyatdan keçib cəbhəyə yollanmaq üçün Hərbi Komissarlıqların qarşısında növbəyə durmuşdular. Aydındır ki, döyüşə atılmazdan öncə onların hər biri müəyyən hərbi hazırlıq mərhələsi keçməlidir. Eyni zamanda bu dşüncədəyəm ki, ordumuz çox güclü olduğu üçün könüllülərin köməyinə ehtiyac qalmayacaq.

-Pandemiya dediniz yadıma bir şey düşdü. Bir neçə ay bundan əvvəl koronavirusla bağlı xalqa müraciıt edərək insanları təcrid olunmağa, evdən çölə çıxmamağa çağırmışdınız. Yenə də öz fikrinizdə qalırsınızmı?

-Xeyr. Əvvəlki fikrimdə qalmıram. Bəli, mən o düşüncədəyəm ki, hər kəs qanuna tabe olmalıdır. Baxmayaraq ki, o, sənin xoşuna gəlir, ya yox. Düzünü deyim ki, sərt karantin rejiminin yenidən uzadılmasını gözləmirdim. Sizə çoxmilyonlu əhalisi olan Moskva və Kiev kimi iki “qardaş” şəhərdən misal gətirmək istəyirəm. Bu şəhərlərdə nə sərt, nə də ki adi karantin rejimləri yoxdur. Insanlar küçə və parklarda sərbəst şəkildə gəzə bilir. Yalnız marketlərə daxil olan zaman vətəndaşlardan maska taxmaları tələb olunur. Kafe və restoranlar, digər iaşə obyektləri fəaliyyətdədir. Bizdə də insanlar işləməli, öz ailələrinə çörək aparmalıdırlar. Onları uzun müddət evdə saxlamaq düzgün deyil. Bu, gələcəkdə ağır iqtisadi problemlərə səbəb ola bilər.

-Belə başa düşdüm ki, siz bizdə də bütün iş sahələrinin fəaliyyətdə olmasını istəyirsiniz.
-Xeyr. Bu qərarı dövlət verməlidir. Daha doğrusu, tibb mütəxəssisləri, hansısa qurum və ya məmur yox. Unutmaq olmaz ki, insanları basqı və qorxu altında saxlayanda onların immuniteti aşağı düşür və bu da koronavirusa yoluxma zamanı ölüm riskini xeyli dərəcədə artırmış olur.

-Elə isə, dövlət bütün bunları niyə nızərə almır?

-Mənə elə gəlir ki, buna yeganə səbəb xəstəxanaların azlığı ola bilər.Yoluxma sayı artarsa, xəstələri yerbəyer etməkdə problem yaranmasın deyə.

-Son olaraq mövcud durumla bağlı nə kimi təkliflər vermək istərdiniz?

-Vətəndaşlarımıza verilən üçsaatlıq icazə müddətinin bölünərək hər biri saatyarım olmaqla iki dəfə istifadə olunmasına şərait yaradılmalıdır. Bağa, rayona öz ailəsini görməyə gedənlərə şərait yaradılmalıdır. Maskalı halda parkda, küçədə gəzən, idarə etdiyi avtomobildə təklikdə olan insanlar sorğu-sual olunmamalı, sərbəst buraxılmalıdırlar. Məncə, sərt karantin rejiminə gərək yoxdur.

 

 

 

Share: