***
Düşünürəm ki,
İnsan unutduğu qədər sevərmiş.
İnsan yaşıya bildiyi qədər ölərmiş.
Kimi unudub ölər,
Kimi ölüb unudar…
Əşşi…
Hər şey qarmaqarışıq…
Yəni anladığın hər şey mümkünsüz…
Nə sənə gəlmək,
Nə səninlə gülmək,
Nədə səninlə bir şəkilə çəkilmək mümkün…
İllər uzaqlığın
Ömür ayrılığın əksi…
Mənim səninlə yan yana gəldiyim söz belə
Bitmiş bir fikri ifadə eliyib cümlə ola bilməzkən
Biz hansı halda xoşbəxtliyə ümid edə biləriyki…
Boş ver…
***
Şəkil…
Baxıram danışmır, susub ömürlük,
Sevgiylə divara vurduğum şəkil.
Elə bil eşqimə məzar daşıdı,
Səninlə yan yana durduğum şəkil.
Həsrətin qoxusu otağa dolub,
Gözlərim fikirli,xəyala dalıb,
İndi ən sevimli təsəllim olub,
Bir zaman əsəbdən cırdığım şəkil.
Aşiqlər yan-yana kədərli durur,
Gələcək günlərə min xəyal qurur
Sevmirəm deyirəm, üzümə durur,
Ayrıldıq deyəndə qırdığım şəkil.
***
Yadındadısa…
Payız saçlarına həsrət qalan günəş işığıydı gözlərim.
Xəyalını qucaqlamaq zülmətinə əsir olmaq idi taleyimdə…
Əllərim alın yazısıydı ayrılıqların,
Ancaq vidaları bacarardı,
Ancaq yoxluğuna toxuna bilərdi…
Yadındadısa sənə demişdim…
– Bir gün yollar yorula bilər sənə gəlməkdən,
Yadındadısa sənə demişdim,
Vidaları ən çox barmaqlar sevir…
Ən çox ümidlər gedişinə baş daşı olur sevgilərin…
Sənə demişdim…
Demişdim yoxluğuna divar şəklidi sevgim…
Yadındadısa həmişə böyük olurdu sevgisi ulduzların,
Ulduzlara baxıb yoxluğuna sarılardıq əllərimizin…
Həmişə dalğası küləyə əsir düşürdü dənizin…
İndi uçurum başında dayanan quru daşam,
İndi unudulan yaddaşam…
Sən Allah əgər oxusan yazdıqlarımı
Gəlmə…
Unut məni…
Mən hələdə yoxluğuna sərxoşam…
***
Sonuncu beş dəqiqə…
Ömrün payız yağışı, birdə xəzəl yarpağlar,
Sənsizlik divar şəkli, asılıdı otağda.
Sən gedəli səfiləm dolaşıram gic kimi,
Təsəllimi tapıram siqaretdə, arağda.
Yalnızlıq əlləriylə cırmaqlayır sinəmi,
Çəkilən dərd çox uzun, ömrün payı çox qısa.
Otağın bir küncündə sığınıb xatirənə,
Beləcə yaşayıram gileyli, susa-susa.
Yoxa çıxır xəyalın dan yeri söküləndə,
Gözlərim yola salır xoşbəxtliyin qatarin.
Mən sevgimi qıfılla bağlamışam təkliyə,
Ömrün sənsiz qatına tullamışam açarın…
Nə varsa əllərimdə indi yalnız xəyaldı,
Qısılmağdan təkliyə hisslərim qabar olub.
Pəncərəyə hoh edib, baş hərfini yazmışdım,
Gördüm həmin pəncərə baş hərfinnən qırılıb.
Beləcə qayıtmadın, neçə fəsil dəyişdi,
Borana,qara düşdü bu ruh,bu bədən,bu can.
Mən özüm öz sonumu hazırladım həvəslə,
İndi solan yarpağam budağinnan asılan.
Buda sonuncu şeir,bu da son beş dəqiqə,
Sənə məktub yazıram ötüb, keçən zamannan.
Elcan, daha bitməli, hər şey bir yerə qədər,
Ha köks ötür,ha ağla,ha əzab çək yalannan..
***
Gecə yarı gözümün qaşısında
Çıxılanın,toplananın təkidir.
Məhəbbətin düsturunu bilmirəm,
Hardan bilim, gecə saat ikidir.
Bilmirəm ki yuxulardan sağ çıxmaq,
Bəlkə mənə ilahinin şansıdı…
Tapammıram yuxu üçün bir səbəb,
Tapammıram yaxşı səbəb hansıdı?!…
Əllərimlə toxunuram üzümə,
Dodağlarım, gözlərimdə burdadı…
Bir otağda dağılmışam yüz yerə,
Görən indi xəyallarım hardadı?
Gözlərimi zilləmişəm zülmətə,
Susa-susa sıxılıram, ilahi
Üstümə susduğca dalbadal gələn
Fikirlərdən çıxılıram, ilahi…
Bölünürəm otağin hər küncünə,
Vuruluram divardakı şəkilə.
Qışqırıram lal şəkilə danışmır,
Qırılıram divardakı şəkilə…
Elə susqun, elə kövrək və üzgün,
Ümidlərin baş daşıdı o şəkil…
Bir gün gəlsən götürərsən baxarsan,
Başdan başa göz yaşıdı o şəkil…
Daha sənsiz bir həyata alışmaq,
Daha sənsiz addımlamaq gərəkmiş…
Son görüşdə susqunluğun, dünyamın,
Elə o gün yıxılması deməkmiş…
***
Yox, daha ümidsiz ölər bu adam.
Elə sındırmısan,elə qırmısan,
İnanma bir daha gülər bu adam.
Sən gedən o gündən gedib özündən,
Çətin ki, özünə gələr bu adam.
Artar günü gündən qəmi,kədəri,
İtər gözlərindən eşqin dəyəri,
Bağlayar əbədi xatirələri,
Ömürlük ömründən silər bu adam…
Nə varsa xatirən yadından çıxar,
Zülmətə tuş gələr, ürəyin sıxar,
Gecədə, gündüzdə sakitcə baxar,
Kədərin güzgüylə bölər bu adam.
Yaşayar gileyli,qulağı səsdə,
Səninlə göz-gözə gəlmək həvəsdə,
Hər gün gəlib,gedər məzarın üsdə,
Daşdan danışmağı dilər bu adam…
Sızlayar yarası,məlhəmi olmaz,
Canında böyüyər ağrı, azalmaz,
Sabaha bir damcı ümidi qalmaz,
Yox, daha ümidsiz ölər bu adam…
Elcan Rəcili
Müstəqil.az