Əzizə Agahuseynqızı… Qarşımda Əzizə Agahusenqızını qızılı payız rəngli “Payız yağışları” adlı şeirlər kitabı var. Payız yağışları… Vərəqləyirəm…
Kitabdakı şeirlərlə tanış olmamışdan əvvəl Əzizənin xarakterini gözlərim önündə canlandırıram. Hələ şeirləri öxumağa tələsmirəm. Çünki mənim ədəbi məclislərdən tanıdıgım, şeirlrini ara-sıra öz dilindən eşitdiyim şairənin necə kövrək qəlbli biri oldugunu bilirəm. Onun misraları da qəlbinin kövrək simlərinə toxunaraq həzin bir musiqi səsi ilə süzülüb gələcəyinə əminəm. Səsi qulaqlarımda səslənir, ürək döyüntüləri ilə birlikdə. Ürəyinin səsinə qulaq asan şairdi.
Bu da şeirləri…Əzizənin bütün narahatlıqları, vətənə, cəmiyyətə, həyata, insanlığa olan sevgisi misralarda dolaşır, öz ünvanına çatmağa tələsir. Şairənin şeirlə nəfəs aldığını, şeiri övladları qədər sevdiyini görməmək mümkün deyil. Bu Əzizə Agahüseynqızının özünəməxsus, öz ətri olan şair xarakteridi. Payız yağışlarına bələnmiş formada. Kövrək, qayğılı, pıçıltılı, narın….
Misralarına hopdurub duygularını… Vətəndaş mövqeyini…
Əzizənin poetik təsvirləri, təbiətə, torpağa, yurda bağlılıgı o qədər güclü hisslərlə doludu kii, onun şeirlərinin istisinə isinməyə bilmirsən. Və elə bu fikirlərin içərisində “Gəlmişəm” adlı şeiri diqqətimi çəkir. Şeir fikirlərimi təsdiqləyir. Gülümsəyirəm.
Bu mənəm, qarşında duran,
Dəniz kimi dalğalı,
Ləpələri qırçın-qırçın ,
Lal qız…
Palıd kimi möhkəm,
Iradəli,
Lakin qəlbi kövrək,
Həsrətli,
Ayın işığında par-par yanan,
Telləri şümal qız…
Ürəyi ay kimi parlaq,
Gərdəni sərv,
Nazənin, süsən…
Bu mənəm, qarşındayam,
Gəlmişəm.…
Bəli bu Əzizə Agahüseynqızıdır. Şeirləri ilə özü tam gələn şair. “Payız yağışları” ilə oxucunun görüşünə gələn şair.
Niyə yağış? Niyə Payız? Qadın şairlər şeirləridə yağışa daha çox üz tuturlar. Göy üzü tərtəmizdi. Duygularının yağışa səpələnib çilənməsidimi bu və ya dodaqlardan qopan misraların yağış donunda bəşəriyyətə yayılması istəyimi?! Hər halda yağışa müraciət demək olar ki, şairlərin ən kövrək hisslərindən biridi.
Duyguların pıçıltısı ürəkdən süzüb gələn hisslərin yağışıdı. Bu dəfə Əziziə Agahüseynqızının poeziyaında və “Payız yağış”ında…Payız həm də həqiqətdi. Bahar təravətini xəzana döndərəcək qədər həqiqət…
Payız gəlib, soyuguyla, küləyilə xoş gəlib,
Kövrəkləşən, həlimləşən, ürəyimə tuş gəlib…
Və ya “Gedək payızı ağlayaq” şeirində
Bağlarda bir payız yaşar,
Gedək payızı ağlayaq.
Xəzan olmuş bağçasını,
Vaxtsız payızı ağlayaq.
Əzizə Agahüzeynqızının şeirlərində vətən nisgili, torpaq həsrəti, övlad-valideyn münasibəti, sevgi başlıca xətt kimi keçir. Onun cəmiyyətfə baş verən hadisələrə öz vətəndaş mövqeyini bildirməsi, hadisələrə ürək çırpıntıları il yanaşması, narahatlıqları şeirlərində də öz əksini tapır. Şairin “Şairlər yatammaz dərdin əlindən”, “Anama deməyin şeir yazıram”, Tənhalıq”, “Əsgər oğluma”,”Vətən” və bir sıra şeirləri bu fikirləri özündə cəmləşdirir.
Şair “Yurd yerinə xitabən” şeirində hisslərini belə ifadə edir:
Boy çiçəyi arzuladım yuxuma,
Bu arzular bir ümiddən toxuma.
Röyalarda boya taxdın yaxama,
Ayılanda nə gül vardı, nə çəmən.
Və ya
Xocalım
Dərdimsən, çəkirəm səni,
Qəlbimə əkirəm səni…
Körpə tək bükürəm səni,
Xocalım…
….
…. Bəli, nöqtələr… Mən nöqtələrdə dayanıram və bu nöqtələrin davamını Əzizə Agahüseynqızının poeziyasına və oxucularına buraxıram. Əzizə Agahüseynqızının poeziyası oxucularının fikrilərinə, düşüncələrinə çıraq olur, onlarla birlikdə yol gedir. Və inanıram ki, bu yolda Əzizənin şeirləri öz nurunu oxucuların könül işığı ilə birləşdirəcək. Bu kövrək ruhlu şairə poeziya işığında, söz işığında uğurlar arzulayıram. Uğurlar Əzizə Agahüseynqızı…
Mənsurə Qaçayqızı
Şair-publisist