Payıza qatılan sevgi -Təranə MƏMMƏDin yeni hekayəsi

Payıza qatılan sevgi -Təranə MƏMMƏDin yeni hekayəsi

Heç sevmirəm payızı. Necə sevim axı? Yağış, soyuq, günəşsiz günlər.

Bilmirəm onun nəyinə qızıl payız deyirlər.Qızıl a! Heyif deyil yay? Offf! Yay yadıma düşəndə ağlamağım gəlir.

Ağlamaq dedim yadıma qonşum düşdü. Qonşumuzda bir qadın var payız gələn kimi başlayır ağlamağa.
Zalımın qızı nə dərdini deyir, nə səsini kəsir. Elə ha ahı deyir. Səsini də eşidirik hərdən. Payızın ilk yağışı yağan kimi bu qadın başlayır gözünün yaşını tökməyə. Biz kişilər də ağlayan qadın görəndə onun bütün dərd-qəminə bais olduğumuzu sanırıq axı.
Bilmirəm, bəlkə tək mən beləyəm?
Bu gün gedib danışdıracam onu. Əvvəl axır bilməliyəm axı bu qadının dərdini.
3 ildir köçmüşəm bu evə. Qadın tək yaşayır və deyir ki, heç kimi yoxdur,amma hərdən bir kişinin gəlib ona bazarlıq etdiyini görmüşəm.
Budur, gəlir əlində dəsmal gözünü silə-silə..
Heç neçə yaşı olduğunu da bilən yoxdur. Bəlkə də 70-i haqlayıb. Mən də gənc deyiləm. Dünən 53 yaşımı qeyd etmişəm.
Payız haqqında deyilmiş ən GÖZƏL SÖZLƏR -FOTOLAR
Təklik pis şeydir. Mənim oğlum olmasaydı dəli olardım yəqin. Oğlum mənimlə yaşamasa da varlığını həmişə hiss edirəm.
Nə isə,gedim yaxına, görüm bir söz ala bilərəmmi bu qadından.
– Salam.
– Salam, salam.
– Necəsən ?
– Ehh. Necə olacam ? Payız gəldi də.
– Deyəsən sevmirsən payızı?
– Yox!- deyib qapını bağladı.
Yenə bir şey çıxmadı.
Elə təzəcə pilləkənləri qalxmaq istəyirdim ki, qadın qapını açıb:
– Gəl. Gəl bura,-deyə məni çağırdı.
Mən qalxdığım iki pilləkəni düşüb qadının evinin açıq qapısından onun otağına daxil oldum.
Otaq səliqə-səhmanlı idi. Hər şey öz yerində.
– Gəl. Otur. Yaxşı insansan. Sən yeganə adamsan ki, mənim payızı sevmədiyimi görürsən. Heç kim buna fikir vermir. Elə bilirlər qocalmışam ona görə ağlayıram.
Amma mən qoca deyiləm.
– Neçə yaşın var?
– Səncə?
– Yetmışı keçərsən eləmi?
– 55
– Nə?
– Hə. 55 yaşım var mənim.
Mən halımın dəyişdiyini qadına bildirməmək istəsəm də təəccübümü gizləyə bilmədim.
– Siz nə danışırsınız?!
-Payızlar belimi bükdü mənim.Öldürdü məni payızlar.
O, divardaki şəkilləri göstərib:
– Bax bunların hamısını payızda itirmişəm.
Atam bir gün işdən qayıtmadı. O payız bərk yağış yağırdı. Onu çox gözlədik .Yağışda maşını çöndü, gəzada öldü. Anam iki il sonra payızda gecə yatıb səhər oyanmadı.
Məni və qardaşımı xalam böyütdü. Bir payız onu da itirdim.
Amma payızın işi bununla bitmədi. Əvvəl sevdiyim insanı, sonra oğlumu da əlimdən aldı. Mən hər şeyi payızda itirirəm.
Şəhərin mərkəzində evim var idi. 5 il əvvəl payızda onu satdım. Bura gəldim.
Bu isə son payızdır. Bilirəm özüm. Hiss edirəm. Bu payız mənim dalımca gəlib.Əzrayıl göndərib,- dedi
– Elə deməyin. Siz həll etmirsiniz ki, bunu
– Orası elədir, mən həll etmirəm, amma bu payız əvvəlkilərdən fərqlənir. Mən görürəm.
Yordum səni, bağışla. Dərdimi deməyə bir kəsim də yoxdur. Qardaşım olmasa ölərdim. Hərdən gəlir yanıma. Bax belə.
– Deməli o kişi qardaşınızdır?
– Hə. Qardaşımdır. Çay verim sənə.
– Yox. Əziyyət çəkməyin.
-Qəribədir.
– Nə?
– Mənə həmişə “sən” deyə müraciət edirdin indi isə “siz” deyirsən.
– Hə. Bilmirəm niyə belə oldu.
– Mən bilirəm. Çünki əvvəl məni dəli hesab edirdin. Hamı kimi. İndi isə tanıdın.
Mən qeyri-ixtiyari ayağa durdum.
– İcazənizlə, mən gedim.
– Buyur!- deyə o əlləriylə mənə qapını göstərdi.
Evə gəldikdən sonra uzun müddət bu qadının anlaşılmaz bir cazibədarlığını hiss edirdim.
Bu qədər dərd içində olmasına baxmayaraq gözlərində sanki hələ həyat eşqi var idi. Amma heç özünə baxmırdı. Geyimi, həyatı artıq dünyadan küsmüş bir qoca həyatı idi.
Ertəsi gün işdən qayıdanda gül mağazasının yanından keçərkən ağlıma bir fikir gəldi. Bir dəstə gül aldım və qonşu qadının qapısını döydüm.
O, qapını açdı, məni gördükdə donub qaldı. Gözlərini əlindəki dəsmalla silib mənə baxdı və:
– Sizin qapı bir mərtəbə yuxarıdadır,- dedi.
– Qəribədir. İndi də siz mənə “siz” dediniz.
Qadın gülümsədi. Bu 3 ildə ilk dəfə görürdüm onun gülümsəməsini. Necə gözəl gülüşü var bu qadının!
– Bu güllər sizindir.
-Mənim?
– Bəli. Sizin.
– Çox sağ olun. Lap bahar güllərinə bənzədi. Güllərin ətrini unutmuşdum. Buyurun içəri.
– Yox. Gedim. İşdən gəlmişəm.
– İstəsəniz gəlin çay içməyə.
O gün çay içməyə getmədim. Amma bu qadının təbəssümü heç yadımdan çıxmırdı.Özümə təəccüblənirdim. Mən niyə ona gül aldım? Gülür, ağlayır. Axı deyən gərək ki,sənə nə var?
Bu düşüncələrlə də yatdım.
Səhər işə gedəndə onun qapısını döydüm. Qapını açan olmadı.
İşdə bütün günü nigaran idim. Axşam yenə qapını döydüm. Qapını gözəl bir qadın açdı.
– Bağışlyın, mən… burda yaşayan…
– Qoca qadını deyirsiniz?
– Bəli..
– O yoxdur. Öldü
-Siz nə danışırsınız?Mən onu dünən…
-Elə siz gül verəndən sonra öldü,-deyə qadın gülümsədi.
Mən onu təbəssümdən tanıdım. Bu gözəl qadın o idi.illərcə gözəlliyini, təbəssümünü hamıdan gizlədən, hər payızı dərd- qəm içində keçirən həmin qoca sandığımız qadın idi.
-Tanımadınız eləmi?
– Siz….siz çox gözəlsiniz!
– İdim. İndi daha yox.
– Siz gözəlsiniz.
-Bəlkə içəri keçəsiniz?
Mən içəri keçdim.
Otaqda güllərin ətrinə qarışmış gözəl bir təravət var idi. Hər şey dəyişmişdi.
– Qınamayın məni. Yorulmuşam. Şəkillərlə, ruhlarla danışmaqdan bezmişəm.
Öz həyatımı həmişə başqalarına həsr etmişəm.
Dünən siz gətirdiyiniz güllər məni sanki yuxudan oyatdı.Axı, mən də insanam.Mən də qadınam.
– Özü də çox gözəl qadınsınız!
– Bəlkə də.
Otaqda mənim çox sevdiyim bir mahnı səsi eşidilirdi. Çox həzin bir musiqi və gözəl sözləri var idi bu mahnının.
– Bu mahnını çox sevirəm. Gözəl mahnıdır!-dedim.
– Doğrudan? Bəs sözləri və bəstəsi kimin olduğunu bilirsiniz?
– Yox. Maraqlanmamışam heç.
– Bu mahnını mən yazmışam.Sözləri də, musiqisi də mənimdir.
Mən danışmağa çətinlik çəkirdim. Nə deyəcəyimi bilmirdim.
Ürəyimin dərinliyindən isə “Mən sizi sevirəm” sözləri gəlirdi.
Bu il məzuniyyətimi payızda götürdüm. Biz onunla evlənib səyahətə getdik. İndi payızı çox sevirik. İkimizdə. Çünki bu payızı sevgiylə qarşıladıq.
Sevib sevilənlər üçün fəslin fərqi olmasa da, payıza sevgi qatmaq çox gözəldir.
Share: