Son vaxtlar havaya çirkli maddələrin və qazların buraxılması ilə bağlı faktlar çoxalıb. Belə faktlardan biri də dəmiryolunda qeydə alınır.
Müstəqil.Az xəbər verir ki, Biləcəridə hərəkət edən teplovoz havanı son dərəcə çox çirkləndirir. Həmin teplovoz hərəkət etdikcə havaya qatı tüstü buraxaraq ətrafda olan insanların sağlamlığına olduqca mənfi təsir göstərir.
Dəmir yolu işçilərindən öyrəndik ki, həmin teplovoz artıq istismar müddətini keçib. İndi onu təmir etsələr belə yenə də havaya atılan tüstü əvvəlki kimi təmizlənməyəcək.
Bundan başqa, öyrəndik ki, ölkəyə yeni teplovoz gətirilsə də, onlar müasir sistemlə təchiz olunduğu üçün bizim dəmir yolunda tam gücü ilə işləyə bilmir.
“Həmin teplovozlar kompüter sistemi ilə çalışır. Onlar köhnə dəmir yolu xəttində hərəkət edərkən müəyyən problemlər yaranır”.
Məsələ ilə bağlı rəsmi açıqlama almaq üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.
Qurumdan verilən məlumata görə, videoda göstərilmiş teplovoz İmişlidən Bakıya təmir üçün gətirilib. Teplovoz təmir olunduqdan sonra geri qaytarılacaq.
Həmçinin bildirilib ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Evalution” tipli 10 ədəd yeni teplovozu hazırda tam gücü ilə çalışır.
Sonda heç bir şərh vermədən şəhərdəki biabırçı görüntünü təqdim edirik.BAKU.WS