Pensiyalar artırılmalıdır – Millət Vəkili

Müəyyən sosial təbəqə var ki onların problemlərinə həssas yanaşmalıyıq. Həmin qruplardan biri də şəhid ailələridir.

Müstəqil.Az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə 2019-cu il büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Şəhid ailələrinə verilən birdəfəlik yardımdan danışan millət vəkili bunun davamlı olmasını irəli sürüb:

“Şəhid ailələri üçün ayrılan 11 min manat birdəfəlik yardım əvvəllər alıb-almamasından asılı olmayaraq hər kəsə verilməlidir. Bu gün 96 şəhid ailəsi mənə müraciət edərək problemlərini hökumətə çatdırmağımı bildiriblər. Hesab edirəm ki, hər il dövlət büdcəsindən şəhid ailələrinə yardım edilməsi üçün vəsait ayıra bilərik. Bununla yanaşı şəhid ailələri və məcburi köçkünlərin mənzillə təminatı da vacib məsələdir. Gələn il 114 idman obyektinin tikintisinə 244.4 milyon manat vəsait ayrılıb. Büdcədən vəsait ayırarkən hansı tikintinin daha vacib olduğunu nəzərə almalıyıq. Şəhid ailələri və məcburi köçkünlərin mənzil təminatı üçün ayrılan vəsaitin 2-3 dəfə artırılmasına ehtiyac var”.

Millət vəkili həmçinin pensiyaların artımına da toxunub:

“Gələn il pensiyalar 241 manata, orta aylıq əmək haqqı 641 manata çatdırılacaq. Hesab edirəm ki, pensiya orta aylıq əmək haqqına yaxın olmalıdır. Ötən il mən bu rəqəmin 80 faizə çatdırılmasını təklif etmişdim. Maliyyə naziri Samir Şərifov dünyada ən yaxşı halda 60 faiz olduğunu bildirdi. Ən azı bu rəqəmə yaxınlaşdıra bilərik”.

Müstəqil.Az

Share: