“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öhdəliklərini yerinə yetirən Rusiya Ermənistanı müdafiə edə bilər, lakin bu öhdəliklər Dağlıq Qarabağa aid deyil”.
Müstəqil.Az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklər müəyyən edilib: bir KTMT üzvü başqa bir ölkənin təcavüzünə, kənardan hücumlarına məruz qalarsa, bu halda üzv dövlətlərin belə bir ölkəni müdafiə etmək öhdəliyi var”, – Peskov bildirib.
Rusiyanın hansı vəziyyətdə hərbi qüvvələrini Dağlıq Qarabağdakı münaqişə zonasına göndərə biləcəyi ilə bağlı suala Peskov belə cavab verib:
“Bu vəziyyətdə söhbət Ermənistandan gedir, prezident (Vladimir Putin-red.) bu iki məsələni açıq şəkildə dəqiqləşdirdi, KTMT-nin öhdəlikləri Qarabağa aid deyil”.
Dmitri Peskovun sözlərinə görə, Ermənistan ərazisində hərbi əməliyyatların aparıldığı barədə məlumat təsdiqini tapmayıb.
Tural B.