2022-ci ilin birinci yarısında Beynəlxalq Dəniz Bürosu (IMB) dəniz quldurluğu hadisələrinin ən aşağı həddini qeydə alıb.
Müstəqil.Az “Seanews.az”-a istinad edərək İMB-nin son hesabatına istinadən xəbər verir ki, ilin birinci yarısında gəmilərə 58 hücum hadisəsi qeydə alınıb. Bu da 1994-cü ildən bəri ən aşağı rəqəmdir. Müqayisə üçün deyək ki, keçən ilin birinci yarısında 68 belə hadisə baş vermişdi.
2022-ci ilin birinci yarısında bir gəmi qaçırılıb, 55 halda dəniz quldurları gəmiyə qalxa biliblər, iki hücumun qarşısı isə alınıb.
“Rəqəmlər ümidvericidir, lakin arxayınlaşmaq olmaz – çünki hadisələrin 96%-də quldurlar gəmilərə minməyi bacarıblar”, – deyə IMB-nin məlumatında bildirilir.
Heyət üzvlərinin oğurlanması faktı qeydə alınmasa da, 23 nəfər girov götürülüb, daha beş nəfər təhdid edilib.
Təhlükəli ərazilərin coğrafiyası da dəyişir. 2022-ci ilin birinci yarısında bütün hücumların 25%-dən çoxu Sinqapur boğazlarında baş verib. Eyni zamanda, 16 hadisənin hamısında dəniz quldurları gəmilərə daxil ola biliblər. Ən azı 6 hadisə zamanı hücum edənlər silahlı olublar.
2018-ci ildən bəri ilk dəfə İndoneziya sularında hücumların sayı artıb – 2022-ci ilin birinci yarısında 5 belə hadisə qarşı 7 hadisə olub. Beş gəmi lövbərdə dayanarkən, biri yanalma əməliyyatı zamanı, biri yol gedərkən hücuma məruz qaqlıb. Ən azı üç hadisədə dəniz quldurları silahlı olublar.
Qırmızı dənizin cənub hissəsində və Ədən körfəzində, Somali və Yəmən sahillərində ilin əvvəlindən bəri heç bir pirat hücumu qeydə alınmasa da, risk aradan qalxmayıb.
Gəmilərin növünə görə isə, 2022-ci ilin birinci yarısında 30 balker, 18 tanker və 5 konteyner gəmisi hücuma məruz qalıb.