Polad Bülbüloğlu gerçəyi – Ulucay yazır…

Polad Bülbüloğlu gerçəyi – Ulucay yazır…

Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Dağlıq Qarabağ münaqişəsi haqqındakı çıxışı cəmiyyətin böyük qismində narazılığa, hətta hiddətə səbəb oldu.

İnsanların Polad Bülbüloğlunun sözlərinə belə əsəbi reaksiya verməsi isə əslində çox yaxşı haldır. Bu, cəmiyyətin oyaq və ayıq olmasının göstəricisidir.

Danılmaz faktdır ki, sosial şəbəkələr insanlarımızın daha gözüaçıq olmasına kömək edir. Hər hansı bir hadisədən, ya da nüfuzlu bir şəxsin sözlərindən sonra insanlar tez onu müzakirəyə çıxarır və qiymətləndirir. Bəzən insanlar arasında fikir ayrılığının yaranması, bir məsələ ətrafında iki, üç, hətta daha çox cəbhənin yaranması belə çox yaxşıdır.

“Xalqın gözü tərəzidir” deyimi də elə buna görədir. Biz hadisələri müzakirə edərək, öz aramızda dartışaraq, həqiqəti üzə çıxarmağa çalışırıq. Ən gözəli isə odur ki, bizim müzakirələrimiz nəticəsiz qalmır.

Son hadisələr göstərir ki, yuxarı dairələr insanların sosial şəbəkələrdəki reaksiyalarını haqlı olaraq diqqətlə izləyirlər və nəzərə alırlar.

Son illərdə dəfələrlə şahid olduq ki, məmurların, siyasi, ictimai nüfuzu olan insanların xalqa xoş getməyəcək ifadələri, açıqlamaları, loru dildə desək “quşlamaları”, ya da hərəkətləri onlar üçün fəsadsız ötüşmədi. İctimai qınaq, hiddət, linç edilmək öz bəhrəsini verdi.

Nümunələr çoxdur:

“Çində camaat uşaq sayına görə vergi ödəyir, sizsə bizdən uşaq pulu istəyirsiz?” – deyən sabiq millət vəkili Hadı Rəcəbli,

“Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil”. – BNA-nın sabiq şöbə müdiri Hikmət Babayev

“İlhamə Quliyeva da şəhiddir” – deyən sabiq nazir Əbülfəs Qarayev…

Siyahını uzatmaq olar, amma buna ehtiyac görmürəm. Bütün bu adların, daha doğrusu, vəzifələrin qarşısındakı “sabiq” sözü ictimai fikrin nə dərəcədə diqqətə alındığına ən bariz sübutdur.

Cəmiyyət bu ayıqlığını heç vaxt əldən verməməlidir, çünki bundan sonra hamımızın çiyninə daha böyük məsuliyyət düşür. Biz bütün mənfi cəhətlərimizi bir-bir aradan qaldırmalıyıq. Məmur özbaşınalığının da, korrupsiyanın da, cahilliyin də kökünü ancaq birlik olaraq kəsə bilərik.

Bəzən fikirlərimiz, düşüncələrimiz üst-üstə düşməsə belə bir olmağa məcburuq, çünki bizim göydə Allah, yerdə özümüzdən başqa heç kimimiz yoxdur, çünki biz bundan sonra Qarabağa layiq olmalıyıq.

Share: