Məmurların hamısı sanki bir cərgədədirlər. Qazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısını vurub dağıdıblar, nazir Sahil Babayevin borcu idi ki, onların problemini dinləsin, yardım etsin. Sahil Babayev bu iki ildə bir qazinin evinə gedibmi?! Zəng vurub bir şəhid ailəsindən xəbər bilibmi? Bir dəfə düşünübmü ki, bu ananın övladı mənim yolumda şəhid olub, maraqlanım görüm harada, nə vəziyyətdə yaşayır?
Müstəqil.Az xəbər verir ki, bunu Yeni Sabah-a açıqlamasında Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib. Hər zaman haqqı dediyini bildirən S.Həşimova hər kəlməsinin əvvəlində və sonunda Allah olduğunu vurğulayıb:
“Heç kəs dəli deyil ki, haranınsa qapısını dayandığı yerdə qırsın. Necə olur ki, qazi gedib vuruşanda ağıllı idi, indi haqqını tələb edəndə dəli olur? Artıq iki ildən çoxdur. Mən danışıb-dinmirəmsə, o demək deyil ki, hər şey yaxşıdır. Azərbaycanın bir generalı ölüb, Sahil Babayev mənim, şəhid ailələrinin qapısına piyada gəlməli idi. Gecə, gündüz fərq etməz, bir dəfə gəlməli idi”.
Onun sözlərinə görə, narazılığını ifadə edən qazilər haqlarını tələb edirlər və haqlıdırlar:
“Qazilər nə edibsə, düz edib. Şəhid valideynləri nə deyirsə, düz deyir. İki şəhid valideyninə bir az pul verib ağzını bağlamaqla dünya düzələn deyil. O uşaqlar hamısı gedib vuruşub, qolunu, ayağını, gözünü qoyub gəliblər, indi də haqlarını tələb edirlər. Haqqı tələb etdiklərinə görə dəlidirlər?! Xeyr! Qazilərimizi pis qələmə verməsinlər! Onlar nə tələb edirlərsə, dinləsinlər, layiqincə problemlərini həll etsinlər. Onlar ədalət tələb edirlər. Niyə vuruşmamışdan əvvəl, qolunu-qıçını itirməmişdən qabaq gedib Sahil Babayevin qapısında durmurdular? Deməli, indi haqları var ki, o qapıda dayanıb nəsə tələb edirlər”.