Biz bir millət, bir dövlət, bir Ordu olaraq işğalçı ermənilərə ən böyük dərsi təbii ki, 44 günlük İkinci Qarabağ müharibəsində böyük Zəfərə imza atmağımızla, torpaqlarımızı işğaldan azad etməyimizlə verdik. Ancaq bu “dərs”lər bundan sonra da bu və ya başqa formalarda davam etməlidir. Fərdlər müstəvisində davam etməlidir.
Harda yaşamasından və işindən, peşəsindən asılı olmayaraq hər bir azərbaycanlı öz səviyyəsində, öz imkanları çərçivəsində ermənilərə necə deyərlər, həyat dərsi, insanlıq dərsi, ədalət dərsi, qonşuluq dərsi keçməlidirlər. Eynilə Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən qeyrətli polisimizin bu yoldan keçən erməni avtomobilinin üzərindəki qondarma “artsax bayrağ”ını elə yerindəcə süngü ilə qazıyıb qoparması kimi.
Bu həqiqətən də çox böyük mənəvi-psixoloji anlamı olan qürurverici bir hadisədir. Mən həmin gün bu hadisənin foto və videogörüntülərini görən kimi o görüntüləri dərhal öz Facebook səhifəmdə paylaşdım və qəhrəman polisimizə də ürəkdən “afərin!” dedim. Bu hadisə sözün yaxşı mənasında gerçəkdən də film kimi bir hadisədir və polislərimizin öz üzərlərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə, böyük məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirdiklərini göstərir. Polisimizin bu davranışı və sonda isə erməni sürücüyə inamla “Qarabağ Azərbaycandır!” deməsi qalib ölkənin, qalib xalqın polisinin qalibiyyət ruhundan doğan bir davranışdır. Polisimiz bu hərəkəti ilə heç bir qüvvədən çəkinmədən torpağımıza, sərhədimizə cəsarətlə sahib çıxdığını nümayiş etdirir.
Bununla həm də bütün ermənilərə, revanşist Ermənistana “açıq dərs” verilmiş oldu: separatçılıqdan əl çəkin, özgə torpaqlarına göz dikməkdən əl çəkin, məğlubiyyətinizlə barışın, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşın və normal qonşuluq münasibətlərinə başlayın! Əks təqdirdə, Azərbaycan Ordusunun Dəmir Yumruğu ilə, Azərbaycan polisinin süngüsü ilə qarşılaşa bilərsiniz!
Bax, həmin gün Azərbaycan polisi məlum davranışı ilə bütün ermənilərə məhz bu mesajı vermiş oldu. Paşinyan hakimiyyəti də bu vacib mesajlar üzərində düşünməli, ölkəsi, xalqı üçün müdrik qərarlar qəbul etməli, düzgün addımlar atmalıdır. Ermənistan dövləti və erməni xalqı nəhayət ki, müharibə əhval-ruhiyyəsindən əl çəkməlidir və qonşularına (ilk növbədə isə Türkiyə və Azərbaycana) düşmən kimi baxmaq “paranoyya”sına, ənənəsinə də birdəfəlik son qoymalıdır.
Hər bir erməni başa düşməlidir ki, onların gələcək taleyi xarici havadarlarından və varlı erməni diasporundan yox, məhz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından asılıdır. Onlar Azərbaycan polisinin Ermənistana məxsus maşınlardan separatçı rejimə aid “rəmz”ləri bıçaqla pozmasına dair görüntüləri qıcıqla qarşılamaq əvəzinə, əksinə, yeni reallıqla barışmağa çalışmalıdırlar. Bu görüntüləri izləyən ermənilərin öz hökumətlərini sərt tənqid etmələri, Paşinyanı vəziyyəti bu həddə çatdırdığına görə qınamaları heç də çıxış yolu deyil. Çıxış yolu Azərbaycanın dövlət başçısının real sülh çağırışlarına adekvat cavab verməkdədir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri