Polislərimiz hər an infeksiyaya yoluxa bilər

Bu aralar koronavirus pandemiyasını səssiz müharibə hesab edənlər də var, insanlıq üçün mənəvi-psixoloji sınaq hesab edənlər də var. Şübhəsiz ki, hər iki yanaşmanın sahibləri, müəllifləri haqlıdır.

Məni ən çox düşündürən tərəf pandemiyanın həqiqətən də bizim hamımızı sınamasıdır. Elliklə sınağa çəkildiyimiz bu cür həssas və gərgin dönəmdə özünü meydana atan, müsbət nümunə göstərən, virusa qarşı mübarizədə həqiqətən də cəsarət göstərən ilk qüvvə də məhz polislər və həkimlər oldu. Odur ki, dünən və srağa gün baş verən xoşagəlməz insidentlərə görə dərhal bütün polis əməkdaşlarının əməyinin, fədakarlığının üzərindən xətt çəkmək olmaz.

Onlar karantin günlərində öz həyatlarını, sağlamlıqlarını bizdən – cəmiyyətdən ötrü təhlükə altına atdılar. Polislərimiz hər an infeksiyaya yoluxa bilərdilər. Bu olduqca böyük risk idi. Onlar bütün riskləri, təhlükələri gözə almışdılar. Mən polislərimizin bu fədakarlığını həqiqətən də yüksək qiymətləndirirəm və onlarla qürur duyuram. Lakin baş verən son olaya görə də dərin təəssüf hissi keçirir və üzülürəm. İnsanlarımızın pandemiya nəticəsindəki həssaslıqlarından istifadə edib kimlərsə həm vətəndaşlarımızı, həm də polislərimizi təxribata çəkməyə çalışdılar və buna müəyyən mənada nail də oldular. Lakin DİN rəhbərliyi tərəfindən məsələyə operativ müdaxilə olundu və iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atan şəxslər saxlanılarkən qadınla yüksək səs tonu ilə danışaraq, həmin qadının və həyat yoldaşının ünvanına yersiz ifadələr işlədən polis əməkdaşının tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması barədə qərar qəbul edildi. Həmin qadın isə Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.

Beləliklə, daxildəki və xaricdəki bəzi anti-Azərbaycan qüvvələrin fürsətdən istifadə edib süni şəkildə körükləməyə çalışdığı polis-vətəndaş qarşıdurmasının qarşısı alınıb, ədalət bərpa olunub. Biz hüquqi dövlətik. Burada küçə qanunlarına yer yoxdur. Cəmiyyətlə polis arasında sivil münasibətlərin formalaşması və həmrəylik mühitinin hökm sürməsi Azərbycan dövlətinin yürütdüyü siyasətin əsas prinsiplərindən biridir. İnanırıq ki, bu siyasət bundan sonra da davam etdiriləcək. Bu həssas dönəmdə bizim hər birimiz konsensusa, dialoqa, xoşgörülü davranışa təşəbbüs göstərməli və ixtilaflardan, aqressiyadan çəkinməliyik. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz həqiqətən də birlikdə güclüyük!

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Share: