Polşa rusiyalı diplomatları ölkədən qovur

Polşa rusiyalı diplomatları ölkədən qovur

Polşa hökuməti fəaliyyəti Viyana Diplomatik Əlaqələr Konvensiyasına zidd olduğu ortaya çıxan bir qrup rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Müstəqil.Az “Onet”ə istinadən xəbər verir ki, bu barədə xüsusi xidmətləri əlaqələndirmə nazirinin sözçüsü Stanislav Zarın mətbuat konfransında bildirib.

O, məsələ ilə əlaqədar Rusiyanın Polşadakı səfiri Sergey Andreyevin Xarici İşlər Nazirliyinə dəvət olunduğunu da diqqətə çatdırıb.

Daxili Təhlükəsizlik Agentliyinin məlumatına əsasən ölkədən çıxarılacaq 45 nəfərdən ibarət siyahıya rusiyalı diplomatlar və həyat yoldaşları daxildir. Bu şəxslərin məxfi məlumatlar toplamaqla yanaşı, yerli vətəndaşları xarici dövlətin xeyrinə casusluq fəaliyyətinə cəlb etdikləri də bildirilir.

“Kreml Rusiya diplomatlarının Polşadan mümkün qovulması ilə bağlı xəbərləri görüb və eşidib, əgər onlar doğrudursa, bu hərəkətlər cavabsız qalmayacaq”.

Bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz KİV-də belə xəbərləri görmüşük və eşitmişik. Əgər bu xəbərlər doğrudursa, bu, necə deyərlər, münasibətlərimizin bütün sahələrində sərbəst enişin davamıdır. Təbii ki, bu cür hərəkətlər cavabsız qalmayacaq”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Müstəqil.Az

Share: