Polşanın Vroslav şəhərində yaşayan 2500 nəfər İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba səbəbindən təxliyə edilib.
“Qafqazinfo” Polşa mətbuatında yer alan məlumatlara istinadən xəbər verir ki, 250 kiloqramlıq bomba ölkənin cənub-qərbində yerləşən Vroslavda tikinti işləri zamanı aşkar edilib.
Polşa silahlı qüvvələri bombanın müharibədən qalma Alman SC 250 olduğunu açıqlayıb.
Şəhər sakinləri avtobuslarla təhlükəsiz bölgələrə aparılıb. Bundan əlavə, ərazinin dəmir yollarına yaxın olması səbəbindən bomba çıxarılana qədər qatarların hərəkəti də dayandırılıb.
Qeyd edək ki, İkinci Dünya Müharibəsi illərində Vroslav Almaniyanın Breslau şəhəri idi. Almaniyanın təslim olmasından əvvəl şəhər ağır sovet bombardmanları altında olmuş, şiddətli döyüşlərə və geniş dağıntılara səhnə olmuşdu.