Polşadan Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alındı

Polşadakı Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlıları Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi bu ölkənin “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə etiraz edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, nəticədə Azərbaycanın işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər təxirə salınıb. Problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin böyük rolu olub.
PAGŞ-dan bildirilib ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstəriblər.
Qeyd edək ki, “Adventure Club Radoslaw Kasprzak” şirkəti Azərbaycanın Polşadakı Səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.

Share: