Portuqaliyanın paytaxtı Lissabonda azərbaycanlı bir şəxsin nar şirəsi sifariş etməsi onun polis tərəfindən saxlanılmasına səbəb olub.
“Qafqazinfo” Portuqaliyanın “Correio da Manha” qəzetinə istinadən xəbər verir ki, 36 yaşlı rusdilli azərbaycanlı Lissabonda restoranlardan birində nar şirəsi sifariş etmək istəyib.
Bildirilir ki, o, rus dilində olan “гранат” (nar) sözünü telefonunda tərcümə proqramı vasitəsilə Portuqaliya dilinə tərcümə edib. Proqram isə bu sözü portuqal dilinə qumbara olaraq tərcümə edib. O, daha sonradan proqramın tərcümə etdiyi sözdən istifadə edərək Portuqal dilində “Mən nar şirəsi istəyirəm” yazmaq istəyib. Turist yazdığı cümləni ofisianta göstərdiksə isə o, bunu təhdid olaraq başa düşüb və onun üzərində qumbara olduğunu düşünüb. Nəticədə restorana polis çağırılıb və azərbaycanlı turist saxlanılıb.
O, dindirilmək üçün yaxınlıqdakı polis bölməsinə aparılıb, məsələ aydınlaşdırıldıqdan sonra isə sərbəst buraxılıb. Onun hoteldəki otağında axtarış aparıldığı da bildirilir.