Azərbaycan Premyer Liqasında XXX tur davam edir.
Oxu.Az-ın məlumatına görə, bu gün turun bir oyunu keçiriləcək.
Günün yeganə matçında “Kəpəz”lə “Turan Tovuz” komandaları üz-üzə gələcəklər. Gəncə şəhər stadionunun ot örtüyü yararsız halda olduğu üçün Qərb derbisi Qəbələdə oynanılacaq. Turnir cədvəlində qonşu olan bölgə təmsilçilərinin dueli “Kəpəz” üçün xüsusi önəm kəsb edir. Çünki gəncəlilər məğlub olacaqları təqdirdə, autsayderlər zonasına bir qədər də yaxınlaşa bilərlər.
Eyni zamanda, “Kəpəz” “Turan Tovuz” üzərində ilk qalibiyyətini əldə etməyə çalışacaq. Cari mövsüm baş tutan üç qarşılaşmanın birində heç-heçə qeydə alınıb, ikisində tovuzlular qələbəyə seviniblər. Tərlan Əhmədovun kollektivi rəqibin qapısına hələ qol da vura bilməyib.
Hazırda “Turan Tovuz” 29 xalla altıncı, “Kəpəz” isə 25 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun ilk günündə “Zirə” “Səbail”ə evdə 3:1, “Qəbələ” “Neftçi”yə səfərdə 2:1 hesabı ilə qalib gəlib. Aprelin 16-da “Şamaxı” “Sumqayıt”ı, “Sabah” isə “Qarabağ”ı qəbul edəcək.
Premyer Liqa
XXX tur
15 aprel
16:00. “Kəpəz” – “Turan Tovuz”
Baş hakim: Əliyar Ağayev
Qəbələ şəhər stadionu.