“Oğlumu öldürənlər də mənim balalarımdır”
Azərbaycanın Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın BakuPost.az-a müsahibəsi:
– Şairin, yazıçının əsərləri, yaradıcılığı hiss və duyğulardan ibarətdir. Siz də bir şair kimi oğul itirmisiniz…
– Bəli, itirmişəm. Allah heç kəsə göstərməsin. Bu barədə çox danışmaq da istəmirəm. Çünki bir oğlum var idi, indi yoxdur. Azərbaycanda bütün oğulları balamdan ayırmıram, hətta onu öldürənləri də.
– “Balam” dediyiniz bu gənc yazarlardan kimi oxuyursunuz?
– Gənc yazarların hamısı yaxşıdır. Hələ ki, gəncdirlər – yolun başlanğıcıdır. Bu, 100 metrəyə qaçış deyil, ömürlük qaçışdır. Həmişə gənc olmayacaqlar. Onlar gərək, həyatlarını elə tənzimləsinlər ki, həmişə təriflənsinlər, sevilsinlər. Kimdən nə qalacaq? O, zamanın işidir. Yaşamaq üçün ağıl və vicdan lazımdır. Ağıl adamı qoruyur, vicdan isə hər səhvə görə qisas alır.
– Fikrət müəllim, sizin üçün birinci vəzifədir, yoxsa şairlik?
– Birinci şairlikdir. Çünki o qədər vəzifəli adamlar olub ki, hamısı gəlib gediblər. Təbii şeydir. Prezidentlər seçilir, sonra seçilmir, onun adamlığı itmir ki? Şairlik bizə verilən Allah nemətidir. O, mənimlə davam edir. Son nəfəsim çıxanda o da canımdan çıxacaq.
– Fikrət Qoca necə qocalır?
– Cavanlıqdan adımı Qoca qoymuşam. Sabir Günləri açılanda mənə söz verdilər. Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza və başqa çox adam var idi orda. Dedilər, söz verilir Fikrət Qocaya, amma çaşmayın, cavan oğlandı. Bu Qocanı arzu kimi götürdüm.
“Anar vəzifədən getsə, bir gün qabaq mən gedəcəm”
– İllərdir ki, AYB-nin katibisiniz. Heç sədr olmaq arzunuz, iddianız olmayıb?
– Burda hansı işdə işləməyimin fərqi yoxdur. Anar gəldi, təklif etdi. Burda Yusif Səmədoğlu birinci katib idi, yer ona təsis olunmuşdu. Mən hətta bu otaqda oturmaq istəmirdim. Anar hirsləndi ki, gəl burda otur. Mən də Anara kömək üçün gəlmişəm bura. Anar vəzifədən getsə, bir gün qabaq mən gedəcəm. Mənim təbiətimdə başçılıq etmək yoxdur. Kömək edə bilərəm yalnız. Nə bacarıramsa, kömək edə bilərəm, özü bilər, ya bilməz. Anar dostumdur, ona kömək etməyə gəlmişəm. Bilsəm ki, bu işi bacarmıram, ləngidirəm, çıxıb gedərəm. Mənim işim var – yazı yazıram. Bu gün də yazıram, sabah da yazacam. Əksinə, bu iş yığır məni. Cavan vaxtı dünyanın dörd tərəfini gəzirdim. İndi ancaq işdə oluram. Yaydan yaya bir ay məzuniyyətimi götürüb qaçıram, bir az dəlilik edib qayıdıram.
– Anar prezidentlə görüşdə yazıçıların bəzi problemlərini qaldırdı. Prezident də bu görüşdən bir neçə gün sonra dərhal AYB-yə pul ayırdı…
– Prezident belə məsələlərə çox həssasdır. Ölkə başçısı yazıçıların hamısını tanımır. Mən burdan ev almamışam. Bir dəfə prezidentə məktub yazdım, məktub da yox, balaca, zarafatyana bir teleqram, iki saata mənə ev verdi.
Elşad Barat