Prezident bu nazirə açıq dəstək verdi – İlk dəfə

Oktyabrın 15-də Azərbaycan Prezidenti yanında keçirilən iqtisadi müşavirədə diqqəti ən çox cəlb edən məqamlardan biri də Prezident İlham Əliyevin iqtidar daxilində islahatlara qarşı şəxslərin mövcudluğu barədə bəyanatı və onlara xəbərdarlığıdır.

Müstəqil.az xəbər verir ki, hazırda sosial şəbəkələrdə və mediada əsas müzakirə mövzusu da bununla bağlıdır.

Prezident sosial müdafiə sahəsində kifayət qədər ciddi pozuntular olduğunu xatırladaraq, yeni nazir Sahil Babayevin bunları üzə çıxardığını və ciddi islahatlar apardığını açıq mətnlə bildirdi. Və bunun ardınca dərhal “iqtidarda olan bəziləri”nin islahatlara qarşı çıxış etməsini qabartdı:

“Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır”.

Prezident açıq mətnlə bildirdi ki, gənc kadrların apardığı islahatların arxasında şəxsən özü dayanır. Və elan etdi ki, onlara qarşı aparılan ləkələmə kampaniyası ilə barışmayacaq.

Zəruri olaraq xatırladaq ki, son vaxtlar xüsusilə sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin islahatlarının əks effekt verdiyi barədə iddialar sistemli xarakter daşıyır.

Prezident elan etdi ki, islahatlara alternativ yoxdur və buna qarşı çıxanlarla yollarını ayıracaq.

 

 

Həmçinin Prezident islahatlara qarşı çıxanlara xəbərdarlıq da etdi və bildirdi ki, çox güclü siyasi iradə ortaya qoyulub: “Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Prezidentin nitqini şərh edən mütəxəssislərin qənaətinə görə, əslində, ölkə başçısı heç vaxt heç nəyi təsadüfən demir. Ona görə də islahatların, xüsusilə kadr islahatlarının növbəti dalğasını ən yaxın günlərdə müşahidə edə bilərik.

İqtisadçı, professor Elşad Məmmədov bildirib ki, əhalinin geniş təbəqəsinin rifahının daha da yüksəldilməsi və makroiqtisadi idarəetmənin ön plana çıxması məhz son bir ildə reallaşıb:

“Bu da sözsüz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyəti ilə birbaşa bağlıdır. Adətən fərdlərin yox, qurumların fəaliyyətini qiymətləndiririk. Lakin elə qurumlar var ki, orada konkret fərdlərin rəhbərlik etməsi qurumun fəaliyyətində effektiv rol oynayır. Hesab edirəm ki, əvvəllər ölkədəki ən problemli nazirliklərdən olan ƏƏSMN-nin rəhbərliyinin dəyişməsinin həmin qurumun fəaliyyətinə nə dərəcədə təsir göstərməsinin şahidi olduq. Azərbaycan müstəqillik qazandıqdan, bazar iqtisadiyyatına keçdikdən sonra faktiki olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ən zəif bəndlərdən biri olması aşkar idi. Amma yeni və gənc kadrın bu dərəcədə qısa müddət ərzində nazirliyin fəaliyyətində ciddi dönüş yaratması göz qabağındadır. Hesab edirəm ki, Azərbaycanın sosial statusunun mövqeləşməsi son bir ildə daha da sürətləndi. Bu çox interaktiv bir göstəricidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün əhalinin bütün kateqoriyaları üzrə əmək haqlarının, müavinətlərin, təqaüdlərin artırılmasına və sosial amilin ön plana çıxmasına, bir tərəfdən isə əhalinin geniş təbəqəsinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Bunun makroiqtisadi inkişafa böyük təsiri var, çünki məhz bununla daxili alıcılıq qabiliyyətinə malik olan bazarı genişləndiririk və işgüzar fəallığa, iqtisadi inkişafa təkan veririk. Bu səbəbdən Sahil Babayevin fəaliyyəti təqdirolunandır. Prezidentimiz də öz növbəsində bunu dəyərləndirdi”.

 

Share: