Mən Prezident İlham Əliyyevin dünyaca məşhur “Əl Cəzirə”, “Əl Ərəbiyyə” telekanallarına, habelə
qardaş Türkiyənin “TRT Haber”, “Haber Global”,“Habertürk”, NTV televiziya kanallarına, Rusiyanin
“Rossiya 1”, “RBK” kanallarına, “Ria Novosti” agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya
Agentliyi media qrupunun baş direktoru Dmitri Kiselyova, Fransanın məşhur “France 24” kanalına
verdiyi müsahibələri informasiya savaşımızın parlaq səhifələri kimi dəyərləndirirəm.
Çünki cənab Prezidentin xarici KİV-lərə verdiyi müsahibələr və açıqlamalar son günlər ermənilər tərəfindən bütün
dünyada bizə qarşı aparılan fəal dezinformasiya, saxta “xəbər” kampaniyasını durdurmaq,
zərərsizləşdirmək baxımından çox mühüm rol oynayır.
Prezident erməni yalanlarını, “feyk-nyus”larını çox məharətlə ifşa edir. Bildiyiniz kimi 21-ci əsr mediası
feyk xəbərlərin bolluğundan əziyyət çəkir. Saxta xəbərlər yaymaq, məlumatlar paylaşmaq medianın etik
prinsiplərinə və ümumiyyətlə insanlıq meyarlarına hər nə qədər zidd olsa da, lakin dünyada bəzi
təşkilatlar və ölkələr bu cür “xəbər” siyasətindən geniş şəkildə istifadə edir. İşğalçı Ermənistan da həmin
ölkələr sırasındadır.
Bu ölkənin bütün KİV-ləri, siyasətçiləri, rəsmi sözçüləri, blogerləri son günlər total
şəkildə xəbər saxtakarlığı ilə məşğuldur. Və ölkəmizə qarşı, Ordumuza qarşı, Ali Baş Komandanımıza qarşı
bu çirkin qaralama kampaniyasına, “feyk-nyus” istehsalına bilavasitə Ermənistanın Baş naziri Nikol
Paşinyanın özü başçılıq edir. Adam bütün dünya KİV-lərinə müsahibələrində durmadan yalan danışır,
həqiqətləri qərəzli şəkildə təhrif edir, Azərbaycanı günahkar qismində təqdim etməyə çalışır. Lakin onun
bu yalanları, bu alçaq qara propaqanda siyasəti işləmir, arzuolunan nəticələri vermir. Məşhur deyimdəki
kimi, yalan ayaq tutur, amma yerimir.