“2018-ci ildə möhtərəm cənab Prezident xalqın dəstəyini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmizin gələcəyi və inkişafı ilə bağlı olan siyasəti tam aydın oldu. Cənab Prezident seçkilərdən sonra böyük xalq mitinqinin qarşısında ölkəmizin inkişafı ilə bağlı islahatların aparılacağını, gənclərə dövlət idarəçiliyində daha çox yer veriləcəyinə, iqtisadi islahatlar aparmaqla ölkədə iqtisadi vəziyyəti yüksəltmək, eyni zamanda əhalinin sosial müdafiəsini gücləndirməklə bağlı tədbirlərlə, bir tərəfdən isə ölkəmiz üçün daha prioritet olan və 30 il müddətində işğal altında olan torpaqların işğaldan azad ediləcəyi ilə bağlı xalqa vədlər verirdi. Sonrakı fəaliyyətdə gördük ki, möhtərəm cənab Prezident verdiyi vədlərin hamısını demək olar ki, yerinə yetirdi. Tez bir zamanda gördük ki, verilən sərəncamlarla ölkədə mərkəzi icra hakimiyyəti orqanlarının idarəetməsinə gənclər gətirildi. Eyni zamanda, ölkə başçısının rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə, şəffaflığın artırılması, büdcə vəsaitlərindən səmərəli istifadə bütün bunlar ölkəmiz üçün prioritet məsələ idi. Aparılan kadr islahatları, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirləri nəticəsində ilbəil Azərbaycan Respublikasında qeyri-neft iqtisadiyyatının qurulduğunu, dövlət büdcəsinin vəsaitlərinin səmərəli istifadəsi nəticəsində büdcənin artmasını müşahidə edirik”.
Bu sözləri Müstəqil.Az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. M. Abbaszadə ötən dövr ərzində Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və bu sahədə ölkə rəhbərliyinin apardığı siyasətə də toxunub:
“Digər tərəfdən ölkə başçısının apardığı xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq imici möhkəmlənməyə başladı. Xarici siyasətdə aparılmış balanslaşdırma, mehriban qonşuluq siyasəti, ölkəmizdə demokratiya, insan hüquq və azadlıqlarının inkişafı nöqteyi nəzərindən aparılan islahatlar, eləcə də bu islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizin hər il artan beynəlxalq nüfuzunun daha da artmasına səbəb oldu”.
Deputat ordu quruculuğu sahəsində aparılan islahatlardan da danışıb:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Orsusunun güclənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, əsgər və zabitlərin həyat şəraitinin yaxşılaşdırılması, müasir silahların alınması istiqamətində kifayət qədər işlər görüldü. Bunun nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı geri qaytara bildik. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq İranla, Ermənistanla bütün sərhədlərini bərpa edə bildi. Azərbaycan beynəlxalq hüququn tamhüquqlu müstəqil üzvü kimi bu gün müsbət yüksəlişlərə imza atmaqda davam edir”.
İşğal altında olan torpaqların azad olunmasını Prezident İlham Əliyevin böyük uğuru kimi qiymətləndirən deputat həmin ərazilərdə bərpa işlərinin sürətlə aparıldığını vurğulayıb:
“Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə dinc quruculuq, böyük miqyasda bərpa işləri aparılır. Ümid edirik ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasını həyata keçirə biləcəyik. Otuz il bundan öncə məcburi köçkün düşmüş insanlar ata-baba yurdlarına qayıdıb xoşbəxt, firavan yaşayacaqlar”.
M. Abbaszadə ölkədə bir sıra siyasi islahatların aparıldığına da diqqət çəkib:
“Cənab Prezidentin rəhbərliyi ilə siyasi islahatlar da bu illər ərzində inkişaf etmişdir. Belə ki, Azərbaycan Prezidentinin Adminstrasiyasında İctimai təşkilatlarla və qanunvericiliklə iş üzrə şöbə yaradılıb. Eyni zamanda, ölkəmizdə yenidən parlament seçkiləri keçirilib. Hakim Yeni Azərbaycan partiyasındada islahatlar aparıldı. Nizamnaməsində dəyişikliklər edildi, yeni idarəetmə sistemi quruldu. Bütün bunlar ölkəmizdə aparılan siyasətin tərkib hissəsidir. Hesab edirəm ki, bundan sonrakı illərdə də möhtərəm Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda siyasi, iqtisadi, mədəni və digər sahələrdə islahatlar davam etdiriləcək və Azərbaycan daha böyük uğurlara imza atacaqdır”.
Müstəqil.Az