“Əminəm ki, biz iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcəyik. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Bu gün biz gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi apardıq, qarşılıqlı tədarüklərin artırılması baxımından onu konkretləşdirə bilərik”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşdəki çıxışında bildirib.
İnvestisiya sahəsində də böyük perspektivlər olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib:
“Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Düşünürəm ki, bizim bu istiqamətdə də səylərimizi birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyimizin vaxtı yetişib”.
Qazaxıstanın Azərbaycana bugünkü hədiyyəsini – Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzini ölkələrimiz arasında humanitar əməkdaşlığın daha bir elementi adlandıran Prezident İlham Əliyev deyib ki, bu əməkdaşlıq da uğurla inkişaf edir:
“İki gün bundan əvvəl Sumqayıtın mərkəzi küçələrinin birinə qazax xalqının görkəmli oğlu, maarifçi, türkoloq Əhməd Baytursunovun adı verilib. Bu da bizim əcdadlarımıza hörmətin əlamətlərindən biridir”.