Ermənistanın eks-prezidenti, bu günlərdə geniş müsahibə verərək Nikol Paşinyana qarşı hücuma keçən və fəal siyasətə qayıtdığını elan edən Robert Köçəryanla bağlı daha bir məhkəmə işi yenidən gündəmə gəlib. Virtualaz.org xəbər verir ki, bu dəfə Köçəryan prezident olarkən onun mühafizəçisinin Yerevan restoranlarından birində adam öldürməsi işi təkrar məhkəmə baxışına qaytarılıb. Bu hadisə düz 20 il əvvəl baş verib.
Belə ki, fevralın 19-da Yerevan məhkəməsində Poqos Poqosyan adlı şəxsin 2001-ci ildə paytaxtın “Araqats” kafesində öldürülməsi ilə bağlı işə təkrar baxılmasına başlanıb. AzadlıqRadiosunun erməni xidməti ki, iş baxılması üçün hakim Karen Farxoyana verilib. Bu iş üzrə, 20 il əvvəl olduğu kimi müttəhim qismində ikinci prezident Robert Koçaryanın cangüdənlərindən biri keçir. “Kuku” ləqəbli mühafizəçi Aqamal Arutyunyan ehtiyatsızlıqdan adamöldürmə ittihamı üzrə mühakimə olunur. Arutyunyandan ölkədən çıxmayacağına dair yazılı iltizam alınıb.
Hadisə isə belə baş verib. 2001-ci ilin 25 sentyabr gecəsində Yerevanın “Araqats” kafesində Gürcüstan vətəndaşı, Daşnaksutyun partiyasının 43 yaşlı üzvü Poqos Poqosyan qətlə yetirilib. Həmin gün prezident Robert Köçəryan öz yaxın ətrafı və cangüdənləri ilə birlikdə kafeyə daxil olub. Bu vaxt kafenin müştərilərindən biri-Poqos Poqosyan prezidentə “Salam, Rob” deyə “nəzakətsiz” müraciət etdikdən sonra cangüdənlər tərəfindən ayaqyoluna aparılıb və orada ölənədək döyülüb.
Erməni mediası o vaxt diqqəti belə bir detala da çəkirdi ki, Poqosyan döyülərkən Koçaryanı “Koçaryanoğlu” adlandırırmış. Cinayət işi materiallarına görə Poqosyanı tualetdə Koçaryanın mühafizəçisi Aqamal Arutyunyan döyüb. Hakim Mnatsakan Martirosyan o vaxt Arutyunyanı ehtiyatsızlıqdan adamöldürmə ittihamı ilə şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edən hökm çıxarmışdı. Lakin Aqamal Arutyunyan bir gün də olsa həbsxana cəzası çəkməyib.
Ötən il Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi Baş Prokurorluğun şikayəti əsasında 21 fevral 2002-ci il tarixli məhkəmə hökmünü ləğv edərək təkrar istintaqa göndərib. Aqamal Arutyunyanın vəkili Robert Becanyan Apellyasiya Məhkəməsinin qərarından Kassasiya Məhkəməsinə şikayət vermişdi. Lakin Kassasiya Məhkəməsi bu şikayəti rədd edib.
Bu işə baxılması 2020-ci ildə 74 yaşlı britaniyalı Stiven Con Nyutonun bəyanatı ilə bağlı bərpa olunub. Nyuton 2001-ci ildə “Araqats” kafesində baş verən hadisənin şahidi olmuşdu. Britaniyalı o vaxt Ermənistanda işləyirdi və insident baş verəndə kafedə idi. Baş Prokurorluq Nyutonun ərizəsinə baxdıqdan sonra bu qərara gəlib ki, Poqosyan ehtiyatsızlıq səbəbindən yox, bir qrup tərəfindən bilərəkdən qətlə yetirilib. Bu işi Apellyasiya Məhkəməsinə göndərən prokuror Ayk Xaçaturyan Azatutyuna deyib ki, Poqosyan bilərəkdən öldürülüb.
O əlavə edib ki, qətl təkcə Aqamal Arutyunyan tərəfindən deyil, bir qrup şəxs tərəfindən törədilib. Prokurorun sözlərinə görə Poqos Poqosyanın ölümünə səbəb onun yıxılması yox, döyülməsi olub.
Xatırladaq ki, Köçəryan artıq 2008-ci ilin martında Yerevanda nümayişçilərin güllələnməsi işi üzrə mühakimə olunur.
Müstəqil.Az