Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Minsk qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur. Çünki Minsk qrupunun həmsədrləri və daimi üzvlər eyni ölkələrdir. Beləliklə, bu, açıq sualdır.
REAL xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində səsləndirib.
Dövlətimizin başçısı daha sonra Minsk qrupunun həmsədrləri arasında Rusiyanın aparıcı vasitəçi kimi rolu barədə sualı cavablandırıb. Minsk qrupunun üç həmsədrinin eyni hüquqlara və eyni mandata malik olduğunu qeyd edən Azərbaycan Prezidenti deyib: “Mənim bildiyimə görə bu ölkələr arasından lider seçilməyib. Onların hamısı bərabərdir və biz onlara vasitəçi kimi baxırıq. Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Neytrallıq səviyyəsi, əlbəttə ki, münasib zamanda ünvanlanacaq başqa bir məsələdir. Lakin düşünürəm ki, Minsk qrupunun həmsədrləri zorakılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusilə indi, Ermənistanın döyüş meydanında demək olar ki, məğlub olduğu bir vaxtda öz rollarını oynayacaqlar”.