Prezident idmançıların böyük dostu və hamisidir

Prezident idmançıların böyük dostu və hamisidir

İdmançılarımız dünyanın ən mötəbər yarışlarında uğurla çıxış edərək ölkəmizin adını daim uca tuturlar. Dünyada müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə Avropa çempionatı ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Azərbaycanda isə idman hərəkatının inkişafı birbaşa Prezident İlham Əliyevlə bağlıdır.

Açıklama yok.
Müstəqilliyin ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət və laqeyd münasibət digər sahələr kimi, idman komplekslərinin dağılmasına, tanınmış idmançılarımızın başqa dövlətlərin bayraqları altında beynəlxalq yarışlarda iştirakına, ölkənin idman potensialının məhvinə gətirib çıxarmışdı.
Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci il iyulun 31-də yeni mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Məhz bundan sonra idmançılarımız beynəlxalq yarışlarda uğurlar qazanmağa başladı. Elə o vaxtdan idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edir, uğur qazanırlar.
Dövlət başçısının yarışlardan sonra idmançıları qəbul edib, mükafatlandırmaq ənənəyə çevrilib. Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul etdi. Dövlət başçımız güləşçilərimiz təbrik edərək dərin məntiqli çıxış etdi:
“Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu münasibətlə ilk növbədə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.
Mən bilirəm ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar.”

Açıklama yok.
Prezidentin Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatından sonra idmançıları qəbul etməsi də bu diqqətin göstəricisidir. Millimiz Avropa çempionatında hər üç güləş növü üzrə uğurlu çıxış etdi. Yunan-Roma güləşi üzrə 2 qızıl, 1 gümüş və 2 bürünc, qadın güləşi üzrə 1 qızıl, 1 gümüş və 2 bürünc, sərbəst güləşdə isə 4 qızıl və 3 bürünc medal qazanıblar. Sərbəst güləşçilərimiz komanda hesabında Avropa çempionu oldu. Yunan-Roma güləşçilərimiz isə üçüncü yeri tutdu. Ümumilikdə 16 medal qazandıq. Azərbaycan 7 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq ümumi sıralamada birinci yeri tutdu. Bu da Azərbaycan güləşi tarixində rekord nəticədir.
Respublikamızda idmanın yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasını daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyadıb. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir.
Möhtərəm Prezidentimiz idmançıların böyük dostu və hamisidir.

Həzərxan Əbilov,
Azərbaycan Təhsil İşçiləri

Azad Həmkarlar İttifaqı

Xəzər rayon Komitəsinin sədri

Share: