İkinci Qarabağ müharibəsinin bir ili arxada qaldı. Bütün xalqımıza başucalığı gətirən bu tarixi hadisə haqqında hələ çox danışılacaq, ehtiramla yad olunacaq.
Sentyabrın 27-də Müzəffər Ordunun Ali baş komandanı, möhtərəm prezidentimiz İlham Əliyevin xalqa müraciətini hər bir azərbaycanlı qürurla qarşıladı. Çünki vədlərə əməl olunmuş, böyük qələbə qazanılmışdır. Ali baş komandanın çıxışını dinlədikcə çıxardığımız nəticələr bir nöqtədə cəmləşir. Baş Komandanın rəhbərliyi və xalqın dəstəyi ilə Milli Ordu dəmir yumruğa çevrilərək “Qarabağ Azərbaycandır!” şüarı altında böyük qələbəmizi reallaşdırmış, 44 gün davam edən müharibədə hərb tariximizin yeni şanlı səhifələrini yazmışdır. 300-ə yaxın yaşayış məntəqəsini əhatə edən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut və Suqovuşan qəsəbələri, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər qanlı döyüşlərlə azad edilmiş, bu qələbələrdən sonra düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etməyə məcbur edilmişdir. Azərbaycanın əsgər və zabitləri PUA-sız, topsuz, mərmisiz igidlik və qəhrəmanlıq nümayiş etdirərək 1500-1800 metr yüksəklikdə faktiki olaraq əlbəyaxa döyüşlər apararaq qala şəhəri olan Şuşanın azad edilməsi əməliyyatını keçirib Qarabağ müharibəsində qələbəni təmin etmişlər. Dünya mediasında işıqlandırılan döyüş əməliyyatları, yeni döyüş üslubları, pilotsuz uçan aparatlar vasitəsilə düşmənə endirilən sarsıdıcı zərbələr, Şuşa əməliyyatı bir çoxlarını heyrətə gətirmişdir.
Əldə olunmuş Böyük Qələbədə Silahlı Qüvvələrimizin bütün qoşun növlərinin öz payı olmuşdur. Ərazilərimizin azad olunmasında yüksək peşəkarlıq nümayiş etdirmiş Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə yanaşı, Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələrinin, Daxili Qoşunların, Təhlükəsizlik Xidmətinin, Kəşfiyyat Xidmətinin, Naxçıvan Ordusunun da xüsusi qüvvələrinin böyük rolu olmuşdur.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.
Milli Ordumuz hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olmaqla bərabər bundan sonra da daim təkmilləşib güclənəcək, Vətənin keşiyində daha da möhkəm və mətin duracaqdır.
Xəzər rayon Təhsil işçiləri adından;
Həzərxan Əbilov.