Prezidentin son müsahibəsini həqiqətən də inqilabi müsahibə kimi dəyərləndirmək olar. – Əlisahib Hüseynov

Prezidentin son müsahibəsini həqiqətən də inqilabi müsahibə kimi dəyərləndirmək olar. – Əlisahib Hüseynov
Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilmiş binasının açılışı ilə bağlı tədbir çərçivəsində tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi geniş müsahibəni mən tərəddüd etmədən inqilabi müsahibə adlandırardım. Nə üçün belə düşünməyimin izahını bu yazının gedişində, qarşıdakı abzaslarda açıqlayacağam. Dövlət başçısı sözügedən müsahibəsində ölkəmiz üçün, Qarabağımızın bu günü və gələcəyi üçün, Şuşamız üçün mühüm əhəmiyyət kəsb edən bir sıra vacib məsələlərə toxundu. Ancaq təəssüflər olsun ki, bir çox insanlarımız (xüsusən də blogerlər və radikal müxaliflər) Prezidentin çıxışının məhz Şuşa və məmurlarla bağlı hissəsini önə çəkməyə, qabartmağa çalışırlar. Və bununla da elə bir yanlış təsəvvür yaradılmağa çalışılır ki, sanki dövlət başçısının həmin çıxışı yalnız bu məsələyə həsr edilibmiş. İnternet televiziyaları, Yutub kanalları isə baxış sayı çox olsun deyə, canlı yayım rejimində təşkil etdikləri debatlara mümkün qədər cəlbedici, qışqırdıcı adlar, başlıqlar qoyurlar ki, məhz bu yolla diqqət cəlb etsinlər. Hətta sözügedən kanallardan biri sırf Prezidentin tənqid etdiyi məmurların istefa verib-verməyəcəkləri barədə debat da təşkil etmişdi. Hal bu ki, Prezidentin məlum müsahibəsində bundan daha vacib məsələlərə toxunulmuşdu. Gəlin həmin məsələlərdən birinə birlikdə nəzər salaq.
Belə ki, cənab Prezident müsahibəsində “COVID-19”la mübarizənin nəticələrindən və indi dünyada və Azərbaycanda yeni bir mərhələnin – kütləvi vaksinasiyanın başlanmasından danışarkən dünyanın inkişaf etmiş aparıcı ölkələri ilə kasıb ölkələrinin arasında vaksin dozlarının ədalətsiz bölgüsü, paylanması məsələsinə də toxundu və dünyada BMT-dən sonra ikinci mötəbər beynəlxalq təşkilatın – Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu cür ədalətsiz bölgüyə qarşı tənqidi mövqeyini ortaya qoydu. İlham Əliyev tamamilə haqlı olaraq soruşdu ki, əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək?
Prezident Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu istiqamətdə gördüyü və görə biləcəyi işlərdən danışdı: “Biz Qoşulmama Hərəkatının sədri olaraq və öz bəyanatlarımıza sadiq qalaraq artıq dünya arenasında bu məsələni qaldırırıq. Mən sədrliyi öz üzərimə götürərkən demişdim ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək və biz bunu edirik. Bu iki Zirvə görüşünün və bir xüsusi sessiyanın keçirilməsi onu göstərir ki, biz özümüzü bu sahədə də məsuliyyətli ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb. Ona görə, bax, bu məsələlər haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik”.
Azərbaycan Prezidenti həmçinin Qoşulmama Hərəkatının sədri kimi Kanadanin və bir sıra difər böyük dövlətlərin peyvəndlərin dünya üzrə bölgüsü məsələsində eqoist və neomüstəmləkəçi mövqe tutmasını açıq mətnlə qeyd etdi. İlham Əliyevin bu sözləri kifayət qədər cəsarətli və ifşa xarakterli açıqlamalardır: “Bir misal da gətirə bilərəm. Bu yaxınlarda verilən məlumata görə Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayrakdar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraqlarını təmin edirlər.
Bu, sadəcə olaraq, bu xəstəliklə bağlı olan məsələ deyil. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır. Azərbaycan – Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səssiz qalmır və qalmayacaq. Bu gün mən bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək”.
Prezidentin toxunduğu bu məqam hazırki dünya düzənininin ədalətsiz mahiyyətini açıb üzə çıxarmaq baxımından olduqca vacibdir. Bu acı həqiqətləri, əlavə şərhə ehtiyacı olmayan gerçək faktları dünyanın aparıcı güclərinin üzünə söyləmək istənilən liderdən, istənilən dövlət başçısından həqiqətən də böyük cəsarət tələb edir. İlham Əliyevdə belə bir cəsarətli xarakter, belə bir mübarizə performansı var. Bu cür fikirləri heç də hər lider səsləndirə bilmir. İlham Əliyev özünü Qoşulmama Hərəkatının – 120 dövlətin bir amal uğruna birləşdiyi nüfuzlu dünya təşkilatının lideri ampluasına layiq şəkildə aparır. Azərbaycan Prezidenti gerçəkdən də bir dünya lideri kimi çıxış edir. O, bu postun (Qoşulmama Hərəkatının sədri vəzifəsinin) rolunu, məsuliyyətini və missiyanı anladığı üçün və özünü bu missiyanı yerinə yetirməyə hazır olduğunu bildiyi üçün bir dünya lideri kimi çıxış edir.
İstər Qoşulmama Hərəkatının üzv dövlətlərinin rəhbərləri və siyasi elitaları, istərsə də neomüstəmləkəçi, neoimperialist davranış sərgiləyən bəzi super güclərin dövlət və hökumət başçıları Azərbaycan Prezidentinin 1 fevral tarixli sözügedən müsahibəsinin “COVID-19” və vaksinasiya ilə bağlı hissəsini hələ bundan sonra çox müzakirə edəcəklər. Çünki İlham Əliyev bu fikirləri gəlişigözəl sözlər kimi və yaxud sadəcə nitq söyləmək xatirinə səsləndirməyib. İlham Əliyevin Qoşulmama Hərəkatının lideri kimi səsləndirdiyi bu fikirlər (bu ittihamlar) düşünmək üçün səsləndirilib, təhlil etmək və düzgün nəticələr çıxarmaq üçün səsləndirilib, beynəlxalq münasibətlərdə hökm sürən mövcud ədalətsizliklərə, “ikili standart”lara son qoymaq üçün dilə gətirilib. Bu mənada, İlham Əliyevin məlum müsahibəsi sıradan bir müsahibə yox, proqram xarakterli müsahibədir. Hətta bir qədər də irəli gedərək deyə bilərəm ki, bu müsahibə dünyanın ən böyük iqtisadiyyatlarına malik olan ölkələri üçün qlobal çağırışlara münasibətdə və humanitar fəlakətlərə qarşı yanaşmada qeyri-bərabərsizliyə, monopolistliyə, eqoistliyə, sömürgəçilik psixologiyasına son qoymaq baxımından sözün əsl mənasında bir “yol xəritəsi”dir. İlham Əliyev zəngin ölkələrin başbilənlərinə bu müsahibəsi ilə açıq şəkildə ismarıc göndərir ki, sizin aranızda olan bu ixtilaflar istehsalçılara da mənfi təsir göstərir, bir çox ölkələrin vətəndaşlarını bu vaksinlərdən məhrum edir. Ondan başqa, bu, dünya ölkələri arasındakı inamsızlığı da alovlandırır. Qoşulmama Hərəkatının sədri olaraq İlham Əliyev bununla zəngin ölkələrin liderlərinə açıq çağırış edir, onları bu cür destruktiv, qeyri-humanist davranış və siyasətdən imtina etməyə dəvət edir. Bu mənada, İlham Əliyevin bu müsahibəsi dünyanın dərdlərini bilən, beynəlxalq siyasətdəki tendensiyaları düzgün qavrayan, qlobal çağırışları və təhdidləri ayıq-sayıq dəyərləndirən bir liderin müsahibəsidir.
Mən Prezidentimizin mövcud dünya reallıqlarını bu cür geniş miqyasda və vizyonda alqılayıb analitik təhlil süzgəcindən keçirməsi, hazırki beynəlxalq münasibətlər sistemindəki “xəstəlik”lərə təcrübəli siyasətçi və peşəkar diplomat olaraq obyektiv diaqnoz qoyması ilə gerçəkdən də qürur duydum. Onun fürsətdən istifadə edib Kanadanın 44 günlük Vətən müharibəmiz dönəmində ermənipərəstlik etməsini və şərin (Ermənistanın) yanında yer almasını, o cümlədən, “Bayraktar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymasını qeyd etməsi də diqqətimizdən yayınmadı. İlham Əliyevin bu faktları olduğu kimi qeyd etməsi Kanada dövlətinin “üz”ündəki maskanı cırıb ayaqlar altına atmaq, Kanadanın ermənipərəst mövqeyini ifşa etmək anlamına gəlir.
Azərbaycanın dövlət başçısı bu mövqeyi ilə həm də özünün beynəlxalq siyasi proseslərdə aktiv iştirakının yeni mərhələsinə start vermis oldu. Bu, Qoşulmama Hərəkatının tarixində yeni səhifənin açılması deməkdir. Hərəkat vaxtilə Cəvahirləl Nehru, Cəmal Abdulnasir, Sukarno, Broz Tito nüfuzlu tarixi şəxsiyyətlər tərəfindən təsis olunsa da, lakin bipolyar sistemin (sovet-amerikan qarşıdurmasının) çöküşündən sonra, yəni son 30 ildə Qoşulmama Hərəkatının mövqeyində və fəaliyyətində sönüklük, passivlik yaranmışdı. Bu da ilk növbədə Hərəkata parlaq siyasi liderlərin başçılıq etməməsindən, qlobal proseslərdə haqqı, ədaləti, bərabərliyiı müdafiə edən liderlərin mövcud olmamasından qaynaqlanırdı. Məhz bu səbəbdən irəli gələrək Hərəkat ümumdünya müstəvisində qlobal ədalətsizliklərə, yeni müstəmləkəçilik və diskriminasiya siyasətinə, irqi və dini ayrı-seçkiliklərə, ksenofobiyaya, neofaşizm meyllərinə qarşı fəal çıxış edə bilmirdi, effektiv mübarizə aparmırdı. Lakin Azərbaycanın 2019-cu ildə Qoşulmama Hərəkatına sədr seçilməsi ilə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki çəkisi və nüfuzu yenidən artmağa başlayıb. Bu, danılmaz bir həqiqətdir.
44 günlük müharibədə Qarabağın erməni işğalından azad edilməsi ilə Azərbaycanın haqlı mövqeyini ortaya qoyan İlham Əliyev dövlət televiziyasına verdiyi bu son müsahibəsində super dövlətlərin vaksinasiya məsələsində zəif inkişaf etmiş ölkələrə münasibətdə nümayiş etdirdikləri ədalətsiz və qeyri-humanist mövqeyi ilə bağlı səsləndirdiyi etiraz xarakterli fikirləri ilə göstərdi ki, Azərbaycan lokal miqyasda – Cənubi Qafqaz bölgəsində erməni ədalətsizliyinə, Ermənistanın faşizm siyasətinə qarşı barışmaz mübarizə apardığı kimi qlobal miqyaslı beynəlxalq məsələlərdə də daim haqsızlığa, hegemonluğa, ekspansionizmə qarşı prinsipial mövqe tutacaq. Cənubi Qafqazda, Qarabağda haqqı, tarixi ədaləti bərpa edən Azərbaycan beynəlxalq siyasi-iqtisadi proseslərdə də daima haqqın, haqlının yanında duracaq. İlham Əliyev son müsahibəsində bunun anonsunu verdi. Məhz bu aspektdən yanaşdıqda sözügedən müsahibəni həqiqətən də inqilabi müsahibə kimi dəyərləndirmək olar.
(ardı var)
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Müstəqil.Az
Share: