Prezidentin yunan səfirlə görüş zamanı etdiyi çıxışından qürur duydum

Bu sözü tam əminliklə nəinki günün sözü, həta ilin sözü də hesab etmək olar. Söhbət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən qardaş Türkiyə ilə bağlı səsləndirdiyi fikirdən, sözdən gedir:“Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”.

 

Mən dövlət başçımızın bu sözündən və ümumiyyətlə bütövlükdə yunan səfirlə görüş zamanı etdiyi çıxışından həqiqətən də qürur duydum. Prezident İlham Əliyev bu çıxışında abstrakt ifadələri və süni diplomatik nəzakət tonunu bir kənara qoyub məlum ölkənin səfiri ilə kifayət qədər açıq söhbət etdi və ona ölkəsinin – Yunanıstan hökumətinin yürütdüyü qərəzli və qeyri-adekvat siyasətlə bağlı iradlarını bildirdi. Yunanistanin işğalçı Ermənistanla əməkdaşlıq etməsi açıq mətnlə səfirin diqqətinə çatdırıldı.

İlham Əliyevin səfirlə söhbətində qardaş Türkiyə ilə bağlı səsləndirdiyi fikirləri isə tarixə damğa vuran fikirlər kimi qiymətləndirirəm. Ölkə başçımız Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu təkcə yunan səfirə deyil, bütövlükdə hər kəsə bəyan etdi:“Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

İlham Əliyevin bu çıxışı sıradan bir çıxış deyildi. Bu çıxış tarixdə böyük qətiyyət və siyasi iradə nümunəsi və nümayişi kimi qalacaq. Bir-birinə qardaş deyən ölkələrin liderləri həlledici məqamlarda məhz bu cür prinsipial mövqe sərgiləməli və qardaş ölkələri müdafiə etməlidirlər. Və təkcə Azərbaycanla Türkiyə deyil, digər türk cümhuriyyətləri də həm Türkiyə və Azərbaycanı, həm də bir-birilərini bax belə dəstəkləməlidirlər. Lakin təəssüflər olsun ki, Orta Asiyanın türkdilli respublikaları (Qazaxıstanı çıxmaq şərtilə) indiyə qədər nə Qarabağ məsələsində, nədəki Ermənistanın qondarma “soyqırımı” ittihamına qarşı mübarizədə Azərbaycan və Türkiyəyə hər hansı bir dəstək verməyiblər. Ancaq indi birlik, həmrəylik zamanıdır. Türk Şurasına daxil olan ölkələrin hər biri lazımi anlarda iradə və cəsarət nümayiş etdirməli, bir-birinə həm siyasi, həm də mənəvi dəstək verməlidirlər. İlham Əliyev dünənki çıxışı ilə bir daha bu dəstəyin real nümunəsini ortaya qoydu. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsi də tam içdən gələn, səmimi türklük duyğusundan doğan bir addım oldu. Mövlud Çavuşoğlu ilə bərabər, biz də cənab Prezidentimizə bu möhtəşəm çıxışına və qətiyyətli mövqeyinə görə təşəkkür edirik. İlham Əliyevin səsləndirdiyi fikirlər qardaşlığın və həmrəyliyin təntənəsi idi.

Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Share: