Filologiya elmləri doktoru, Professor İsmayıl Kazımov və yazıçı Sadıq Qarayev.
Dİlçi- YAZIÇI DİSKURSU
Bir yazıçı kimi əsərlərinizin dili üzərində necə işləyirsiniz?
– Xüsusi işləmirəm. Çalışıram ki, yabanı, mübahisəli bildiyim söz və terminlərdən istifadə etməyim.
Dilin gözəlliyi bədii əsərdə necə hiss edilməlidir?
– Sadə, xalqın çoxluğunun başa düşə biləcəyi sözlər, qısa cümlələrdə çox və aydın başa düşüləsi fikirlər öz əksini tapmalıdır.
Fikir və düşüncələrinizin daha təsirli ifadə edilməsi üçün hansı dil və nitq hissələrindən istifadə edirsiniz?
– Atalar sözlərindən, fikrə uyğun nitq hissələrindən.
Yazdığınız əsərlərdə dil faktı, dil hadisəsi və dili inkişaf etdirmək bacarığı necədir?
– Oxucular, xüsusilə dilçi alimlər və tənqidçilər bu suala daha dolğun cavab verə bilərlər. Məncə hər bir orta səviyyəli yazıçı dili az- çox inkişaf etdirir. Onu deyim ki, zənnimcə müəllifi olduğum romanları eyni məzmunda, digər xalqların yazıçıları yazsaydı, daha zəif olardı. Bu elə bizim dilimizin mükəmməl mahiyyət faktıdır.
” Bədii dil fenomeni” ifadəsini necə başa düşürsünüz?
– Hər bir xalqın ədəbiyyatında , zamanı aşa bilən dəyərlərində dil fenomeni əsasında yazıçının idrak və təfəkkürünun vəhdətindən bədii dil mahiyyəti yaranır. Müəllifin və əsərin bədii gücünün nüvəsini təşkil edir.
Bədii mətni quranda hansı vasitələr köməyinizə çatır?
– Müxtəlif elm sahəsi üzrə, xüsusilə riyaziyyat, biologiya, fizika və kimya elm sahələri üzrə biliklər. Real gördüyüm hadisələr, eşidib, oxuduqların. Ən çox düşüncə və fantaziyalarım. Fikir kəndirinin uclarını tərpədəndə, sözlərin ardıcıl, dalğavari rəqsləri alınır. Və ya əksinə.
Qurduğunuz mətnlərdə intonasiya dinamikdir, ritmikdir, necə etmisiniz, bu uğurun əldə edilməsində?
– Xüsusi nəsə etməmişəm.İlham pərisi, həvəs və s. kimi fikirlərə inanmıram. Bu cür alınırsa, məntiqə borcluyam. Bir də, həmişə ciddi nəsə yazmağa başlayanda ALLAHDAN yeni fikir, ideya istəmişəm. Atamın dediyi “yazanda, danışanda çeynənmiş sözlərdən istifadə etmə. Gün dəyməmiş fikir, söz de, ya da sus”- nəsihəti köməyimə gəlir.
Tanınmış yazıçı kimi dilimizə münasibətiniz.
– Dilimiz qəhrəmandır. Dilimiz həqiqət, elm yüklü, üfüqləri geniş, zirvələri uca, mənası dərin, səmavi dildir. Çox uzatmaycam, sadəcə olaraq, əsrlər boyu imperiya dillərinə nəinki qalib gəlmiş, əriməmiş, əksinə, onlara təsir etmişdir. Güclü hücumlara məruz qalsa da, tənəzzül etməmiş, təkamül etmişdir. Bu gün də qloballaşmanın nəhəng dalğaları yaxın tarixdə bir çox dilləri aşındıracaq, qəti əminəm ki, dilimizə zərər verə bilməyəcək. Bilirsiniz niyə? Dil millətin öz mahiyyətindən ucalan şölədir. O ocaq yanırsa, milli kimlik yaşayırsa, dil də yaşaycaq. Əksinə, dil yaşayırsa, milli kimlik yaşayır. Bunlar dalğavari prosesdirlər, bir- birlərini doğrurlar. Dilimiz elə anamız, Azərbaycanımızdır.
Bədii informasiyanıın ötürülməsi və dilin bədii modellərinin yaradılması prosesində müəyyən çətinliklərlə üzləşmisinizmi?
– Xeyir. Məncə heç bir xalqın yazıçısı bu çətinliklə üzləşməz. Sən nə qədər dahi, kəşkaşani olmalısan ki, düşüncələrini ifadə etmək üçün bir millətin əsrlərə yaratdığı dil aciz olsun? Bu absurddur. Tarixdə məncə buna yeganə misal Quranın mətnindəki ərəb dili ilə o vaxta qədərki ərəb dili arasındakı fərqi göstərmək olar. Yəni , adi ərəb dili bu mahiyyəti tam aça bilmirdi. Yerdə qalan istənilən yazıçının fikirini onun ana dili ifadə edə bilər. Bilmirsə, demək dil özü bundan imtina edir, istəmir))
Həqiqi proza ( nəsr) poeziyadır. Sizin romanlarınızda bu- açıq aydın hiss edilir.
– Belədirsə, sevinərəm. Həm də həqiqi poeziya nəsr olmalıdır. Yəni bir aydın süjet xətti, məntiqi olmalıdır. Biletdən başlayıb, baletdə bitməməlidir .
Hər dövrün öz tənqidçiləri olur. Öncə tənqidçilər öz milli ruhu, mübarizlik və döyüşkənliyi ilə gələcəyə, necə deyərlər, yol açmışlar, iz qoymuşlar. İndiki tənqidçilər necə?
– O dövrün tənqidçilərinin yazılarını oxumamışam. İxtisasım biologiyadır. Siz deyirsinizsə, inanıram ki, belə olub. Sizin bu suallara da çətinliklə cavab yazdım. Bilirəm cavablarda qüsurlarım çoxdur, Siz, alimlər, yazarlar, oxucular üzürlü saysınlar. İndiki tənqidçilərdən çox azını tanıyıram. Və yazılarını az oxumuşam, onlar haqqında nəsə söz demək üçün, lazımdır ki, nə yazdıqlarını, demək istədiklərini ardıcıl, ciddi oxuyaq.
12.03.2021.
Söhbətləşdi:
Sadıq Qarayev
Müstəqil.Az