Professor Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ilə əlaqədar “Xeyirxahlıq mücəssəməsi” adlı monoqrafiyası çap olunub
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Turanın Xalq Şairi Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ilə əlaqədar “Xeyirxahlıq mücəssəməsi” adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiya Ədəbiyyat İnstitutu Elmi Şurasının 6 aprel 2022-ci il tarixli (3 saylı protokol) qərarı ilə nəşr edilib.
Maarifpərvər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin (1823–1924) anadan olmasının 200 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və cənab Prezident İlham Əliyevin Sərəncamı ilə bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda və respublikamızda qeyd edilməsi təsdiq edilib. “XEYİRXAHLIQ MÜCƏSSƏMƏSİ” adlı kitabda xalqımızın böyük oğlu, xeyriyyəçi, əbədi sevgi qazanmış, məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin həyat salnaməsi, onun sahibkarlıq və ictimai fəaliyyəti, maarifə və mətbuata dəstəyindən söhbət açılır.
Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Ön sözün müəllifi Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ülkər Hüseynovadır. Rəyçiləri isə Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu, Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar jurnalist Vüqar Qaradağlı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlidir.
Kitab sağlığında “millət atası”, “müsəlmanlığın fəxri” adlarını qazanmış böyük şəxsiyyətlə maraqlananlar üçün faydalı olacaqdır. Bu monoqrafiya görkəmli şəxsiyyət Hacı Zeynalabdin Tağıyevin yubileyinə ilk ərməğandır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi